Oğlanlar niyə “yumşalır”? - yeni nəslin problemi
Son vaxtlar cəmiyyətdə diqqət çəkən məqamlardan biri də bəzi valideynlərin oğlan uşaqlarına yanaşma tərzidir.
Belə ki, bir sıra hallarda oğlanlar kiçik yaşlardan həddindən artıq yumşaq və qoruyucu mühitdə böyüdülür.
Bu yanaşmanın nəticəsi isə illər keçdikcə daha aydın görünür. Belə uşaqlar böyüdükcə davranışlarında fərqli xüsusiyyətlər formalaşır: tez küsən, həssas, məsuliyyətdən yayınan və daha çox emosional reaksiya verən gənclər ortaya çıxır.
Eyni zamanda, bu təsir onların xarici görünüşündə və davranış üslubunda da özünü büruzə verir. Saçların uzadılması, özünüifadədə daha yumşaq üslubun seçilməsi, bəzi hallarda isə qeyri-ənənəvi davranışlara meyl kimi nüanslar diqqətdən yayınmır.
Mövzu ilə bağlı Crossmedia.az-a fikirlərini bildirən sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimovun sözlərinə görə, ailə tərbiyəsində demək olar, bir çox xüsusiyyətlər meydana çıxıb ki, onlar əvvəlki illərlə müqayisədə fərqlidir:
"Xüsusən də, uşaqların tərbiyəsi məsələlərində, onların gələcəkdə oğlan və qız olaraq cəmiyyətdə öz sosial rollarını ifadə etməsində bu fərqi görürük.

Nəzərə almalıyıq ki, bu kimi hallar, yəni oğlan uşaqların tərbiyəsi məsələləri əvvəllər ənənəvi olaraq ailədə kişilər tərəfindən daha çox həyata keçirilirdi. Amma son zamanlar demək olar ki, bu mühit tamamilə dəyişib, xüsusən də, böyük şəhərlərdə bu rollar çox dəyişib.
Kənd yerlərində isə bu nisbət və davranış xüsusiyyətləri şəhər oğlan uşaqları ilə müqayisədə xeyli fərqlidir. Əslində bunun səbəblərini bir çox sosial amillərdə axtarmaq olar. Kişilər daha çox iş şəraiti ilə əlaqədar olaraq vaxt baxımından həm məktəbdə, həm məktəbdən sonrakı vaxtlarda uşaqlarla məşğul ola bilmirlər.
Digər tərəfdən isə bəzən ailədə hər iki valideyn işləyir və uşağa baxan yenə də qadınlar olur, hansısa bir dayə də qadın olur. Bütün bunların fonunda formalaşan oğlanlar fərqli xüsusiyyətləri ilə seçilməyə başlayır.
Onların davranışlarında əvvəlki ənənəvi xüsusiyyətlər azalır, tez incimək, küsəyənlik və tənbəllik kimi hallar yaranır. Daha sonra valideynlə bağlı münasibətlərdə müəyyən dərəcədə qızlara xas yumşaq keyfiyyətlər onlarda əks olunmağa başlayır.
Burada yumşaq keyfiyyətlər dedikdə, oğlan uşaqlarına xas olmayan məsələlər nəzərdə tutulur. Təbii ki, buna həm davranış, həm də ailədə tərbiyə məsələlərinin daha çox qadınların üzərinə düşməsi təsir edir. Orta təhsildə, ibtidai siniflərdə əsasən qadın müəllimlərin olması da bu prosesə təsir göstərir".
Sosioloq əlavə edib ki, qadın müəllimlər arasında çox peşəkar və keyfiyyətli təlim verənlər olsa da kişi ibtidai sinif müəllimlərinin sayı azdır:
"Qeyd etməliyik ki, bağça dövründə də uşaqlar əsasən qadınların əhatəsində olur. Bütün bunlar öz təsirini göstərir: daha çox ana tərbiyəsi, ana ətrafında olmaq, bağçada qadınların təsiri, məktəbdə qadın müəllimlər. Nəticədə bu kimi amillər oğlanların davranış normalarına, həyat tərzinə, məsələn, saç saxlamasına, musiqi seçiminə və digər istiqamətlərə təsir edir.
Filmlər və digər faktorlar da bu prosesdə rol oynayır. Bütün bunların nəticəsində ənənəvi formada oğlanlar yetişmir, daha yumşaq davranışlara malik və əvvəlki dövrlərdən fərqlənən yeni bir gənclik formalaşır.
Təbii ki, bu məsələ gender rolları ilə birbaşa əlaqəlidir. Çox zaman ailələr var ki, uşağın hər hansı şəkildə tənbeh olunmasını pis qarşılayırlar. Bəzən uşaqları zəhmətə alışdırmaq, ev daxilində müəyyən tapşırıqlar vermək istədikdə buna müdaxilə edirlər və uşağı daha çox əzizləyərək tərbiyəni öz üzərlərinə götürürlər.
Amma sonradan bu ailələr səhv etdiklərini anlayırlar. Çox əzizlənən, həddindən artıq ərköyün böyüyən uşaqlar sonradan gələcək ailə həyatlarında da uğursuzluqla üzləşə bilirlər. Xüsusən də, valideynə olan diqqət, qayğı və məhəbbət kimi məsələlər bir-biri ilə bağlıdır.
Belə uşaqlar bəzən öz valideynlərinə münasibətdə sevgi və etik dəyərləri dərindən ifadə edə bilmirlər. Nəticədə rollar dəyişir və bu dəyişikliklərin problemləri sonrakı nəsillərin yeniyetmə və gənclik dövründə daha aydın şəkildə üzə çıxır".
Fatimə
11:50 01.04.2026
Oxunuş sayı: 49