Tarixi həqiqətin simvolu
Tarixin ən ağır və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə insanlığın üzləşdiyi ən böyük cinayətlərdən biri kimi tarixə düşmüşdür.
İllər keçsə də, bu hadisənin ağrısı unudulmur, əksinə, xalqın yaddaşında daha da möhkəmlənir və gələcək nəsillərə ötürülür. Bu baxımdan Xocalı həqiqətlərinin dünyaya çatdırılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Məhz bu məqsədlə yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız bir abidə deyil, milli yaddaşın, ədalət axtarışının və tarixi həqiqətlərin simvoludur. İki il bundan əvvəl bu kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Bu hadisə həm tarixi ədalətin bərpasına doğru atılan mühüm addım, həm də xalqın öz keçmişinə verdiyi dəyərin bariz nümunəsi idi.
Bu gün isə həmin kompleksin
açılışı münasibətilə bir araya toplaşmaq, keçmişlə bu gün arasında mənəvi
körpünün qurulduğunu göstərir. Bu, həm də şəhidlərin ruhuna ehtiramın
ifadəsidir. Memorial Kompleksin açılışı yalnız xatirə xarakteri daşımır, eyni
zamanda siyasi və tarixi mesajlar ehtiva edir. Dünyada nadir hallarda elə
ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm
öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin
etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Azərbaycan
məhz bu nadir ölkələrdən biridir. Bu reallıq ölkənin gücünü, siyasi iradəsini
və xalq-dövlət birliyinin sarsılmaz olduğunu sübut edir. Uzun illər davam edən
işğal dövründə Xocalı faciəsinin günahkarlarının cəzasız qalması beynəlxalq
ədalət sisteminin zəifliyini göstərirdi. Lakin Azərbaycan dövləti bu məsələni
daim diqqətdə saxladı, hüquqi və siyasi müstəvidə mübarizəsini davam etdirdi.
Nəticədə, tarixi ədalət tədricən öz yerini tapmağa başladı. Bu gün Xocalı ilə
bağlı həqiqətlərin daha geniş coğrafiyada tanınması, bu istiqamətdə aparılan
məqsədyönlü siyasətin nəticəsidir. Memorial Kompleksin timsalında biz
Azərbaycan xalqının əyilməz ruhunu aydın şəkildə görürük. Bu abidə yalnız
keçmişin ağrılarını xatırlatmır, eyni zamanda xalqın gücünü, iradəsini və
gələcəyə olan inamını nümayiş etdirir. Ən çətin sınaqlardan keçən bir xalqın
sınmadığını, əksinə daha da möhkəmləndiyini göstərir. Bu ruh, Azərbaycanın
müstəqilliyini qorumaqda və inkişaf yolunda irəliləməkdə əsas dayaqlardan
biridir. Memorialın memarlıq həlli və ideya məzmunu da xüsusi diqqətə layiqdir.
Burada hər bir detal, hər bir element faciənin miqyasını, insanların yaşadığı
dəhşətləri və eyni zamanda xalqın dirəniş gücünü əks etdirir. Ziyarətçilər bu
məkanda yalnız tarixlə tanış olmur, eyni zamanda həmin hadisələri mənəvi olaraq
hiss edir, düşünür və nəticə çıxarırlar. Bu isə memorialın əsas məqsədlərindən
biridir – yaddaşı yaşatmaq və unutmamağa çağırmaq. Azərbaycan dövləti üçün
Xocalı faciəsi yalnız keçmişin acı bir xatirəsi deyil, həm də gələcəyə yönəlmiş
bir dərsdir. Bu dərs xalqın birliyini qorumağın, güclü dövlət qurmağın və milli
maraqları hər şeydən üstün tutmağın vacibliyini göstərir. Xocalı qurbanlarının
xatirəsi hər zaman ehtiramla yad edilir və onların ruhu qarşısında borcun
yerinə yetirilməsi üçün bütün səylər davam etdirilir. Xocalı Soyqırımı Memorial
Kompleksinin açılışı Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirilir.
Bu, yalnız bir abidənin istifadəyə verilməsi deyil, həm də tarixi yaddaşın
möhkəmləndirilməsi, ədalətin bərpası və milli ruhun təntənəsidir. Prezident
İlham Əliyevin çıxışında səsləndirilən fikirlər də məhz bu reallıqları əks
etdirir. Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərini yad edir və gələcəyə
daha inamla addımlayır.

Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
15:35 02.03.2026
Oxunuş sayı: 447