Ramazanda toplanan fitrə hara gedir?
Sabah qeyd olunacaq Ramazan bayramı müsəlman dünyasında mənəvi təmizliyin, paylaşmanın və həmrəyliyin ən ali təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Bu müqəddəs gün yalnız ibadətin yekunu deyil, eyni zamanda cəmiyyət daxilində sosial ədalətin və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm bir mərhələdir. Ramazan ayı boyunca formalaşan mərhəmət, səxavət və yardımlaşma ruhu məhz bu bayram vasitəsilə daha geniş miqyasda öz əksini tapır.
Bu baxımdan, məscidlərdə toplanan fitrələrin düzgün və şəffaf şəkildə xərclənməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Fitrə yalnız dini bir öhdəlik deyil, həm də cəmiyyətin həssas təbəqələrinə yönəlmiş sosial məsuliyyət mexanizmidir. Ona görə də bu vəsaitlərin kimlərə, hansı prinsiplərlə və hansı prioritetlər əsasında çatdırılması məsələsi həm dini, həm də ictimai baxımdan ciddi yanaşma tələb edir.

Məsələ ilə bağlı dinşünas alim Ağa Hacıbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ramazan ayının son günündə verilən fitrə sədəqəsinin iki mühüm əhəmiyyəti vardır. Birincisi ondan ibarətdir ki, verdiyimiz fitrə sədəqəsi ilə Allah-Təala sanki səmada asılı qalan oruclarımızı kamilləşdirir, onları tamamlayır, bu ibadətlərdə olan nöqsan və qüsurlarımızı aradan qaldırır. Hədisi-şərifdə də buyurulduğu kimi, tutduğumuz oruclar müəyyən mənada səmada asılı vəziyyətdədir və verilən sədəqələr vasitəsilə Allah qatında məqbuliyyətə çatdırılır".
Onun fikrincə, ikinci mühüm tərəf isə fitrə sədəqəsinin sosial mahiyyəti ilə bağlıdır: "Cəmiyyətdə bu yardıma ehtiyacı olan çox sayda insan vardır. İslam dini zənginləri təşviq edir ki, öz imkanlarından paylaşaraq yoxsulların könlünü alsın, onları sevindirsin. Fitrə sədəqəsi ilk növbədə qohumlara, qonşulara və ehtiyac içində olan insanlara birbaşa çatdırılmalıdır. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, verən əl alan əldən üstündür. Ramazan bayramı da məhz bağışlanma və mərhəmət üzərində qurulmuş bir sevinc günüdür. Əgər bayram günündə cəmiyyət daxilində ehtiyac içində olan insanlar unudularsa, o bayramın mənəvi dəyəri azalır. Əksinə, fəqir və kimsəsiz insanların sevindirilməsi bayrama xüsusi bir rəng, dərin məna qatır. Bu baxımdan İslam dini həmrəylik, mərhəmət və sevgi dinidir. Tövsiyə olunur ki, imkanlı şəxslər fitrə sədəqələrini formal şəkildə deyil, birbaşa ehtiyacı olan insanlara – xəstələrə, tələbələrə, dar gəlirli ailələrə çatdırsınlar. Hər kəs yaşadığı mühitdə bu məsuliyyəti dərk etməli və bayram sevincini hamı ilə bölüşməyə çalışmalıdır".

Məsələ ilə bağlı həmçinin sosioloq Əhməd Rəhmanov da öz fikirlərini bölüşüb: "Şəffaflıq prinsipi mütləq qorunmalıdır. Əgər hər hansı ianə və ya sədəqə toplama fəaliyyəti şəffaf şəkildə aparılmırsa, ən azı ictimaiyyət qarşısında hesabat verilməlidir. Aydın şəkildə bildirilməlidir ki, nə qədər vəsait toplanıb, bu vəsaitin hansı hissəsi təşkilati xərclərə sərf olunub, hansı hissəsi isə ehtiyaclı insanlara çatdırılıb. Hər bir halda, hesabatlılıq etimadın əsas şərtidir. Bu gün bəzi dini və xeyriyyə təşkilatlarının fəaliyyətində müəyyən nümunələrə rast gəlirik. Məsələn, qurban bayramı ərəfəsində bəzi qurumlar bildirirlər ki, verilən ianələr əsasında uzaq ölkələrdə – məsələn, Afrikada – qurban kəsilir və bu proses ianə sahibinin adına həyata keçirilir. Bəzən bu prosesin sübutu kimi video görüntülər də təqdim olunur. Lakin müasir dövrdə, xüsusilə informasiya bolluğu şəraitində bu kimi məlumatların nə dərəcədə etibarlı olduğunu hər kəs dəqiq qiymətləndirə bilmir. Məhz buna görə də, yaşadığımız zamanda şəffaflıq və hesabatlılıq daha böyük əhəmiyyət kəsb edir. İnsanlar verdikləri vəsaitin hara və necə xərcləndiyini bilməlidir. Əgər bu hesabatlılıq təmin olunmursa, təbii olaraq cəmiyyətdə suallar yaranır və etimad zəifləyir. Ona görə də ianə və sədəqə fəaliyyətində açıq, dürüst və məsuliyyətli yanaşma əsas prinsip olmalıdır".
Elmir Heydərli
16:35 19.03.2026
Oxunuş sayı: 61