ABŞ-ın Cənubi Qafqazdakı rolu və strateji maraqları artır
“The Israel National News – Arutz Sheva” veb saytında Reyçel Abrahamın ABŞ-ın Cənubi Qafqazda genişlənən iştirakı ilə bağlı məqaləsi dərc edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məqalədə bildirilir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vensin Ermənistan və Azərbaycana səfərləri Vaşinqtonun Rusiya, İran və Çinin artan iqtisadi fəaliyyətinə cavab olaraq regiona strateji diqqətini artırmaq istəyini nümayiş etdirir.
Azərbaycanın Orta Dəhlizdə əsas halqa və Avropa üçün enerji tərəfdaşı kimi əhəmiyyəti vurğulanır. ABŞ-ın enerji təchizatının şaxələndirilməsində, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində və Ermənistan-Azərbaycan nizamlanmasının asanlaşdırılmasında rolu qeyd olunur.
Məqalədə həmçinin ABŞ-ın strateji həddindən artıq yüklənmə risklərinə, İranla mümkün eskalasiyaya və vasitəçiliyə etibarın itirilməsinə diqqət çəkilir. Çin tərəfindən “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində artan iqtisadi iştirak da xüsusi qeyd olunur.
13:20 25.02.2026
Oxunuş sayı: 733