Elmdə yeni təhlükə? - süni intellektlə yazılan məqalələr narahatlıq doğurur
Son illərdə texnologiyanın sürətli inkişafı bəşəriyyəti yeni bir mərhələyə gətirib çıxarıb və bu mərhələnin mərkəzində süni intellekt dayanır.
Artıq süni intellekt yalnız texniki yenilik deyil, elmi və akademik mühitin ayrılmaz hissəsinə çevrilməkdədir. Tədqiqat prosesindən mətn redaktəsinə, statistik analizdən ideya generasiyasına qədər bir çox sahədə onun imkanları geniş şəkildə tətbiq olunur.
Bu dəyişikliklər elmi fəaliyyətin formasını və metodologiyasını yenidən düşünməyi zəruri edir. Xüsusilə, akademik yazı prosesində süni intellektdən istifadə məsələsi ciddi müzakirə predmetinə çevrilib. Bir tərəfdən o, zaman qazandıran və məhsuldarlığı artıran alət kimi qiymətləndirilir, digər tərəfdən isə etik və metodoloji risklər doğurur.
Plagiat, uydurma istinadlar və tənqidi düşüncənin zəifləməsi kimi təhlükələr bu texnologiyaya ehtiyatlı yanaşmanı vacib edir. Elm yalnız nəticə deyil, həm də düşünmə və analiz prosesidir və bu prosesin mərkəzində insan zəkası dayanmalıdır.
Buna görə də süni intellektin rolu düzgün müəyyənləşdirilməli və onun istifadəsi şəffaf çərçivədə tənzimlənməlidir. Məhz bu kontekstdə süni intellektin elmi yaradıcılıqdakı yeri və sərhədləri xüsusi diqqət tələb edən aktual mövzu kimi önə çıxır.
Mövzu ilə bağlı bəzi ekspertlər Crossmedia.az-a açıqlama verib.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu gün süni intellekt yalnız texnoloji vasitə yox, həm də həyatımızın ayrılmaz hissəsidir.

"Süni intellekt məlumatın toplanmasını və araşdırılması baxımından çox əhəmiyyətlidir. Dil strukturlaşdırması və zənginləşdirilməsi baxımından mühüm rol oynayır. Dil zəifliyi olan tədqiqatçılar üçün bu böyük önəm kəsb edir. Statistik analiz və kod yazımı barədə bu müəyyən qədər zaman qazandırır. Həmçinin ideya inteqrasiyası baxımından yeni mövzular əldə etmək və bunları genişləndirmək baxımından faydalıdır. Yəni, süni intellekt elmi işi araşdıran alət kimi görülməlidir."-, deyə o, süni intellektin faydalarından danışıb.
Ekspert həmçinin qeyd edib ki, bunun riskləri və yarada biləcəyi problemlər də var.
"Əsas problem buradadır ki, süni intellekt plagiata səbəb ola bilər, yoxlanılmamış və uydurma istinad ola bilər, tənqidi düşüncənin və elmi məsuliyyətin zəifləməsinə səbəb ola bilər. Əgər tədqiqatçı süni intellektin yazdığı mətni olduğu kimi təqdim edirsə, bu artıq akademik etikaya ziddir. Çünki, elm yalnız nəticə deyil, düşünmə prosesidir. Mənim mövqeyim isə bundan ibarətdir ki, süni intellekti nəinki istifadə etmək olar, hətta bu mütləqdir. Lakin o, müəllifin yerinə düşünməməlidir. Mənbə və faktlar dəqiq şəkildə göstərilməli, nəticələr mütləq qaydada insan tərəfindən yoxlanmalıdır.
Burada süni intellekt kalkulyator kimidir. Təbii ki, heç kim kalkulyator istifadə etdiyi üçün alimliyini itirmir, amma kalkulyatorun nəticəsini analiz etmədən təqdim etmək qeyri-peşəkarlıqdır və yolverilməzdir."
Rizvan Fikrətoğlu onu da bildirib ki, yaxın gələcəkdə ali təhsil müəssisələri də süni intellektdən istifadəni rəsmiləşdirməlidir.
O, daha sonra suni intellektin düşüncəni zəiflətmədiyini, əksinə zəif tədqiqatçını ortaya çıxardığını deyib.
Sözügedən mövzuya Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov də münasibət bildirib.

"Son günlər dünyamız yeni bir icadla üz-üzədir. Süni intellektin istifadəsi getdikdə yayılır və bu imkanlardan geniş istifadə olunur. Elm sahəsində də biz bunu görürük, eləcə də digər sahələrdə və təbii olaraq bu normaldır. Elmi əsərlərin, işlərin yazılması zamanı süni intellektdən istifadə, mən hesab edirəm ki, plagiat yazının bir formasıdır. Süni intellektdən kopyalamaq məqsədi ilə yox, daha çox öyrənmək, daha çox mənbəyə əlçatımlılıq yarada bilmək üçün istifadə olunmalıdır. Lakin əks halda bu bizə ciddi problemlər yarada bilər. Bunun üçün də hər birimiz daha diqqətli və məsuliyyətli olmalıyıq. Hər birimiz töhvə vermək üçün hazır olmalıyıq. Çünki, dediyim kimi bu tendensiyanın qarşını almaq, obyektiv yanaşmaq lazımdır."-, deyə deputat qeyd edib.
Daha sonra İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov məsələyə münasibət bildirərkən deyib ki, burada əsas məsələ insanın öz idarəçi faktorunu qoruması, süni intellektin isə sadəcə bir qurğu olduğunu anlamasıdır.

"Süni intellektin elmi yaradıcılığa daxil olması elmi fəaliyyətin mahiyyətini kökündən dəyişsə də, burada əsas prinsip "insan zəkası – idarəçi, süni intellekt – alət" balansıdır. Bu texnologiya faktların analizi, mətnin strukturlaşdırılması və dil redaktəsi kimi rutin proseslərdə alimin səmərəliliyini artıraraq onu texniki yükdən azad edir. Lakin elmi əsərin ruhunu təşkil edən orijinal ideya, tənqidi təhlil və nəticələrin doğruluğuna görə məsuliyyət yalnız insana məxsus qalmalıdır. Süni intellektin uydurma faktlar ("hallusinasiyalar") yaratma riski hər bir nəticənin ciddi şəkildə çarpaz yoxlanılmasını (fact-checking) zəruri edir."-, deyə ekspert bildirib.
Elvin Abbasov müasir standartlara uyğunlaşmanın zəruriliyini vurğulayaraq, akademik dürüstlük və etik normalar çərçivəsində süni intellektin müəllif yoldaşı kimi deyil, şəffaf şəkildə bəyan edilməli olan bir metodoloji vasitə kimi qəbul edilməli olduğunu bildirib.
"Müasir elm dünyasında əsas tələb bu texnologiyadan istifadəni gizlətmək deyil, tədqiqatın hansı mərhələsində ondan yararlanıldığını açıq şəkildə göstərməkdir. Belə şəffaflıq həm elmin saflığını qoruyur, həm də süni intellektin gətirdiyi sürətin elmi keyfiyyətə zərər verməsinin qarşısını alır. Nəticə etibarilə, süni intellekt elmi əsəri yazan deyil, yazılma prosesini təkmilləşdirən bir dəstək mexanizmi olaraq qalmalıdır."-deyə o, əlavə edib.
Turqut Ansari
15:38 25.02.2026
Oxunuş sayı: 762