Ər-arvad bir-birlərinə qarşı mənəvi zərər iddiası qaldıra biləcək - Bu nə qədər yaxşıdır?
Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.
Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.
Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.
Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.
Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.
Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.
Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsidir.
Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.
Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.
Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.
Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.
Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.
Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.

Mövzu barədə Crossmedia.az-a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib ki, bu məsələ son dərəcə həssas xarakter daşıyır və ona bir neçə aspektdən — hüquqi, sosial və ailə institutunun gələcəyi baxımından yanaşmaq zəruridir: "İlk növbədə dəqiqləşdirmək lazımdır ki, burada söhbət yeni qanundan deyil, Azərbaycan Ali Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqedən, məhkəmə təcrübəsinin vahidləşdirilməsi və plenum qərarlarının tətbiqi kontekstindən gedir. Yəni məsələ ondan ibarətdir ki, ailədaxili münasibətlərdə vurulan mənəvi zərərin mülki-hüquqi məsuliyyət predmeti olub-olmaması daha aydın şəkildə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mənəvi zərərin ödənilməsi ümumi qaydada mümkündür və bu, qanunvericilikdə nəzərdə tutulmuş ümumi hüquqi mexanizmdir. İndiyədək praktikada ailədaxili münasibətlər çox vaxt şəxsi münasibətlər kimi qiymətləndirilir, ayrıca kompensasiya mexanizmi isə nadir hallarda tətbiq edilirdi. Lakin artıq hüquqi yanaşma ondan ibarətdir ki, bir şəxs digərinə hüquqa zidd hərəkətlə mənəvi zərər vurursa, həmin münasibətin ailə daxilində və ya ailədən kənarda baş verməsi məsuliyyəti istisna etmir. Bu, hüquqi baxımdan məntiqli yanaşmadır. Çünki Konstitusiya və Mülki Məcəllə şəxsin şərəf və ləyaqətinin qorunmasını təmin edir və nikah faktı bu hüquqları aradan qaldırmır".
Ə.Nuriyev əlavə edib ki, Mülki Məcəllənin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə həsr olunmuş müddəaları da bu yanaşmanı təsdiqləyir: "Qanunvericiliyə görə, mülki hüquq pozuntusu dedikdə hüquqla qorunan maraqlara zərər vuran, təqsirli və hüquqa zidd hərəkət və ya hərəkətsizlik başa düşülür və belə hallarda şəxs mülki-hüquqi məsuliyyət daşıyır. Bu baxımdan ailədaxili zorakılıq, təhqir və sistemli psixoloji təzyiq halları cinayət tərkibi yaratmasa belə, ciddi mənəvi zərərə səbəb ola bilər və hüquqi müdafiə mexanizmlərinin tətbiqi zəruri hesab olunur.
Ali Məhkəmənin bu istiqamətdə hüquqi mövqeyinin formalaşdırılması hüquqi dövlət prinsipləri və qanunun aliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma hüquqi müdafiə imkanlarını genişləndirir və məhkəmə təcrübəsində vahidliyin təmin olunmasına xidmət edir. Bununla yanaşı, müəyyən sosial risklərin mövcudluğu da istisna edilmir. Belə ki, bu cür iddialar boşanma proseslərini daha konfliktli edə, qisas xarakterli müraciətlərin artmasına səbəb ola və sübutetmə baxımından çətinliklər yarada bilər. Çünki mənəvi zərər subyektiv kateqoriya olduğundan, onun müəyyən edilməsi üçün ciddi və obyektiv sübutlar tələb olunur.
Bəzi yanaşmalarda bu qərarın ailə institutuna mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da səsləndirilir. Lakin norma sui-istifadə olunmazsa, məhkəmələr tərəfindən balanslı və yüksək sübut standartları əsasında tətbiq edilərsə, bu qərar ailə institutunu zəiflətməyəcək, əksinə, zorakılıq və təhqir davranışlarının qarşısının alınmasına xidmət edəcəkdir. Hüquq ailəni qorumaq naminə ədalətsizliyi legitimləşdirə bilməz.
Nəticə etibarilə hesab edirəm ki, Ali Məhkəmənin bu hüquqi mövqeyi hüquqi baxımdan əsaslandırılmış və insan ləyaqətinin müdafiəsi prinsiplərinə uyğun yanaşmadır. Bu, həm də konstitusion hüquqların təmin edilməsi baxımından mühüm addımdır. Lakin onun tətbiqi ehtiyatla, balanslı yanaşma və yüksək sübut standartları əsasında həyata keçirilməlidir. Əks halda, ailə mübahisələrinin kommersiyalaşması, emosional münasibətlərin daha da kəskinləşməsi və məhkəmələrin iş yükünün artması kimi mənfi nəticələr yarana bilər. Əsas prinsip isə ondan ibarətdir ki, nikah tərəflərin hüquqi statusunu dəyişə bilər, lakin onların fundamental insan hüquqlarını məhdudlaşdırmır; əgər bir tərəf digərinin şərəf və ləyaqətini sistemli şəkildə alçaldır, psixoloji təzyiq göstərir və ya ictimai reputasiyasına zərər vurursa, hüquqi müdafiə mexanizmləri mütləq mövcud olmalıdır".

Sosioloq Rəvan Əliyev isə söyləyib ki, Ali Məhkəmənin bundan sonra ər-arvadın bir-birinə qarşı mənəvi zərər iddiası qaldıra bilməsi ilə bağlı mövqeyi cəmiyyət üçün ciddi siqnaldır. Mən bunu sosioloq kimi iki aspektdən qiymətləndirirəm: "Birincisi, ailə artıq “toxunulmaz zona” deyil. Əgər bir şəxs – istər qadın, istər kişi – ailə daxilində sistemli təhqirə, alçaltmaya, psixoloji zorakılığa məruz qalırsa, onun hüquqi müdafiə mexanizmi olmalıdır. Ailə münasibəti heç kimə digərinin ləyaqətini tapdalamaq imtiyazı vermir".
Sosioloq qeyd edib ki, bu baxımdan belə hüquqi imkanın olması vacibdir: "İkincisi, reallığı da demək lazımdır: bu cür iddialar ailə institutunu daha da zəiflətmək riski daşıyır. Onsuz da boşanma statistikası artır, emosional dözümlülük azalır, konflikt mədəniyyəti zəifdir. Əgər hər emosional qarşıdurma məhkəmə predmetinə çevrilərsə, bu, ailəni hüquqi müstəviyə sıxışdırıb sosial və mənəvi bağları daha da sarsıda bilər. Amma əsas məsələ budur: qanun boşanmaya təşviq etmir, zorakılığa sərhəd qoyur. Əgər münasibət sağlamdırsa, heç kim məhkəməyə getməyəcək. Bəli, belə qanunlara ehtiyac var. Çünki cəmiyyət dəyişib. Psixoloji zorakılıq artıq “ailə sirri” kimi gizlədilə bilməz. Ləyaqətin qorunması heç də ailə institutundan daha aşağı dəyər deyil".
Ayhan
12:26 27.02.2026
Oxunuş sayı: 701