Tarixi faciələrin təkrarlanmaması üçün Cənubi Azərbaycanda baş verənlər diqqətlə izlənilməlidir - Alim
31 mart – Azərbaycan tarixinin ən faciəli və yaddaşlardan silinməyən səhifələrindən biridir. 31 Mart soyqırımı kimi tarixə düşən bu hadisələr 1918-ci ilin mart-aprel aylarında baş verərək minlərlə günahsız insanın qətlə yetirilməsi ilə nəticələnmişdir. Bu qırğınlar təkcə insan itkisi deyil, həm də xalqın milli yaddaşına vurulan ağır zərbə kimi qiymətləndirilir.
Bu baxımdan, hər il bu tarixin ildönümü yaxınlaşdıqca həmin hadisələrin mahiyyətini yenidən xatırlamaq, onları gələcək nəsillərə doğru şəkildə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, belə bir sual aktuallaşır: bu faciə bu gün lazımi səviyyədə təbliğ olunurmu, yoxsa onun beynəlxalq miqyasda tanıdılması üçün daha ciddi addımlara ehtiyac var?

Mövzu ilə bağlı tarixçi Faiq Ələkbərli Crossmedia.az-a açıqlama verib: "31 Mart – Azərbaycan xalqının tarixində ən kədərli və faciəvi günlərdən biridir. Bu hadisələrin xalqımızın başına gətirilməsi isə heç də təsadüfi olmamışdır. 1918-ci ilin mart ayının sonu və aprel ayının əvvəllərində baş verən bu qanlı hadisələr əvvəlcədən rus bolşevikləri və erməni daşnakları tərəfindən planlaşdırılmışdı. Həmin dövrdə Bakıda və ətraf bölgələrdə fəaliyyət göstərən Bakı Xalq Komissarları Soveti mövcud idi. Bu qurumun rəhbəri isə Stepan Şaumyan idi. O, zahirən bolşevik kimi çıxış etsə də, mahiyyət etibarilə daşnak ideologiyasına xidmət edirdi. Hələ 1918-ci ilin fevral ayında verdiyi açıqlamalarda azərbaycanlıların müstəqillik istəyinə qarşı çıxaraq, onları məhv etməyə yönəlmiş fikirlər səsləndirmişdi. Şaumyanın bu mövqeyi təsadüfi deyildi, çünki o, Vladimir Lenin tərəfindən Qafqaz üzrə komissar təyin olunmuşdu. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Salyanda və Lənkəranda minlərlə azərbaycanlı amansızlıqla qətlə yetirildi. Təkcə Bakıda on minlərlə insan öldürüldü. Bu qırğınların əsas məqsədi Azərbaycan xalqının müstəqil dövlət qurmasının qarşısını almaq idi. Hadisələr demək olar ki, Şimali Azərbaycanın bir çox bölgələrini əhatə etmişdi və rus bolşevikləri ilə erməni daşnakları bu cinayətləri birgə şəkildə həyata keçirmişdilər. Bütün bu faciələrə baxmayaraq, Azərbaycan xalqı mübarizədən geri çəkilmədi. Xalqın liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə qətiyyətlə bildirirdi ki, müstəqillik əldə olunacaq. Nəticədə, bütün çətinliklərə və qırğınlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması reallaşdı və xalqımız öz dövlətini qurdu".
Tarixçi əlavə edib ki, bu hadisələrin mahiyyətini araşdırarkən məsuliyyəti yalnız erməni daşnaklarının üzərinə yıxmaq doğru olmaz: "Tarixi faktlar göstərir ki, bu qırğınlar rus bolşevikləri ilə daşnak qüvvələrinin birgə fəaliyyəti nəticəsində baş vermişdir. Eyni hadisələr təkcə Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda – Urmiya, Xoy və Maku kimi bölgələrdə də təkrarlanmışdır. Bu faciələrin dərsləri yalnız ölkə daxilində deyil, dünya azərbaycanlılarına çatdırılmalıdır. Təxminən 55-60 milyonluq Azərbaycan xalqı bu tarixi unutmamalı, belə hadisələrin bir daha təkrarlanmaması üçün güclü olmağın vacibliyini dərk etməlidir. Söhbət yalnız 10 milyonluq Azərbaycan Respublikasından deyil, bütövlükdə dünya azərbaycanlılarının birliyindən və gücündən gedir. Çünki tarix göstərir ki, zəiflik yeni faciələrə yol aça bilər. Bu baxımdan, xüsusilə Cənubi Azərbaycanda, o cümlədən Urmiya bölgəsində baş verən proseslər diqqətlə izlənilməli, milli həmrəylik və dövlətçilik ənənələri daha da gücləndirilməlidir. Güclü dövlət və güclü milli şüur isə bu kimi faciələrin təkrarlanmasının qarşısını alan ən əsas təminatdır".
Ayhan
12:57 30.03.2026
Oxunuş sayı: 51