Beynəlxalq Ana Dili Gününə həsr olunan “Azərbaycan tarixi” layihəsi təqdim edilib
Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi Beynəlxalq Ana Dili Gününə həsr olunan “Azərbaycan tarixi” ("History of Azerbaijan") layihəsini təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Layihə gənc nəslin iştirakı ilə animasiya formatında hazırlanıb və daha əvvəl “ELTV Production” ilə birgə həyata keçirilən, Azərbaycan tarixinin mühüm mərhələlərini əks etdirən “History of Azerbaijan” qısametrajlı filmlərin davamıdır.
Layihənin əsas məqsədi uşaqlara Azərbaycan tarixində baş verən mühüm hadisələri daha anlaşılan, maraqlı və vizual formada təqdim etmək, onlarda milli kimlik və tarixi bilgiləri gücləndirməkdir. Animasiya formatı uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq seçilib və materialların daha effektiv mənimsənilməsinə xidmət edir. Layihə həm Azərbaycan, həm də ingilis dillərində təqdim olunur.
Bu təşəbbüsün əsas prinsiplərindən biri uşaqların yaradıcı prosesdə birbaşa iştirak etməsidir. Dəfələrlə Azərbaycan adına uğurlar qazanan, beynəlxalq rəsm və animasiya festivallarının çoxsaylı qalibi, balaca və istedadlı rəssam Kövsər Qurbanın animasiya işində təmənnasız dəstəyi layihəyə xüsusi dəyər qatıb. Gənc nəslin bu cür təşəbbüslərdə fəal iştirakı onların öz tarixi və mədəni irsinə bağlılığını daha da gücləndirir.
Layihənin ideya müəllifi “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənovadır. Animasiya işləri rəssam Kövsər Qurbana, rəsmlərin müəllifləri isə Kövsər Qurban və İnci Qurbana məxsusdur. Tarix üzrə məsləhətçi Zamiq Əliyev olub. Səs yazısı və texniki dəstək “ELTV Production”, film introsu Vüsalə Rüstəmzadə, səsləndirmə isə Kövsər Qurban, Yunus Məmmədov, Banu Novruzlu, Şəhrizad İbrahimli və Kənan Kamil tərəfindən həyata keçirilib.
14:37 25.02.2026
Oxunuş sayı: 496