Müasir müharibənin gizli gücü - aviadaşıyıcılar müasir müharibədə hansı rol oynayır?
Artıq keçmiş hərbi dənizçi kimi 100 ilə yaxın okeanlarda sahil dövlətlərə, bəzən sahildən uzaqda yerləşən ölkələrə dəhşət gətirən aviadaşıyıcı gəmi və kreyserlərin erası sona çatır. Alternativ olaraq, onların döyüş imkanları ciddi şəkildə məhdudlaşır. ABŞ- İsrail-İran müharibəsi göstərdi ki, aviadaşıyıcıların da daxil olduğu eskadraların döyüş əməliyyatı zonasına daxil olması artıq ciddi risk daşıyır.
Qeyd edək ki, ənənəvi təyyarələrin maksimal uçuş radiusu 1000 km-dən çox deyil. Amma müasir PUA və dronlar minlərlə kilometr məsafəni rahatlıqla qət edə bilir. Belə ki, əvvəllər təyyarədaşıyan gəmilər və onları müşayiət edən eskadralar raket və hava hücumundan müdafiə sistemləri ilə təmin olunurdu. Bu sistemlər mükəmməl işləyirdi: A nöqtəsindən havaya qalxan təyyarələri B nöqtəsinə çatana qədər qarşılayıb məhv etmək mümkündü.
İndi isə vəziyyət dəyişib. Ucuz PUA və dron hücumlarının bahalı raket sistemləri ilə qarşılanması sərfəli deyil. Eyni anda minlərlə PUA və drona qarşı effektiv əks tədbir həyata keçirmək mümkün deyil.
ABŞ-nin “USS Truman” və digər Nimitz/Ford sinfi aviadaşıyıcılar çox güclü eskadra ilə təchiz edilsə də, müasir döyüşdə PUA və dron hücumları onların əsas zəif nöqtəsinə çevrilib. Təyyarələrin maksimal uçuş radiusu 1000 km-dən çox deyil, amma PUA və dronlar minlərlə kilometr qət edə bilir və ucuz olmaları səbəbindən bahalı raket müdafiəsi ilə onları məhv etmək sərfəli deyil.Təsəvvür edək, 10 000 PUA və dron eyni vaxtda təyyarədaşıyıcıya yönəlsə, yalnız 10%-i hədəfə çatsa belə, 50 milyardlıq gəmi üçün on milyardlarla ziyan deməkdir. Beləliklə, aviadaşıyıcıların dəniz hökmranlığı artıq sona çatır və ya ciddi şəkildə yenilənməyə ehtiyac duyulur. Müasir döyüş meydanında üstünlük artıq yalnız böyük gəmilərin ölçüsündən deyil, onların dron və PUA qarşısında dayanıqlılığından asılıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, aviadaşıyıcılar müasir dövrdə də ən effektiv dəniz nəqliyyat vasitəsi kimi qəbul olunur:
"Təbii ki, aviadaşıyıcıların məqsədlərinə uyğun istifadə olunması və bu gün də onlara olan tələbatın çox olması, bundan sonra da qarşıya qoyulan məqsədlər üçün istifadənin vacibliyini və zəruriliyini göstərir.
Əlbəttə, aviadaşıyıcılar həddindən çox baha və çox vəsait tələb edən nəqliyyat vasitəsidir. Ona görə də, bu nəqliyyat vasitəsinə vəsait ayırmaq imkanı olan inkişaf etmiş böyük dövlətlər aviadaşıyıcıları əldə edə və yaxud istifadə edə bilirlər. Bunlar müasir dövrlərə uyğun olaraq təkmilləşdirilir və daha da müasirləşir.

Bu müasirləşmə onların dənizdə uzun müddət qalması üçün yeni, müasir avadanlıqlarla təmin olunmasında özünü göstərir.
Digər tərəfdən, aviadaşıyıcıların özlərini qoruma məsələsi çox vacibdir və belə olduğu halda aviadaşıyıcılar bu gün ən yaxşı qorunan hərbi nəqliyyat vasitələrindən biri hesab olunur.
PUA-lar isə hələ ki, təyyarələri tam şəkildə əvəz edə bilmir. Bu vasitələr çox sürətlə inkişaf etsə də onlara qarşı mübarizə vasitələri də inkişaf edir və burada hətta PUA-ların zərərsizləşdirilməsi, qarşı tərəfin idarəetməsinə müdaxilə edilməsi kimi hallar da mümkündür.
Bu və digər vasitələrlə, xüsusilə elektron mübarizə vasitələri ilə PUA-lar özlərini tam müdafiə edə bilmirlər. Əgər gələcəkdə PUA-ların təyyarələri əvəz edə biləcəyini və ya təyyarələrin fərqli şəkildə inkişaf edəcəyini nəzərə alsaq da, bu gün bu barədə qəti fikir söyləmək tezdir. Aviadaşıyıcılar PUA daşıyıcılarına çevrilə bilər və ya kompleks şəkildə həm PUA-ları, həm də pilotlu aviasiyanı daşıya bilər.
Təbii ki, aviadaşıyıcılarda PUA-ların sayı daha çox ola bilər, çünki onlar ölçü və çəki baxımından təyyarələrdən kiçikdir. Ona görə də düşünmürəm ki, aviadaşıyıcılar yalnız daşıma funksiyası yerinə yetirir. Bu, çoxfunksiyalı bir nəqliyyat vasitəsidir.
Digər tərəfdən, minlərlə kilometr uzaqlıqda yerləşən hədəflərə yaxın ərazilərdə həm PUA-ların, həm də təyyarələrin istifadəsi daha məqsədyönlüdür.
Həm kəşfiyyat, həm təhlükəsizlik baxımından, həm də, məsələn, təyyarələrin yanacaqla təmin olunması və sursatla yenilənməsi baxımından aviadaşıyıcıların rolu böyükdür. Təyyarələr tapşırığı yerinə yetirib geri qayıdır, aviadaşıyıcıda yenidən sursatla təmin olunur, yanacaq doldurur və yenidən tapşırığa göndərilir. Belə olduğu halda, istər təyyarələr, istərsə də PUA-lar döyüş əməliyyatlarından sonra geri qayıdaraq yenidən təmin olunmalıdır. Bu proses aviadaşıyıcıların əhəmiyyətini daha da artırır.
Gələcəkdə insan faktorunun azalması ilə PUA-ların daha çox funksiyanı öz üzərinə götürməsi mümkündür, lakin bu, aviadaşıyıcıların əhəmiyyətini azaltmayacaq. Çünki bu nəqliyyat vasitəsi çoxfunksiyalıdır. PUA-ların inkişafı ilə aviadaşıyıcılar daha çox sayda PUA daşıya bilər və onların hədəfə daha yaxın məsafədən istifadə olunması imkanını artırar. Bu isə onların əhəmiyyətini daha da yüksəldir".
Ekspert qeyd edib ki, PUA-lara qarşı mübarizə sistemləri onların aşkarlanması və zərərsizləşdirilməsi prosesində hədəfə yaxınlığın vacibliyini artırır:
"Bu baxımdan PUA-ları daşıyan nəqliyyat vasitəsi kimi aviadaşıyıcılar yenə də əsas rol oynaya bilər. Hətta gələcəkdə modul tipli, hissələrə bölünərək yığıla bilən aviadaşıyıcı konsepsiyaları da mümkün ola bilər ki, bu da onların texniki xidmətini və istifadə imkanlarını genişləndirə bilər.
Buna görə də, yaxın gələcəkdə aviadaşıyıcılar itməyəcək və onların əhəmiyyəti azalmayacaq. Əksinə, onlar qarşıya qoyulan funksiyaları yerinə yetirmək üçün daha dayanıqlı, daha səmərəli və daha məqsədyönlü şəkildə inkişaf etdiriləcək.
Nəticə etibarilə, istər təyyarələrin, istərsə də pilotsuz uçuş aparatlarının daşınması üçün ən səmərəli və nisbətən ucuz vasitə kimi aviadaşıyıcılar hələ də aktuallığını qoruyur və bundan sonra da geniş istifadə oluna bilər".
Fatimə
11:45 28.03.2026
Oxunuş sayı: 73