Kommunal sahədə “bir pəncərə” dövrü başlayır
Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının yaradılması istiqamətində atılan addım ölkədə rəqəmsal idarəetmənin dərinləşdirilməsi və xidmətlərin mərkəzləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Bu təşəbbüs müxtəlif kommunal qurumlar arasında məlumat parçalanmasının aradan qaldırılması, abonent məlumatlarının daha dəqiq və operativ idarə olunması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi daşıyır.
Mövcud şəraitdə ayrı-ayrı qurumların fərqli məlumat bazalarından istifadə etməsi həm texniki, həm də inzibati problemlərə yol açırdı. Vahid sistem isə bu çatışmazlıqları aradan qaldırmaqla yanaşı, şəffaflığın təmin olunmasına, sui-istifadə hallarının minimuma endirilməsinə və dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradır.
Bu baxımdan, belə bir addımın zəruriliyi uzun müddətdir hiss olunurdu və onun reallaşdırılması rəqəmsal transformasiya prosesinin məntiqi davamı kimi çıxış edir.
Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi formalaşdırılması ümumilikdə müasir rəqəmsal idarəetmə baxımından məntiqi və zəruri addımdır:

"Çünki rəqəmsal iqtisadiyyat və effektiv dövlət idarəçiliyi üçün vahid məlumat bazası əsas şərtlərdən biridir".
R.S.Abdullayeva qeyd edib ki, ölkəmizdə parçalanmış məlumat problemi mövcuddur:
"Hər qurumun öz bazasına malik olması eyni abonent üzrə məlumatlarda uyğunsuzluqlara səbəb olur, borcların, ödənişlərin və istehlakın tam izlənməsini çətinləşdirir.
Eyni zamanda, müxtəlif qurumlara ayrıca müraciət və sənəd təqdim edilməsi vətəndaşlar üçün əlavə inzibati yük yaradır. Dəqiq məlumatların məhdudluğu isə effektiv qərar qəbuletməni çətinləşdirir.
Bu sistem düzgün formalaşdırıldığı təqdirdə dövlət idarəçiliyində məlumat əsaslı qərarvermə güclənəcək, tranzaksiya xərcləri azalacaq və resursların daha səmərəli bölgüsü təmin olunacaq.
Bununla yanaşı, elektron hökumət xidmətlərinin inteqrasiyası sürətlənəcək, “bir pəncərə” prinsipi geniş tətbiq olunacaq, vətəndaşlar üçün ödənişlərin və borcların vahid platforma üzərindən izlənməsi imkanları genişlənəcək.
Bununla yanaşı, kibertəhlükəsizlik riskləri, şəxsi məlumatların qorunması və müxtəlif sistemlərin texniki inteqrasiyası kimi problemlər də mövcuddur. Bu risklərin minimallaşdırılması institusional və hüquqi mexanizmlərin gücləndirilməsini tələb edir".
Ekspert vurğulayıb ki, vahid abonent bazasının səmərəliliyi onun tətbiqinin texniki keyfiyyətindən, hüquqi tənzimləmədən və idarəetmədə şəffaflığın təmin olunmasından birbaşa asılıdır".
Ayhan
14:40 06.04.2026
Oxunuş sayı: 1484