Pirotexniki vasitələrlə zarafat qorxuludur!
Göygöl rayonunun Üçtəpə kəndində baş verən bədbəxt hadisə bir daha pirotexniki vasitələrin nə qədər təhlükəli olduğunu acı şəkildə xatırlatdı. Bayram günlərinin sevinci ilə ehtiyatsız davranışın toqquşduğu bu hadisə, xüsusilə azyaşlılar arasında təhlükəsizlik qaydalarına əməl olunmasının həyati əhəmiyyət daşıdığını göstərir. İlk baxışda əyləncə vasitəsi kimi görünən pirotexniki məhsulların düzgün istifadə olunmadıqda ciddi fəsadlara yol açdığı növbəti dəfə öz təsdiqini tapdı.
Hadisə zamanı 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alması, məsuliyyətsiz yanaşmanın nə qədər ciddi nəticələr doğura biləcəyini ortaya qoyur. Bu cür halların qarşısını almaq üçün həm valideyn nəzarətinin gücləndirilməsi, həm də maarifləndirmə işlərinin artırılması zəruri olaraq qalır.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ümumiyyətlə, pirotexniki vasitələr uşaqlar və yeniyetmələrin istifadəsi üçün qadağandır. İstifadə edildiyi hallarda isə bu proses mütləq böyüklərin nəzarəti altında həyata keçirilməlidir. Məhsul partlamadığı təqdirdə, onu yenidən partlatmaq məqsədilə yaxınlaşmaq son dərəcə təhlükəlidir və minimum təhlükəsizlik məsafəsi 15–20 metr olmalıdır. Pirotexniki vasitələrin qapalı məkanlarda istifadəsi qəti qadağandır. Onlar yalnız açıq havada, təhlükəsizlik məsafəsi qorunmaqla və əldə saxlanılmadan istifadə olunmalıdır".
Elmir Heydərli
12:03 27.03.2026
Oxunuş sayı: 55