AMEA-nın Ümumi yığıncağında Akademiyanın illik hesabat məruzəsi dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Akademiyanın 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib.
Crossmedia.az xəbər verir ki, məruzəni AMEA-nın akademik-katibi akademik Arif Həşimov təqdim edərək hesabat məruzəsinin AMEA-nın Nizamnaməsinə uyğun olaraq hazırlandığını və Akademiyanın hesabat dövründəki elmi, təşkilati və beynəlxalq fəaliyyətini əhatə etdiyini diqqətə çatdırıb.
Akademik Arif Həşimov qeyd edib ki, hesabat ilində AMEA öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və fərmanlar əsasında təşkil edib, dövlət başçısının “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir” tezisini elm qarşısında yeni prioritet kimi qəbul edib. Akademiyanın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarlarından irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Akademik-katib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını və 3 noyabr 2025-ci il tarixində keçirilən AMEA-nın 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirakını Azərbaycan elminə göstərilən diqqətin bariz nümunəsi kimi dəyərləndirib.
Akademik Arif Həşimov hesabat dövrü üzrə təqdim olunan elmmetrik göstəricilərin əvvəlki illərlə müqayisədə elmi tədqiqatların dayanıqlı inkişafını təsdiqlədiyini bildirib.
Məruzədə AMEA-nın Humanitar, İctimai, Kimya, Biologiya və Tibb, Fizika-Riyaziyyat və Texnika, Yer Elmləri bölmələri üzrə əldə olunan mühüm elmi nəticələr, aparılan fundamental və tətbiqi tədqiqatlar diqqətə çatdırılıb.
Akademik Arif Həşimov AMEA-nın Humanitar Elmlər Bölməsi üzrə 2025-ci ildə əldə olunmuş əsas elmi nəticələrdən bəhs edib. Bildirib ki, bölmə çərçivəsində klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqi, türkoloji və mədəniyyətşünaslıq istiqamətləri üzrə araşdırmalar aparılıb, eləcə də ədəbiyyat və musiqi sahəsində yeni elmi yanaşmalar formalaşdırılıb.
İctimai Elmlər Bölməsi üzrə isə tarix, filologiya və arxeologiya sahələrində aparılan tədqiqatlar diqqətə çatdırılıb. Atropatena dövləti ilə bağlı araşdırmalar, dini-etnik mövzular üzrə elmi nəticələr, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji tədqiqatlar hesabatda əksini tapıb.
Kimya Elmləri Bölməsində molekulyar elektronika və materialşünaslıq sahəsində fundamental nəticələr, eləcə də neft sənayesində tətbiq olunan “Parkorin-22A” inhibitor-bakterisidinin istehsalı xüsusi qeyd edilib.
Biologiya və Tibb Elmləri Bölməsi üzrə quraqlıq stresinə davamlı bitki genotiplərinin tədqiqi, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində süd vəzisi xərçəngi ilə bağlı aparılan tədqiqatların nəticələri təqdim olunub.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində radiasiya təhlükəsizliyi, ekoloji problemlər, süni intellekt, böyük verilənlərin analitikası, rəqəmsal dövlət, informasiya təhlükəsizliyi, kosmik və nüvə tədqiqatları istiqamətində aparılan elmi işlər məruzədə əksini tapıb.
Yer Elmləri Bölməsi üzrə “Digital Caspian” interaktiv məlumat bazasının yaradılması, Xəzər dənizində külək rejiminin dəyişmələrinin tədqiqi, eləcə də ölkənin su ehtiyatlarının qiymətləndirilməsi sahəsində əldə olunan nəticələr diqqətə çatdırılıb. Hesabatda Azərbaycanın su ehtiyatları ilə təminat göstəriciləri də konkret rəqəmlərlə təqdim olunub.
Hər bir bölmə üzrə elmmetrik göstəricilər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bununla yanaşı, Seysmoloji Xidmət Mərkəzi, Naxçıvan və Gəncə bölmələri, Şəki və Lənkəran regional elmi mərkəzlərinin fəaliyyəti, arxeoloji və tarixi tədqiqatların nəticələri, “Azərbaycan Milli Ensiklopediyası”nda həyata keçirilən tədbirlər, AMEA Mərkəzi Elmi Kitabxanası və AMEA “Elm” Nəşriyyatında kitabxana və nəşriyyat fəaliyyəti üzrə görülən işlər, “Azərbaycan Milli Ensiklopediyası” və “Heydər Əliyev Ensiklopediyası” ilə bağlı redaksiya prosesləri barədə məlumat verilib.
Məruzəçi beynəlxalq elmi əlaqələr çərçivəsində görülmüş tədbirlər barədə də məlumat verərək, AMEA-nın 2025-ci ildə 30-a yaxın əməkdaşlıq sənədi imzaladığını, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Baş Assambleyasının iclasında təmsil olunduğunu qeyd edib.
Alim, həmçinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən Azərbaycan dilinin süni intellekt tərəfindən işlənilməsinin dəqiqliyinin artırılmasına xidmət edən “qızıl standart”ının yaradılması üçün modelin işlənildiyini vurğulayıb.
Akademik Arif Həşimov AMEA-nın 80 illiyi münasibətilə “AMEA-nın döş nişanı”, eyni zamanda “Əziz Səncər”, “Yusif Məmmədəliyev”, “Üzeyir Hacıbəyli” və “Lev Landau” döş nişanlarının təsis edilməsi, Türkiyənin Ankara şəhərində, Bakı Dövlət Universitetində, Qarabağ Universitetində və bir sıra digər universitet və təşkilatlarda yubiley tədbirlərinin keçirilməsi, akademik İsa Həbibbəylinin Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilməsi və Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında “Gənclər Akademiyası”nın yaradılmasını hesabat dövrünün əlamətdar hadisələri kimi qeyd edib.
Sonda AMEA-nın akademik-katibi bildirib ki, bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində və əhatə etdiyi elmi istiqamətlər üzrə respublikanın digər elm və ali təhsil müəssisələrində 2025-ci ildə aparılmış tədqiqatları və əldə edilmiş mühüm elmi nəticələri yüksək qiymətləndirmək olar.
13:45 25.02.2026
Oxunuş sayı: 587