İran səfirinə ritorik sual: Naxçıvana raket göydən düşdü ? - TƏHLİL
Regionda baş verən son hadisələr bir daha göstərir ki, sabitliyin qorunması üçün dövlətlərin məsuliyyətli və uzaqgörən davranışı olduqca vacibdir. Təəssüf ki, bəzi hallarda İranın regional siyasəti bu sabitliyə töhfə verməkdən daha çox gərginliyin artmasına səbəb olur. Xüsusilə qonşu ölkələrin daxili təhlükəsizliyi ilə bağlı məsələlərdə şəffaflığın və aydın mövqenin nümayiş etdirilməməsi ciddi suallar doğurur.
Buna ən bariz nümunə kimi ötən günlərdə Naxçıvana edilən dron hücumu göstərilə bilər. Bu hadisə bir daha regionda təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu ortaya qoydu. Azərbaycanın dəfələrlə bəyan edib ki, regionda sabitliyin və qarşılıqlı etimadın qorunmasının tərəfdarıdır. Ölkəmiz hər zaman qonşularla münasibətlərdə konstruktiv və sülhə əsaslanan mövqe nümayiş etdirib. Lakin belə hadisələr təbii olaraq ictimai rəydə və siyasi mühitdə haqlı narahatlıqlar doğurur və bir sıra sualları gündəmə gətirir.
Məsələyə müxtəlif aspektlərdən yanaşdıqda bir sıra məqamlar diqqəti cəlb edir. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu ötən gün yerli televiziyaya verdiyi müsahibədə bu hadisənin İran tərəfindən həyata keçirilmədiyini bildirib. Lakin belə olan halda sual yaranır: əgər hadisə İranla əlaqəli deyilsə, bu dron İran ərazisindən necə və hansı şəraitdə havaya qalxa bilib? Bu sual təbii olaraq iki mümkün ehtimalı gündəmə gətirir.
Birincisi, ölkə daxilində qərarvermə mexanizmlərində ciddi fikir ayrılıqlarının mövcudluğu, ikincisi isə nəzarət mexanizmlərinin zəifləməsi ilə bağlı ehtimalların ortaya çıxmasıdır.
Digər tərəfdən, səfir müsahibəsində Azərbaycanın göstərdiyi humanist münasibətə görə minnətdarlığını ifadə edir. Lakin belə bir bəyanatdan qısa müddət sonra baş verən hadisələr təbii olaraq müəyyən ziddiyyətlər yaradır. Diplomatik münasibətlərin mahiyyəti qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. Əgər bu prinsiplər real hadisələr fonunda zədələnirsə, verilən bəyanatların təsir gücü də azalır.
Bundan əlavə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində təxribat və terror planlarının qarşısının alınması faktı da regionda baş verən proseslərin nə qədər həssas və təhlükəli olduğunu göstərir. Belə hallarda dövlətlər arasında qarşılıqlı etimadın qorunması üçün açıq və səmimi mövqe nümayiş etdirmək xüsusilə vacibdir.
Məsələyə daha geniş prizmadan baxdıqda isə görünür ki, İran rəsmiləri bir sıra hallarda baş verən hadisələrə görə məsuliyyəti üzərindən atmağa çalışsalar da, regionda baş verən proseslər bu ölkənin fəaliyyətinin bir çox hallarda dolayı və ya birbaşa şəkildə gərginliyin artmasına təsir etdiyini göstərir. Bu isə yalnız ayrı-ayrı dövlətlər üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi üçün risk yaradır.
Azərbaycan isə regionda sabitliyin və əməkdaşlığın tərəfdarı olan dövlət kimi öz prioritetlərini açıq şəkildə müəyyən edib. Bu prioritetlərə ölkənin ərazi bütövlüyünün qorunması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və regionda davamlı sülhün bərqərar olunması daxildir. Hər hansı xarici təsir və ya təxribat cəhdləri isə qətiyyətlə pislənməli və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir.
Bu baxımdan İranın regiondakı siyasətinə yenidən baxması, qonşu dövlətlərlə münasibətlərdə daha açıq, şəffaf və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir. Əks halda davam edən gərginlik yalnız qarşılıqlı etimadsızlığı artıracaq və regional sabitliyə mənfi təsir göstərməyə davam edəcək.
Azərbaycan xalqı öz milli və mənəvi dəyərlərinə sadiq qalaraq hər zaman ədalətli və prinsipial mövqe nümayiş etdirib. Ölkəmizin güclü siyasi iradəsi, müzəffər ordusu və xalq-iqtidar birliyi isə hər hansı təxribat qarşısında Azərbaycanın öz maraqlarını qətiyyətlə müdafiə etmək gücündə olduğunu bir daha sübut edir. Buna baxmayaraq, Azərbaycan diplomatik prinsiplərə sadiq qalaraq bu məsələyə aydın izah verilməsini və baş verən hadisə ilə bağlı rəsmi mövqenin ortaya qoyulmasını gözləyir.
Nəticə etibarilə, səfirin müsahibəsində səsləndirilən fikirlər diqqətlə təhlil edildikdə aydın görünür ki, məsələni aydınlaşdırmaqdan daha çox onu yumşaltmaq və diplomatik ifadələrlə ört-basdır etmək cəhdi hiss olunur. Bir tərəfdən hadisə ilə bağlı məsuliyyət qəti şəkildə inkar edilir, digər tərəfdən isə konkret və əsaslı izahat verilmədən ümumi və qeyri-müəyyən ifadələr işlədilir. Bu isə ictimai rəydə və siyasi dairələrdə əlavə sualların yaranmasına səbəb olur. Çünki regionda təhlükəsizlik məsələləri təsadüfi bəyanatlarla deyil, aydın və şəffaf mövqe ilə izah olunmalıdır.
Digər tərəfdən, səfirin bəyanatında Azərbaycanın göstərdiyi humanist münasibətə görə təşəkkür ifadə etməsi ilə baş verən hadisələr arasında yaranan ziddiyyət də diqqətdən yayınmır. Diplomatik münasibətlərin əsas prinsiplərindən biri qarşılıqlı hörmət və etimaddır. Əgər bu prinsiplər real siyasətdə öz əksini tapmırsa, verilən bəyanatlar yalnız formal xarakter daşıyır və problemlərin həllinə töhfə vermir. Buna görə də regionda sabitliyin və təhlükəsizliyin qorunması naminə baş verən hadisələrin bütün aspektləri obyektiv şəkildə araşdırılmalı, cəmiyyətə aydın və inandırıcı izahat verilməlidir. Yalnız bu halda dövlətlər arasında etimad mühiti bərpa oluna və gələcək əməkdaşlıq üçün sağlam əsas formalaşa bilər.
Sonda səfirin öz dilindən məsələni necə ört basdır etdiyini yayımlayırıq.
"Biz bir daha Azərbaycan xalqına, xüsusilə də ölkə başçısı İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Dövlət başçısının səfirliyimizə gələrək şəxsən başsağlığı verməsi bizim üçün böyük mənəvi dəyər və diqqətin bariz göstəricisidir.
Naxçıvan hadisələrinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu barədə məlumatı ilk olaraq Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə aldım və dərhal rəsmi Tehrana çatdırdım. Aparılan geniş müzakirələr və əldə edilən məlumatlar əsasında bizə bildirildi ki, sözügedən hücum İran tərəfindən həyata keçirilməyib. Bununla belə, hadisə ilə bağlı müəyyən şübhəli məqamların mövcudluğu da diqqətdən kənarda qalmır.
Bildiyiniz kimi, fevral ayının 28-də İrana qarşı hücum həyata keçirildi və İran tərəfi bunu özünümüdafiə tədbiri kimi qiymətləndirərək İsrail və ABŞ-a məxsus bəzi obyektlərin vurulduğunu açıqladı. Bununla bağlı rəsmi açıqlama da verildi. Lakin oxşar bir vəziyyət daha əvvəl Omanda baş verən dron hücumu zamanı da müşahidə olunmuşdu və həmin hadisə ilə bağlı da İran tərəfi bunun onlarla əlaqəli olmadığını bildirmişdi".
Bunun adını ört - basdır deyil, bəs nə qoyaq? Tanrı bu çətin dönəmdə dövlətimizi qorusun!
12:06 07.03.2026
Oxunuş sayı: 118