Azərbaycan və Gürcüstan Vəkillər kollegiyaları arasında Memorandum imzalanıb
Gürcüstan Vəkillər Kollegiyasının (GVK) sədri İrakli Kandaşvili aprelin 1-2-də Azərbaycanda rəsmi səfərdə olub və səfər çərçivəsində Azərbaycan ilə Gürcüstan Vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasından (AVK) məlumat verilib.
Bildirilib iki, sənəd peşəkar təcrübə, metodiki tövsiyələr, vəkillik sahəsində məlumat mübadiləsi, tərəflər arasında birgə konfransların, seminarların, praktiki məşğələlərin, işçi görüşlərin təşkili və keçirilməsi, həmçinin digər mümkün diskussiya meydançalarında vəkillik məsələlərinin müzakirəsini nəzərdə tutur.
Qeyd edək ki, dəfərin ilk günündə Azərbaycanın Baş prokuroru Kamran Əliyev İrakli Kandaşvili ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilən islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiləsi aparılıb.
GVK-nın sədri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla da görüşüb. Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Aprelin 2-də isə AVK-da İrakli Kandaşvili ilə görüş keçirilib.
VK sədri Anar Bağırov qonağı səmimi salamlayaraq Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İrakli Kandaşvili GVK ilə VK arasında formalaşmış əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib.
Daha sonra qonaq AVK-nın Hüquqi Yardım Mərkəzi ilə Tədris Mərkəzini ziyarət edərək yaradılmış iş şəraitləri ilə yaxından tanış olub.
Həmçinin İrakli Kandaşvili səfər zamanı "Kamandar Nəsibov və Partnyorları" Vəkil Bürosunun inzibati binası ilə tanış olub. Nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, AVK-nın dəstəyi ilə dünyada ilk dəfə "Dünya vəkil cübbələri və atributları" sərgisi keçirilib və muzeyi yaradılıb.
Bundan əlavə, qonaq Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, burada xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb.
Eyni zamanda İrakli Kandaşvili ADA Universitetində qonaq olub. Universitetdə sədr Azərbaycanın hüquq tələbələri üçün "Effektiv və keyfiyyətli məhkəmə sistemində vəkilin rolu" mövzusunda mühazirə ilə çıxış edib.
21:41 02.04.2026
Oxunuş sayı: 46