1 Mart: “Titanik” filminin dünya rekordunun ildönümü
Kapitanın artıq yolun sonu olduğunu anlaması, öz idarə etdiyi gəminin içində də öləcəyini bilərək yaşadığı çarəsizlik...
1 mart dünya kino tarixində sadəcə bir tarix deyil, milyonlarla insanın yaddaşında iz buraxan, kinonun gücünü bütün dünyaya sübut edən bir hadisənin simvoludur. Məhz 1998-ci ilin bu günündə məşhur rejissor James Cameron tərəfindən ekranlaşdırılan Titanik filmi dünya üzrə 1 milyard dollardan artıq gəlir əldə edən ilk ekran əsəri kimi tarixə düşərək kino sənayesinin sərhədlərini dəyişdi və sübut edir ki, bəzən bir film sadəcə izlənilmir , yaşanır, hiss olunur və illər keçsə belə unudulmur. 1997-ci ildə nümayişə çıxarılan bu film qısa müddətdə qlobal fenomenə çevrildi, kinoteatrlar dolub-daşdı, tamaşaçılar eyni filmi dəfələrlə izləmək üçün geri qayıtdı, çünki ekranlarda göstərilən hadisə yalnız böyük gəmi faciəsi deyil, insan ruhuna toxunan bir həyat hekayəsi idi. Hazırda filmin müəyyən hissələrindən videolar hazırlanır və geniç kütlənin yenidən xatırlamasına səbəb olur. Ən təsirli səhnələrdən biri isə, kapitanın artıq yolun sonu olduğunu anlaması, öz idarə etdiyi gəminin içində də öləcəyini bilərək yaşadığı çarəsizlik...
Film 1912-ci ildə Atlantik okeanında batan əfsanəvi Titanik gəmisinin real tarixindən bəhs etsə də, onun əbədi şöhrət qazanmasının səbəbi faciənin özü yox, həmin faciənin içində doğulan sevgi, seçim və insanlıq hekayəsi oldu. Hadisələrin mərkəzində sosial təbəqələri tam fərqli olan iki gənc dayanırdı — kasıb, azad ruhlu rəssam Cek Douson və varlı ailədən olsa da öz həyatına qərar verə bilməyən gənc qız Roza Dyuitt Bukater. Roza obrazını Kate Winslet, Cek obrazını isə Leonardo DiCaprio canlandıraraq kino tarixinin ən unudulmaz sevgi duetlərindən birini yaratdılar. Roza zahirən zəngin və təhlükəsiz həyat yaşasa da, daxilən azadlıq həsrəti çəkirdi, ailəsinin qərarı ilə sevmədiyi insanla evlənməyə məcbur edilən gənc qız üçün Titanik səyahəti yeni həyat deyil, sanki qızıl qəfəsə doğru yol idi və o, ümidsizlik içində gəminin göyərtəsində dayanarkən taleyi onu Ceklə qarşılaşdırdı. Cek Rozaya yalnız sevgini deyil, yaşamağın mənasını göstərdi, qorxmadan gülməyi, risk etməyi, həyatı hiss etməyi öyrətdi və qısa zaman ərzində onların arasında yaranan bağ sosial sərhədləri aşaraq saf və səmimi duyğuya çevrildi. Lakin tarix dəyişməz qaldı və “batmaz” hesab edilən gəmi aysberqlə toqquşaraq qaçılmaz sona doğru irəlilədi, gecənin qaranlığında başlayan panika minlərlə insanın taleyini bir anda dəyişdi, xilas qayıqları çatmadı, ümidlər sulara qərq oldu və həmin anlarda Cek seçim etdi - yaşamaq yox, sevdiyi insanı yaşatmaq seçimini. O, buz kimi okean sularında Rozanı taxta üzərində saxlayaraq özü donaraq həyatını itirdi və bu səhnə kino tarixinin ən təsirli anlarından birinə çevrildi. Roza isə sağ qaldı, lakin həmin gecə onun yalnız sevgisini deyil, bütün həyatını dəyişdi. Filmin illər sonrakı hissəsində artıq yaşlı Roza baş verənləri xatırlayarkən tamaşaçı anlayır ki, Cekin qurbanlığı bir insanı xilas etməkdən daha böyük məna daşıyırdı, o, Rozaya qorxmadan yaşamağı öyrətmişdi və Roza sonrakı ömründə səyahət etdi, arzularını reallaşdırdı, azad yaşadı və hər addımında Cekin ona verdiyi cəsarəti özü ilə daşıdı. Filmin emosional təsirini tamamlayan Celine Dion tərəfindən ifa olunan My Heart Will Go On mahnısı isə zaman keçdikcə sevginin və xatirələrin səsinə çevrildi. “Titanik” yalnız rekord qıran film olmadı, o, insanların hisslərini dəyişən, kinoya baxışını yeniləyən və milyonlarla tamaşaçı üçün şəxsi xatirəyə çevrilən bir fenomen oldu.
Bu sadəcə bir maliyyə rekordunun ildönümü deyil, insanlara bir həqiqəti xatırladan gündür: bəzi hekayələr faciə ilə bitir, bəzi sevgilər yarım qalır, bəzi insanlar okeanın soyuq sularında itir, amma həqiqi sevgi zamanın, məsafənin və ölümün belə məğlub edə bilmədiyi yeganə hiss olaraq qalır, çünki Titanik batdığı gecə bir gəmi yox oldu, lakin Cek və Rozanın hekayəsi insan yaddaşında əbədi üzməyə davam etdi və illər keçsə də dünya hələ də eyni sualı verir- bəlkə də insanı ölümsüz edən yaşadığı ömür deyil, kiminsə qəlbində buraxdığı izdir?
Fatimə Məmmədova
11:55 01.03.2026
Oxunuş sayı: 560