Akif Hacıyev - düsturların sükutunda həqiqəti tapan alim
8 dekabr görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru Akif Hacıyevin anadan olmasının 87-ci ildönümüdür. 1937-ci ildə Bakıda tanınmış tənqidçi və ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya gələn Akif Hacıyev Azərbaycan elminin inkişafına böyük töhfələr verib. 1960-cı ildə Azərbaycan Dövlət Universitetini bitirən alim, elmi fəaliyyətini SSRİ EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutunda davam etdirib və dünya riyaziyyatına mühüm nailiyyətlər qazandırıb.
O, funksiyalar nəzəriyyəsi, harmonik analiz və çoxölçülü tam funksiyalar sahəsində elmi kəşfləri ilə tanınıb. Alimin 100-dən çox elmi əsəri və 4 monoqrafiyası nəşr olunmuş, rəhbərliyi altında 27 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanmışdır. Akif Hacıyev həmçinin uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmiş, 2013-cü ildən AMEA-nın vitse-prezidenti kimi fəaliyyət göstərmişdir.
Elmi xidmətlərinə görə o, “Şöhrət” ordeni, “Əməkdar elm xadimi” fəxri adı və bir sıra beynəlxalq mükafatlarla təltif olunmuşdur.
2015-ci ildə dünyasını dəyişən Akif Hacıyev, zəngin elmi irsi və Azərbaycanın elmi tarixindəki əvəzsiz rolu ilə daim xatırlanır. Bu gün onun ad günü münasibətilə həmkarları, tələbələri və elmi ictimaiyyət alimi ehtiramla anır. Crossmedia.az saytı olaraq alimin zəngin ömür yoluna, yaradıcılığına işıq tutmağa çalışdıq...
Azərbaycan Republikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bu əlamətdar gün münasibətilə Crossmedia.az-a verdiyi açıqlamada Akif Hacıyevi belə xarakterizə edib:
"Ömür vəfa etsəydi, görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyevin 87 yaşı tamam olacaqdı. Təəssüf ki, Azərbaycan riyaziyyat məktəbinin parlaq nümayəndələrindən biri olan Akif Hacıyevin növbəti doğum gününü elm ictimaiyyət onsuz keçirməli oldu".
AMEA-nın müxbir üzvü Misir Mərdanov Akif Hacıyevin Azərbaycanda riyaziyyat elminin inkişafındakı əvəzsiz rolunu vurğulayıb, onun hazırladığı yüksək ixtisaslı alimlərin ölkəmizin elmi nüfuzunu artırdığını qeyd edib. Alimin elmi irsi bu gün də həm ölkə daxilində, həm də beynəlxalq miqyasda geniş tətbiq olunur və öyrənilir.
Professor Misir Mərdanov onun elmi irsinə yüksək qiymət verib. O bildirib: "Akif Hacıyev yalnız Azərbaycanın deyil, dünya riyaziyyat elminin öncül simalarından biri idi. Onun funksional analiz və optimal idarəetmə sahəsindəki tədqiqatları alimlər üçün dəyərli istiqamətverici rol oynayıb. O, həm də böyük bir məktəb yaratdı, öz ardıcılları ilə elmi ənənələri yaşatdı".
Misir Mərdanov Akif Hacıyevin elmə və cəmiyyətə olan töhfələrinin əhəmiyyətini bir daha vurğulayıb. Riyaziyyat sahəsində çalışan alimlər və gənc tədqiqatçılar üçün onun elmi irsi yolgöstərən mayak olaraq qalır.
Riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov Crossmedia.az-a akademik Akif Hacıyev haqqında dərin xatirələrini bölüşərək onun şəxsiyyətini, elmi fəaliyyətini və insani keyfiyyətlərini yüksək qiymətləndirib. O bildirib ki, hər bir şəxsiyyətin formalaşmasında ailənin mühüm rolu var və Akif Hacıyev bu baxımdan seçilən mühitdə yetişib: “Akif Hacıyevin atası Cəfər Xandan Azərbaycan maarifçilik tarixində xüsusi iz qoymuş bir ziyalı idi. O, övladlarının yalnız elmi biliklərə deyil, həm də mənəvi dəyərlərə yiyələnməsini istəyirdi. Belə bir mühitdə yetişən Akif Hacıyev elmə, ədəbiyyata və mənəvi təmizliyə sadiq qaldı”.
Mübariz Hacıbəyov qeyd edir ki, Akif Hacıyev üçün riyaziyyat yalnız nəzəri tədqiqatlar deyildi. O, riyaziyyatı ədəbiyyat qədər incə bir sənət kimi izah edirdi: “Akif müəllim deyirdi ki, riyaziyyat da şeir kimi qısa, dəqiq və mənalı olmalıdır. Bu fəlsəfə onun riyazi təfəkkürünü qardaşı, şair Rəfiq Zəka Xəndanın düşüncə xətti ilə birləşdirirdi. Hər biri öz sahəsində – biri sözlərlə, digəri isə simvollarla sonsuzluğa yollar açırdı”.
Akif Hacıyev təkcə nəzəri araşdırmalarla kifayətlənməyib, həm də elmi məktəblər yaradıb və bu məktəblərin gələcək nəsillərə xidmət etməsini təmin edib. Mübariz Hacıbəyov onun bu sahədəki fəaliyyətini belə dəyərləndirir: “O, tələbələrinin inkişafına xüsusi diqqət göstərirdi. Mən də onun rəhbərliyi ilə elmlər namizədi dissertasiyamı müdafiə etdim. Akif müəllimin 80 illik yubileyində elmlər doktorluğu dissertasiyamı müdafiə etmək isə mənim üçün qürurverici idi. Bu, müəllimlə tələbənin elmi yollarının təkrar qovuşması kimi idi”.
Akif Hacıyevin ən böyük keyfiyyətlərindən biri onun sadə və təvazökar olması idi. Mübariz Hacıbəyov bu xüsusiyyəti belə xarakterizə edir: “Bəzən böyüklüyün əlaməti səs-küydə deyil, səssizlikdə olur. Hər kəs diqqət mərkəzində olmağa çalışdığı halda, Akif müəllim təvazökarlığı seçirdi. Görkəmli alim olmaqla yanaşı, təmiz qəlbli, sadə ruhlu bir insan idi. Vəzifələr onun üçün məqsəd yox, vasitə idi. Əslində, onun ‘vəzifəsi’ riyaziyyat idi – o, düsturların sükutunda həqiqətləri tapmağa çalışırdı”.
Mübariz Hacıbəyov Akif Hacıyevin Türkiyədəki fəaliyyətini də vurğulayaraq bildirib ki, onun fəaliyyəti Azərbaycan elminin sərhədlərini aşmışdır: “O, Türkiyədə Ankara Universitetində dərs deyərək, çoxsaylı türk alimlərinin yetişməsinə töhfə verdi. Daha sonra Azərbaycana qayıdaraq Milli Aviasiya Akademiyasında ‘Ali Riyaziyyat’ kafedrasını formalaşdırdı. Mən də onun rəhbərliyi ilə həm tələbə, həm də müəllim kimi bu ənənənin bir hissəsi oldum”.
Mübariz Hacıbəyovun sözlərinə görə, Akif Hacıyev yalnız alim deyil, həm də böyük şəxsiyyət idi: “Onun sadəlik və insani keyfiyyətləri tələbələri üçün əvəzolunmaz idi. Ən mürəkkəb məsələləri belə sadə bir dillə izah edərdi. O, riyaziyyatdan daha çoxunu öyrədirdi – həyatda çətinliklərlə necə mübarizə aparmağı”.
Mübariz Hacıbəyov Akif Hacıyevi təkcə Azərbaycan riyaziyyatının deyil, həm də ümumilikdə mənəviyyat və elm dünyasının rəmzi kimi dəyərləndirib: “Akif Hacıyev – riyaziyyatın sadə dahilərindən biri və həyatın təvazökar ustadı idi. O, yalnız elmi töhfələri ilə deyil, insani keyfiyyətləri ilə də yaddaşlarda əbədi yaşayacaqdır”.
Bu xatirələr bir daha göstərir ki, Akif Hacıyev yalnız öz dövrünün deyil, gələcək nəsillərin də ilham mənbəyi olacaq böyük bir alimdir. Onun elmi və insani irsi Azərbaycan elmi tarixində əbədi iz qoymuşdur.
Nihat Tahirov
17:22 07.12.2024
Oxunuş sayı: 13682