16 yaşlı azərbaycanlı pilot Formula 4 testlərini uğurla başa vurub
16 yaşlı azərbaycanlı yarış pilotu Davin Cəfərov motorsport karyerasında növbəti mühüm addımı ataraq Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan “Autodromo Internacional do Algarve” trasında ikinci Formula 4 test sessiyasını da uğurla tamamlayıb.
Crossmedia.az xəbər verir ki, kartinq karyerasında əldə etdiyi uğurlardan sonra Davin artıq peşəkar motorsportun növbəti mərhələsinə — Formula tipli tək oturacaqlı bolid yarışlarına keçib. Portimao testləri onun üçün Formula 4 kimi yüksək rəqabətli mühitə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur.
Test həftəsonu ərzində Davin “McLaren”, “Mercedes”, “Aston Martin” və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşərək Avropanın ən çətin və tələbkar yarış treklerinden birində həm dəyərli təcrübə qazanıb, həm də sürətini nümayiş etdirib.
Test proqramı çərçivəsində hər gün beş intensiv sessiya keçirilib. Bu sessiyalar Davinə mühəndislərlə yaxından işləməyə, sürücülük üslubunu təkmilləşdirməyə və Formula 4 bolidinin performans imkanlarını daha dərindən anlamağa şərait yaradıb.
Sessiyalar qarışıq hava şəraitində — yağışlı və quru trasın növbələşdiyi vəziyyətdə baş tutub. Bu isə pilotdan daim uyğunlaşma bacarığı və bolidi yüksək dəqiqliklə idarə etməyi tələb edib.
Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən bir neçə qəzalara baxmayaraq, Davin bütün çıxışlarını heç bir qəza olmadan uğurla tamamlayıb. Bu nəticə onun intizamını, diqqətini və yüksək yarış düşüncəsini nümayiş etdirir.
Onun trasdakı performansı bir sıra komanda üzvləri və mühəndislərin də diqqətini cəlb edib. Onlar beynəlxalq istedadlar arasında inamla yarışan azərbaycanlı pilotun çıxışını xüsusi qeyd ediblər.
Bununla belə, əldə olunan bu irəliləyişə baxmayaraq, Davin təəssüf ki, bu ay Barselonada keçiriləcək “Formula Winter Series” final yarışında iştirak edə bilməyəcək. Bunun əsas səbəbi bu səviyyəli motorsport yarışlarında iştirak üçün tələb olunan sponsor dəstəyinin hazırda yetərli olmamasıdır.
Buna baxmayaraq, gənc pilot hazırlıqlarını böyük əzmlə davam etdirir. O, hazırda simulyator məşqləri, fiziki və psixoloji hazırlıq üzərində aktiv şəkildə çalışır ki, bu da müasir yarış pilotu üçün əsas elementlər hesab olunur.
Onun növbəti mümkün Formula 4 test sessiyasının üç ay ərzində İtaliyanın əfsanəvi “Autodromo Nazionale Monza” trasında keçirilməsi planlaşdırılır. Davin burada da təcrübəsini artırmağı və potensialını nümayiş etdirməyi hədəfləyir.
Gənc azərbaycanlı pilot uzunmüddətli məqsədinə — Azərbaycanı beynəlxalq motorsportun ən yüksək səviyyələrində təmsil etməyə tam fokuslanıb. Davin Cəfərovun Formula yarışlarındakı yolu hələ yeni başlayır və o, düzgün dəstək və imkanlar olacağı təqdirdə yaxın gələcəkdə qlobal səviyyəli yarışlarda müntəzəm iştirak edə biləcəyinə inanır.
09:26 16.03.2026
Oxunuş sayı: 52