İnancın dəyişən üzü: ənənəvi inancdan vizual dindarlığa keçid
Bu günlərdə qarşıma dini məzmunlu bir video çıxdı; doğulduğum kənddə uşaqlar dini bayramı qeyd edir, geyimlərini bu üsluba uyğunlaşdırır, ərəb dilində duaları daha da bəlağətli səsləndirmək üçün bir-birilə yarışırdı.
40 il geri uşaqlığımıza döndüm və o vaxtdan bu yana bu torpaqlarda dəyişənlər gerçəklikləri fəhm etməyə çalışdım.
Bizim uşaqlığımızın bayramları daha sadə idi; bayramlarda şirniyyat qoxuyan evlərdə bir-birimizlə sevincimizi bölüşmək üçün çoxlu səbəblərimiz vardı.
Böyüklərin səmimi söhbətləri, analarımızın səssizcə etdikləri dualar, atalarımızın hərəkətləri ilə ötürülən inam, bütün bunlar dini həyatın görünməyən, amma dərinindən də dərin qatlarını təşkil edirdi. Dinin özü nümayişdən uzaq, içdən gələn bir sükut idi; ürəklərə toxunan, amma sözlərlə çırpınmayan səssiz bir qüvvə...
İndi isə gördüklərim fərqlidir. Uşaqlar yalnız inanmırlar, həm də bunu göstərməyə çalışırlar. Dualar, geyimlər, mərasimlər, hər şey bir nümayiş, bir obraz yaratma cəhdinə çevrilib. Bu dəyişikliklər isə hesab edirəm ki, sadəcə zamanın axını ilə izah olunacaq qədər sadə deyil.
Təəssüf ki, bu gün müxtəlif dini təriqətlərin və xaricdən gələn yad ideoloji təsirlərin kəndlərə qədər sızması, inancı təkcə ailədən deyil, sosial mediadan, internetdən, uzaq mərkəzlərdən öyrənilən bir məlumat halına gətirib. İnam artıq təkcə daxili bir hiss deyil, bəzən yeni bir kimlik qurma vasitəsinə də çevrilir.
Bu, ürəyimdə həm nostalji, həm də bir narahatlıq oyadır. Duaların düzgün səslənməsi onları səmimiyyətlə doldurur, yoxsa bu yalnız bir təqliddir?
Bu gün uşaqların dünyasında inanc sevgi, qorxu və nümayiş arasında qalmış bir tarazlıq kimi görünür. Halbuki, iman bizim üçün yalnız böyüklərimizin sözlərindən deyil, onların davranışlarından hiss etdiyimiz bir güc idi.
Nə yazıq ki, bu torpaqlarda böyüyən uşaqlar, onların körpə ruhları artıq başqa küləklərlə qidalanır. Bu küləklər bəzən özü ilə yeni bilik və maraq gətirə bilər, amma həm də sərtlik, dözümsüzlük, cahillik və çox hallarda özünə yadlaşma meyilləri də gətirir.
İnancın yerini qorxular və sərt çərçivələr alırsa, o incə, daxili bağlar zamanla zəifləyir. Çünki iman sevgi və anlayışla kök salar, qorxu ilə deyil.
Kəndimiz hələ də eyni torpaqdır, eyni küləklər əsir, eyni yollar uzanır. Amma bu torpağın üstündə böyüyən uşaqlar artıq fərqli bir dünyaya baxır.
Bu yazını da əsla qınamaq üçün yox, daha çox anlamaq üçün yazıram. Kaş ki, bu uşaqlar həm də o köhnə səmimiyyəti, o sakit və dərin inancı itirməsinlər. Kaş ki, duaları təkcə düzgün səslənməsin, həm də ürəklərində doğulsun. Kaş ki, inanc onları daraltmasın, əksinə, genişləndirsin; insanlara, həyata, fərqliliklərə daha açıq etsin.
Çünki əsl inanc səsdə deyil, ürəkdədir. Əsl iman isə qorxu və sərtlikdə deyil, mərhəmət və anlayışdadır.
Və mən istəyirəm ki, bizim uşaqlarımız bunları unutmadan böyüsün, köhnə ruhla yeni dünyanı birləşdirən körpünü öz içlərində qursunlar.
İlqar İlkin
12:04 24.03.2026
Oxunuş sayı: 1238