Aprel döyüşləri "keçilməz" müdafiə xətti mifini alt-üst etdi
Azərbaycanın yaxın hərbi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilən Aprel döyüşlərindən artıq 10 il ötür.
2016-cı ilin aprelində cəbhə xəttində baş verən və cəmi dörd gün davam edən bu döyüşlər təkcə hərbi uğurla deyil, həm də ordunun gücünün, xalqın birliyinin və dövlətin qətiyyətinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin hadisələr uzun illər davam edən status-kvonu dəyişdirərək, gələcək böyük zəfərlərin əsasını qoyan mühüm mərhələ kimi tarixə düşüb.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-la fikirlərini bölüşüb:

"Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən artıq 10 il ötür. 2016-cı ilin 2–5 aprel tarixlərində baş verən döyüşlər zamanı düşmənin törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Uzun illər işğal altında saxlanılan bir sıra strateji ərazilər – Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, eləcə də Tərtər rayonunun Qazaxlar və Madaqiz istiqamətində mühüm mövqelər azad edildi. Ümumilikdə isə 2000 hektardan artıq ərazi işğaldan təmizləndi.
Dörd gün davam edən bu döyüşlər Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdı və tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk olundu. Qazanılan zəfər bir daha göstərdi ki, Azərbaycan əsgəri yüksək döyüş hazırlığına, möhkəm mənəvi-psixoloji iradəyə və sarsılmaz qələbə əzminə malikdir".
Deputatın sözlərinə görə, bu uğur həm dövlətimizin gücünü, həm ordumuzun qüdrətini, həm də xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi:
"Eyni zamanda, Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiqlədi.
Aprel döyüşləri 2-ci Qarabağ müharibəsində əldə olunan zəfərin başlanğıcı idi. Aprel döyüşləri uzun illər “keçilməz” hesab edilən müdafiə xətti barədə yaradılmış mifləri də tamamilə alt-üst etdi.Bu qələbə ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, Silahlı Qüvvələrə göstərilən davamlı diqqət və qayğının, həmçinin əsgər və zabitlərimizin peşəkarlığının və yüksək vətənpərvərlik ruhunun nəticəsi idi. Xalq–ordu birliyi isə bu uğurun əsas dayaqlarından biri oldu.Aprel zəfəri sonrakı böyük qələbələrin başlanğıcı kimi tarixə düşdü. Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpasına şərait yaratdı və bununla da məcburi köçkünlərin doğma torpaqlara qayıdışının təməli qoyuldu. Bu proses sonradan daha geniş miqyas alaraq böyük qayıdışın başlanğıcına çevrildi. Aprel döyüşlərindən sonra xalqın mübarizə əzmi daha da gücləndi. Bu ruh 44 günlük Vətən müharibəsində özünü tam şəkildə göstərdi və “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ardınca 2018-ci ildə Naxçıvan istiqamətində uğurlu əməliyyatlar, 2020-ci ildə Tovuz hadisələri zamanı göstərilən qətiyyət və nəhayət, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi. Bu gün hər birimiz böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı zəfərlərindən birinə imza atdı və ədaləti bərpa etdi".
Fatimə
11:05 02.04.2026
Oxunuş sayı: 342