Kanada Azərbaycan Evi Beynəlxalq Qadınlar Gününü qeyd edib
Kanadada fəaliyyət göstərən Azərbaycan Evi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan icmasının qadın üzvlərini bir araya gətirən tədbir təşkil edib.
Crossmedia.az xəbər verir ki, tədbirdə qadınların cəmiyyətdəki rolu, onların mədəni və sosial fəaliyyətlərdəki əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qadınlar icma həyatının inkişafında, milli-mədəni dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar.
Kanada Federal Parlamentinin millət vəkili Roman Baber tədbirə xüsusi qonaq qismində qatılıb. O, Azərbaycan icmasının xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Roman Baber, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzini xüsusi sertifikatla təltif edib, mərkəzin Kanadada mədəniyyətlərarası dialoqun inkişafı və icma fəaliyyətləri sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova bu cür tədbirlərin icma üzvlərinin bir araya gəlməsi, milli-mədəni irsin qorunması və gənc nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirə qatılan Azərbaycan icmasının qadın üzvləri bu cür görüşlərin gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayıb, icma fəaliyyətlərinin daha da genişləndiriləcəyini bildiriblər.
11:05 11.03.2026
Oxunuş sayı: 19