Diaspor təşkilatının təmsilçiləri Lüksemburq parlamentinin üzvü ilə görüşüb
Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) təmsilçiləri Lüksemburq parlamentinin üzvü Qusti Qraasla görüşüblər. Görüş Lüksemburq parlamentində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
LuxAz təşkilatının sədri Seymur Əhmədov təşkilatın gördüyü işlər barədə məlumat verib, ictimai, maarifləndirici təşəbbüslərini, Azərbaycan diasporunun Lüksemburqda fəallığının artırılması üçün təşkilatın davamlı və ardıcıl fəaliyyətini diqqətə çatdırıb. Assosiasiyanın müxtəlif mədəni tədbirlər, təqdimatlar, sərgilər və maarifləndirici layihələr həyata keçirdiyini qeyd edib.
Lüksemburqda yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkənin inkişafında rol oynamaları və bir sıra başqa məsələlər müzakirə olunub. Rəqəmsallaşma dövrünün yaratdığı imkanlara, müasir platformalar vasitəsilə müxtəlif xalqların nümayəndələri ilə ortaq layihələrin həyata keçirilməsinə diqqət çəkilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Lüksemburq arasında ictimai və mədəni əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq imkanları barədə də danışılıb.
Qusti Qraas faydalı və səmimi ziyarət üçün təşəkkürünü bildirib, Lüksemburqda yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsini, müasir tendensiyalara açıq olmalarını və Azərbaycanı uğurla təmsil etmələrini təqdirəlayiq hal kimi qiymətləndirib.
Görüşdə Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının kommunikasiya meneceri Sevinc Ömərli, deputat Qusti Qraasın parlament müşaviri Feliks Şaak da iştirak edib.
17:43 16.03.2026
Oxunuş sayı: 38