Xocalı: Qorxudan gücə, qaranlıqdan işığa
Uşaq vaxtı bu söz evimizdə qəribə bir ağırlıqla deyilirdi – Xocalı! Böyüklər danışanda sanki otağın havası dəyişirdi.
Televizorda göstərilən o qarlı, dumanlı kadrlar mənə uzun illər qışın rəngini dəyişdi. Qar artıq sakitlik, təmizlik deyildi – yarım qalmış ümidlər, davamı gəlməyən həyatların səssiz şahidinə çevrilmişdi. O, artıq susqunluğun rəngi idi.
Bizim nəsil Xocalını əvvəl qorxu kimi tanıdı. Qorxmuş baxışlar, geri dönməyən yollar, yarım qalmış talelər...
O vaxt siyasəti, müharibəni anlamırdıq. Sadəcə hiss edirdik ki, böyüklərin gözündə bir ağrı və o ağrının da bir adı var – Xocalı!
Zaman keçdikcə Xocalı haqqında faktları öyrəndik.
Rəqəmlər, adlar, şahid ifadələri...
Amma qəribədir ki, bu faciəni bizim yaddaşımıza həkk edən sadəcə bunlar olmadı. Onu yaddaşa yazan unudulmayan dəhşət hissi, bir millətin içində uzun illər sağalmayan boşluq idi.
İllər keçdikcə Xocalı bizim üçün təkcə faciə deyil, kimlik məsələsinə çevrildi. Məktəbdə 26 fevral tədbirlərində şeir deyəndə belə səsimiz titrəyərdi. O titrək səs uşaqlıqdan vətəndaşlığa keçidin ilk işarəsi idi. Biz onda öyrənirdik ki, tarix sadəcə keçmiş deyil, o həm də insanın içində yaşayan ağrıdır.
Mənə görə Xocalı üç mərhələdən keçib, əvvəl kədər idi, sonra qəzəb oldu, bu gün isə qürur və dirçəlişdir. Uzun illər xəritədə qara nöqtə kimi göstərilən yer indi yaddaşımızda işığa çevrilir.
26 fevral təkcə matəm deyil. Bəli, bu tarixdə göz yaşı var. Amma bu tarix eyni zamanda yaddaşdır. Yaddaş isə millətin onurğa sütunudur. Əgər bir xalq öz ağrısını unutmursa, deməli, gələcəyini də itirmir.
26 fevral yalnız keçmişə baxmaq üçün deyil. O, gələcəkdə eyni səhvlərin təkrarlanmaması, yaddaşın diri qalması üçündür!
Bu gün Xocalı dirilən şəhərdir!
Bu gün Xocalı qaranlıqdan doğan işıqdır!
Bu gün Xocalı qorxmuş baxışlardan doğan gücdür!
Bu gün yaddaşdır, dirçəlişdir, ümiddir!
Və ən əsası – 26 fevral bizi biz edən gündür!
Mənim üçün Xocalı qorxunun simvolu deyil artıq. O, qorxunun gücə çevrilişinin simvoludur.
Uşaq vaxtı baxıb anlamadığım o baxışlar bu gün mənə başqa bir şey deyir: insan sınsa da, yaddaş sınmamalı, unutmamalı, tarix susmamalıdır!
Bəlkə də Xocalının ən böyük izi budur: o, bizi böyütdü. Uşaq kimi dinlədiyimiz bir hadisə, illər sonra vətəndaş kimi düşündüyümüz bir həqiqətə çevrildi.
Nigar Yahyazadə
14:05 26.02.2026
Oxunuş sayı: 575