Azərbaycanlı alimlərin nüfuzlu elmi bazalarda indekslənən məqalələrinin sayı kəskin artıb- Ekspert
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə ilk 100-lükdə yer alması ölkənin ali təhsil sistemində baş verən keyfiyyət dəyişikliklərinin və qlobal akademik mühitdə artan nüfuzunun bariz göstəricisi kimi diqqət çəkir. Son illərdə elmi tədqiqatların genişlənməsi, beynəlxalq əməkdaşlıqların güclənməsi və təhsil infrastrukturuna yönəldilən investisiyalar bu uğurun əsas amilləri kimi ön plana çıxır. Bəs bu irəliləyiş hansı konkret faktorların nəticəsidir, beynəlxalq reytinqlərdə təmsil olunan universitetlərimizin sayının artması həqiqətən ali təhsil sistemimizin inkişafından xəbər verirmi və ümumilikdə bu uğuru necə dəyərləndirmək olar?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Crossmedia.az-a müsahibə verib.

- Azərbaycanın təhsil sahəsində qlobal akademik mühitdə görünürlük artıb. Necə düşünürsünüz bu nədən qaynaqlanır?
- Dünyada universitetlərin nüfuzunu və keyfiyyətini ölçən bir neçə əsas qlobal platforma var ki, onların hər biri fərqli meyarlara (tədqiqat, tədris, beynəlxalq mühit və s.) üstünlük verir.
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi və top siyahılara daxil olması təhsil sistemindəki müsbət dinamikanın göstəricisidir. Bu uğurun bir neçə əsas səbəbi var.
- Beynəlxalq reytinqdə təmsil olunan universitetlərimizin sayının artması ölkəmizdə ali təhsil sisteminin inkişafının göstəricisi ola bilər?
- İlk öncə görünürlük göstəricisinə diqqət yetirək. Görünürlüyün artma səbəbləri də bir neçə parametrlə şərtlənir.
Akademik aktivliyin önəmi çox vacibdir. Universitetlərimiz artıq daha çox beynəlxalq konfranslara ev sahibliyi edir və qlobal elmi şəbəkələrə qoşulurlar.
Son illərdə Azərbaycanlı alimlərin nüfuzlu elmi bazalarda (Scopus, Web of Science) indekslənən məqalələrinin sayı kəskin artıb. Reytinqlər üçün bu, ən vacib göstəricilərdən biridir.
Xarici tələbə və müəllim heyətinin cəlb edilməsi istiqamətində atılan addımlar universitetlərin beynəlmiləşməsini gücləndirir və dünya miqyasında tanınmasına kömək edir.
Beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşması həm də təhsil sisteminin inkişaf göstəricisi kimi də dəyərləndirilməlidir.
Bu inkişafın mühüm siqnalıdır. Reytinqlərdə təmsil olunan universitetlərin sayının artması o deməkdir ki, təhsilin keyfiyyət standartları beynəlxalq tələblərə uyğunlaşdırılır, universitet idarəçiliyi müasir metodlara (strateji planlaşdırma, rəqəmsallaşma) keçir.
Məzunların işlə təmin olunma göstəriciləri beynəlxalq səviyyədə monitorinq edilir.
- Bu uğur və nailiyyətlər hansı faktorlardan qaynaqlanır?
- "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" bu prosesdə mühüm rol oynadı. Tədris binalarının modernləşdirilməsi və müasir laboratoriyaların qurulması elmi fəaliyyəti stimullaşdırdı.
Digər bir faktor universitetlər arasında reytinqlərdə önə çıxmaq üçün sağlam rəqabətin yaranması onları daha çevik və keyfiyyətli işləməyə sövq etdi. Yekun olaraq qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, bu, sadəcə rəqəmsal bir irəliləyiş deyil, Azərbaycan ali təhsilinin qapalı sistemdən çıxıb qlobal akademik rəqabətə qoşulmasının təzahürüdür. Lakin bu uğurları dayanıqlı etmək üçün elmi innovasiyaların sənayedə tətbiqi və innovasiya ekosisteminin gücləndirilməsi növbəti əsas hədəf olmalıdır.
Ayhan
16:28 27.03.2026
Oxunuş sayı: 187