Uşaqlar niyə yalan danışır? - Psixoloq valideynlərə səsləndi
Valideynlərlə övladları arasında tez- tez müxtəif səviyyəli münaqişələr, mübahisələr olur. Bunun əsas səbəblərindən biri isə yalanlardır. Bəzən övladlar ana- atalarına yalan danışırlar. Ekspertlərə görə, bunun müxtəlif səbəbləri var. Məsələ isə budur ki, səbəbdən asılı olmayaraq, yalan yalandır və xüsusilə uşaqların valideynlərini aldatması heç də yaxşı hal deyil.

Bu barədə Crossmedia.az-a danışan psixoloq Aynur İsgəndərova deyib ki, uşaqların yalan danışması məsləsində yaş kateqoriyası da müəyyən rol oynaya bilər: "Ümumiyyətlə isə adətən yalanın əsas səbəbi mümkün cəzadan qurtulmaq cəhdi olur. Cəzanın müxtəlif növləri var- fiziki, psixoloji, uşaqların sevdikləri məşğuliyyətlərinin, o cümlədən telefonla oynamaqlarının məhdudlaşdırılması və s. Bəzən uşaqlar özlərini müdafiə etmək, bu cəzalara məhkum olmamaq üçün yalan danışmalı olurlar".
Müsahibimiz söyləyib ki, bu məsələdə valideynlərin özlərinin də öhdəsinə xüsusi rol düşür: "Biz övladlarımıza səhv etməməyi və səhv edəndə onu qəbul etməyi öyrətməliyik. Yəni məsələ daha çox valideyndən asılıdır. İlk növbədə nəzərə almaq laızmdır ki, biz övladlarımızı doğru bildiklərimizi etməyə təkid edə edə bilmərik. Bu, düzgün deyil. İkincisi isə məsələyə özümüzdən başlamalıyıq. Övladlarımız bizdən gördüklərini təkrarlayırlar. Bəzən analar övladlarına nəyisə deyir və tapşırırlar ki, bunu atalarına deməsinlər. Və ya əksinə. Bu, göründüyü qədər bəsit məsələ deyil".
15:21 25.02.2026
Oxunuş sayı: 954