Atraksiondan istifadə edərkən bu səhvləri etməyin!
Əyləncə və istirahət mərkəzlərinin ayrılmaz hissəsi olan atraksionlar, uşaqlar və böyüklər üçün əyləncəli anlar yaratsa da, düzgün istifadə olunmadıqda ciddi təhlükə mənbəyi ola bilər.
Hər il müxtəlif ölkələrdə bədbəx hadisələrə səbəb olan atraksion qəzaları göstərir ki, bu obyektlərdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması həyati əhəmiyyət daşıyır.
Atraksionların təhlükəsiz istifadəsi yalnız texniki yoxlamaların aparılması ilə kifayətlənmir; operatorların peşəkarlığı, istifadəçilərin qaydalara əməl etməsi və mütəmadi texniki baxışlar birgə təmin olunmalıdır. Yalnız bütün bu tədbirlər həyata keçirildikdə, insanlar əylənərkən özlərini və yaxınlarını zəruri təhlükələrdən sığortalaya bilərlər.
Bu yazıda biz atraksionlarda riayət olunmalı əsas təhlükəsizlik qaydalarını, operator və istifadəçi öhdəliklərini, həmçinin texniki baxış və sertifikatlaşdırmanın əhəmiyyətini ətraflı şəkildə nəzərdən keçirəcəyik.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib:

"Uşaqların əyləncəsi üçün nəzərdə tutulan atraksiyonlar istifadəyə buraxılmadan əvvəl mütləq dövlət qeydiyyatına alınmalıdır və ildə ən azı bir dəfə müvafiq qurumlar tərəfindən texniki baxışdan keçirilməlidir.
Bununla yanaşı, atraksiyonlar, qrafika məhsulları və mütamadi avadanlıqlar da texniki baxışdan keçməli və hər gün işə başlamazdan əvvəl ilkin yoxlamadan keçirilərək istifadəyə verilməlidir.
Əgər atraksiyonda hər hansı bir nasazlıq aşkar edilərsə, həmin atraksiyonun istismarı dərhal dayandırılmalı, nasazlıq aradan qaldırıldıqdan sonra yalnız müvafiq ixsaslaşmış müəssisə və mütəxəssislər tərəfindən texniki baxış keçirildikdən sonra istifadəyə verilməlidir.
Atraksiyonu idarə edən operatorlar da bu prosesdə xüsusi bilik və bacarıqlara malik olmalı, lazımi sertifikatlarla təmin olunmalıdır. Vətəndaşların da üzərinə müəyyən məsuliyyət düşür: atraksiyondan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməli və operatorların göstərişlərinə ciddi əməl etməlidirlər.
Hər atraksiyonun özünəməxsus texniki göstəriciləri və təhlükəsizlik qaydaları vardır. Bu qaydalar mütləq şəkildə təmin edilməli, yalnız belə olduqda hər hansı bədbəx hadisələrin baş vermə riski minimuma endirilmiş olar".
Ayhan
15:57 19.03.2026
Oxunuş sayı: 56