Bakı ətrafında torpaq niyə sürətlə bahalaşır? - səbəblər açıqlandı
Son vaxtlar Masazır, Xocəsən, Hökməli, Binəqədi və Sulutəpə kimi ərazilərdə torpaq qiymətlərində ciddi artım müşahidə olunur. Bu yüksəliş yalnız bazar tendensiyası deyil, həm də sosial və iqtisadi amillərlə bağlıdır. Əhali şəhərin mərkəzindən kənar ərazilərə yönəlir, böyük ailələr üçün ev və torpaq əldə etmək istəyir, kompensasiyalar və söküntü işləri bu hərəkəti sürətləndirir.
İqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. O qeyd edib ki, həmin bölgələrdə qiymətin bahalaşmasının səbəbi ondan ibarətdir ki, mərkəz və mərkəzə yaxın bölgələrdə qiymətlər daha kəskin və fantastik dərəcədə artıb:

"Yəni, o qiymətlər əlçatan deyil. Ona görə də bahalaşsa da, şəhər kənarı ərazilərdə torpaq qiymətlərini bazara uyğun almaq mümkündür, yəni əhali ala bilir. Əsasən də köçürmə davam edir, şəhərin mərkəz və mərkəzə yaxın hissələrində söküntü işləri gedir, alınan kompensasiyalar var və həmin kompensasiyalar ödənilərkən vətəndaşlar həmin şəhərin mərkəz və mərkəzə yaxın yerlərində ev və ya torpaq ala bilmədiklərinə görə şəhərdən kənar ərazilərdə torpaq alaraq böyük evlər, mənzillər tikməyə çalışırlar.
Məsələn, yaşayış evləri tikməyə çalışırlar, çünki böyük ailədir, 6-7 nəfərlə birlikdə ümumilikdə 2-3 mənzil almaq lazımdır, amma pul çatmır".
N.Cəfərli bu səbəbdən torpaq sahəsi alıb 8-10 otaqlı böyük bir ev tikərək bütün ailəni həmin evə yerləşdirməyə çalışdıqlarını vurğulayıb.
Fatimə
10:30 01.04.2026
Oxunuş sayı: 49