Azər Qasımlıya hökm oxunub
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilənin 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.
A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurladacağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb.
Bundan sonra, o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.
Bundan başqa, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6 800 manat almağa nail olub.
Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
17:20 11.03.2026
Oxunuş sayı: 1003