Bakıda yağışın fəsadları - zərərçəkənlərə kompensasiya veriləcəkmi?
Ötən gün Bakı şəhərində yağan güclü yağışlar nəticəsində bəzi ərazilərdə evləri su basıb. Nəticədə sakinlərin evlərindəki mebel və digər əşyalar yararsız hala düşüb, bəzi evlər isə demək olar ki, yaşayış üçün uyğun olmayan vəziyyətə gəlib.
Hazırda əsas sual isə açıq qalır: zərərçəkənlərin taleyi necə olacaq? Onlara dəymiş ziyan ödəniləcəkmi, yoxsa insanlar bu çətin vəziyyətlə təkbaşına mübarizə aparmalı olacaqlar?
Hüquq elmləri doktoru Vüsalə Əhmədova mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"Əgər ev əmlak sığortası ilə sığortalıdırsa, bu halda sığorta şirkətinə dərhal müraciət edilə bilər. Onda ziyanı sığorta şirkəti ödəyəcək.

Digər tərəfdən isə, əgər hadisə sel, daşqın və ya hər-hansı təbii fəlakət kimi qiymətləndirilsə və nəticədə çox sayda evə ciddi ziyan dəyibsə, dövlət büdcəsindən yardım və ya kompensasiya ayrılması mümkündür.
Burada vacib nüans, yerli icra hakimiyyətinə və ya Fövqəladə Hallar Nazirliyinə telefon və ya şəxsən ərizə ilə dərhal müraciət etmənin tələb olunmasıdır.
Müraciətdən sonra adətən rayon icra hakimiyyəti, FHN və ya xüsusi hökumət komissiyası evə baxış keçirir və rəsmi akt tərtib edərək ziyanın miqdarını müəyyənləşdirir. Bu sənəd olmadan kompensasiya almaq çox çətin olur.
Daha sonra, toplanan materiallar rayon rəhbərliyi tərəfindən hökumətə təqdim olunur. Bundan sonra kompensasiya verilməsi barədə qərar qəbul edilir. Kompensasiya adətən maliyyə yardımı və ya təmir üçün vəsaitin ayrılması, bəzən də tikinti materiallarının verilməsi və ya yeni ev tikilməsi şəklində həyata keçirilir".
Müsahib qeyd edib ki, kompensasiya məbləği sabit deyil və əsasən ziyanın dərəcəsinə, tikilinin qanuni olub-olmamasına, dövlət komissiyasının qərarına görə dəyişir:
"Hər vəziyyətdə kompensasiya alınması mümkün deyil. Məsələn, əgər ev sənədsiz tikilibsə (çıxarışı yoxdursa), qanunsuz tikilidirsə və ya torpaq sahəsi qanuni deyilsə, dövlət qeydiyyatından keçməyibsə, bu halda çox vaxt kompensasiya ödənilmir.
Həmçinin, əgər komissiya hesab etsə ki, ziyan ciddi deyil, məsələn, yalnız həyətə və ya xırda əşyalara ziyan dəyib, bu halda da dövlət yardımı ayrılmaya bilər".
Fatimə
11:28 30.03.2026
Oxunuş sayı: 143