Suriyanı bundan sonra nə gözləyir?
Suriyada hazırkı vəziyyət çox mürəkkəb və gərgindir. Suriyadakı vəziyyət hərbi, siyasi və humanitar cəhətdən çoxsaylı faktorlardan asılıdır və gələcəkdə daha ciddi dəyişikliklər ola bilər.
Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq regionu üzrə ekspert Vüqar Zifəroğlu ötən gün özünün "Feysbuk" hesabında etdiyi paylaşımda bu prosesləri müxtəlif istiqamətlər üzrə xarakterizə edib. Crossmedia.az paylaşımı olduğu kimi təqdim edir:
"Hal-hazırda Suriyada baş verən prosesləri 5 istiqamət üzrə xarakterizə etmək olar.
1. Həma və Homs şəhərlərinin əhəmiyyəti: İstər Həma, istərsə də Homs şəhərləri kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir və iki şəhər uğurunda döyüşlər taleyüklü, bölgəni yenidən şəkilləndirəbiləcək səviyyədədir. Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti tam olaraq ələ keçirə bilsə, bu, ilk növbədə ciddi strateji qələbə olacaq, bunu da bir sıra amillərlə əlaqələndirmək mümkündür: 1. Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq; 2. Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək; 3. İranın etibarlı nümayəndələri (və buna görə də Tehran) Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq; 4. Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ ilə birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi müəllifə çevrilmək üçün unikal imkan yaranacaq. Bu 4 məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaradır. Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur.
2. Suriya üzərindən Rusiya-Türkiyə dialoqu necə qurulacaq və təsir zonalarına bölünəcəkmi: Bunu istisna etmək olmaz. Suriyada Rusiya-Türkiyə əməkdaşlığı və rəqabəti maraqlı məqamlarla yadda qalır. Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu qəbul edir, Moskva Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini başa düşür. Lakin hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə (HTŞ-nin nəzarətindədir!) fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər. Hər iki tərəfi Suriyada gedən proseslərdə narahat edən ortaq məqamlar var. Bu mənada Türkiyə ilə Rusiyanın bu və ya başqa dərəcədə uzlaşmaya meyilli olduqlarını söyləmək mümkündür. Lakin proseslərin sonrakı gedişatı digər ciddi təsir gücünə malik xarici faktorlardan da asılıdır ki, bunu unutmaq olmaz. Burada ilk növbədə ABŞ və İranı qeyd etmək lazımdır.
3. İran tamamilə Suriyadan çıxacaqmı: Hazırda faktiki olaraq İranın Suriyada sıxışdırılması prosesinin şahidi olmaqdayıq. İran hər bir halda Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışır. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiqdir. Rejimin sabitliyi İranın Suriya vasitəsilə Livanda Hizbullaha dəstək verməsinə şərait yaradır. İran eyni zamanda İran, İraq, Suriya və Livanı birləşdirən bir "şiə təsir xətti" yaratmaq istəyir. Bu, İranın regional hegemonluğunu təmin edir. İranın Suriyada hərbi varlığı, həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlib. Bu, İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsidir.Lakin Suriyada gedən proseslər fonunda Livanda son bir ayda Hizbullahın İsraildən ciddi zərbə alması, buna paralel olaraq İraqda istər Həşdi Şaabi qruplaşmasının, istərsə də Müqtəda əs-Sədrin Suriyada gedən proseslərə qarışmayacaqları ilə bağlı açıqlamaları İranın bu strategiyasının ciddi şəkildə silkələnməyə məruz qaldığını söyləməyə əsas verir.
4. Əsədin taleyi necə olacaq: Nəzərə almaq lazımdır ki, son proseslər 2013-14-cü ildəki proseslərdən daha fərqli müstəvidə cərəyan edir. Əgər həmin zaman Əsədi əvəz edəcək siyasi qüvvə yox idisə, son on ildə bir neçə qüvvənin ortaya çıxdığını görə bilirik. Lakin bölgədə marağı və iştirakı olan aktorların nə dərəcədə vahid fikir birliyinə gələcəyi şübhəlidir. Bu isə Əsəddən sonrakı dővrlə bağlı yekun qərarın hələki belə tezliklə verilməyəcəyini söyləməmiz üçün əsas veri. Əlavə olaraq da Heyəti Təhrir əş-Şam birləşməsinin də Əfqanıstandakı taliblər və ya Qəzzadakı HAMAS kimi leqal siyasi hərəkat formasını ala biləcəyi istisna deyil. Zatən HTŞ rəsmi olaraq ən Nusra keçmişindən imtina etdiyini bəyan edib və Suriya üzərində fokuslandığını bildirib. “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Əl-Colaninin "CNN" telekanalına müsahibəsində də səsləndirdiyi fikirlər bunu təsdiq edir. Müsahibədə Əl-Colani dəfələrlə vurğuladı ki,HTŞ-nin hədəfi Əsəd rejiminə son qoymaqdan başqa bir şey deyil. O, ilk dəfə mediaya verdiyi açıqlamada institutlara əsaslanan hökumət və “xalqın seçdiyi şura” yaratmaq planlarından danışıb.
5. ABŞ-ın Suriya siyasətində dəyişikliklər olacaqmı: ABŞ-ın strateji hədəfləri sırasında ilk yeri isə Rusiya və İranın bölgədə artan təsirini məhdudlaşdırmaq, Türkiyəni isə özündən asılı vəziyyətə salmaq istəyi durur. Həmçinin Suriyanın enerji mənbələrinə nəzarət Vaşinqtonun uzunmüddətli maraqlarına daxildir. Həm Türkiyəyə təzyiq, həm də eneji mənbələrinə nəzarəti təmin etmək üçün ABŞ bölücü kürd terror qruplaşmalarından maksimum dərəcədə faydalanır. Rusiya və İrana qarşı isə zaman-zaman radikal islami qruplaşmalar vasitəsilə müəyyən həmlələr edir. Eyni zamanda bölgədə İsrail Amerikanın başlıca və strateji müttəfiqidir. ABŞ, İranın Suriya vasitəsilə Livana və Hizbullaha uzanan "Şiə Hilalı" strategiyasını dağıtmağa çalışır. Bu mənada Bayden və ya Trampın prezident olmasından asılı olmayaraq bu strategiya dəyişmir".
07:02 08.12.2024
Oxunuş sayı: 7942