Baba və nəvə yanaraq öldü
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.
Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
"Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50 kv.m olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Cəmallədin Həsənağa oğlu Abdullayevin və 2024-ci il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyitləri aşkar edilib.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə FHN-in xəbərində bildirilib.
15:33 01.04.2026
Oxunuş sayı: 2645