Qanla yazılan fevral və bərpa olunan tarixi ədalət
Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxmış Xocalı soyqırımı XX əsrin ən ağır insanlıq cinayətlərindən biri olaraq qalır. Bu faciə bir şəhərin, bütövlükdə bir xalqın hədəf alındığını sübut edən qanlı hadisə idi. 1992-ci ilin fevralında baş verənlər müharibə qaydalarının, beynəlxalq hüququn və elementar humanizm prinsiplərinin açıq şəkildə tapdanması ilə yadda qaldı. Xocalı mülki əhalinin sıx yaşadığı, strateji mövqedə yerləşən yaşayış məntəqəsi idi. Şəhər uzun müddət mühasirədə saxlanılmış, əhali ərzaq və tibbi yardımdan məhrum edilmişdi. Hücum gecəsi ağır silahlar, zirehli texnika və artilleriya vasitələri ilə şəhərə total atəş açıldı. Qaçmağa çalışan dinc sakinlər meşələrdə, dərələrdə, açıq sahələrdə amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar, yaşlı insanlar xüsusi qəddarlıqla öldürüldü, yüzlərlə şəxs girov götürüldü, bir çoxunun taleyi bu günədək naməlum olaraq qalır. Bu faciə təsadüfi hadisə deyildi. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi idi. Məqsəd Qarabağ bölgəsində azərbaycanlı izini silmək, qorxu yaratmaq və əhalini kütləvi şəkildə köçməyə məcbur etmək idi. Xocalıda törədilən vəhşiliklər bu niyyətin açıq təzahürü oldu.
Faciədən sonra uzun müddət beynəlxalq müstəvidə ədalətin bərpası mümkün olmadı. Bununla belə, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürütməyə başladı. Bu məsələyə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə Xocalı faciəsi rəsmi şəkildə soyqırımı kimi tanındı və 26 fevral tarixinin milli matəm günü elan edilməsi bu məsələyə dövlət səviyyəsində münasibətin göstəricisi oldu. Sonrakı dövrdə bu siyasi xətt ardıcıl şəkildə davam etdirildi. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, soyqırımın tanınması, qurbanların xatirəsinin yad edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, beynəlxalq tədbirlər və maarifləndirmə kampaniyaları mühüm rol oynadı. Tarixi ədalətin real təcəssümü isə 2020-ci ildə baş verdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları azad etdi. Bu qələbə təkcə hərbi nailiyyət deyil, həm də Xocalı qurbanlarının ruhuna ünvanlanan cavab idi. Müharibə dövründə Ermənistanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini raket atəşinə tutması bir daha göstərdi ki, mülki əhaliyə qarşı zorakılıq bu dövlətin hərbi-siyasi yanaşmasının ayrılmaz hissəsidir. Müharibədən sonra bölgədə yaranmış yeni reallıq Xocalı faciəsinə baxışı da dəyişdirdi. Artıq bu soyqırım anım günləri məğlubiyyət psixologiyası ilə deyil, bərpa olunmuş ədalət və qazanılmış qələbə fonunda qeyd olunur. 2023-cü ilin oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağını ucaltması bu prosesin simvolik yekunu oldu. Bu hadisə göstərdi ki, Xocalı nə unuduldu, nə də taleyin ümidinə buraxıldı. Bu gün Xocalı soyqırımı Azərbaycanın milli yaddaşında həm faciə, həm də dirəniş nümunəsi olaraq yaşayır. Bu hadisə gələcək nəsillərə tarix dərsi, beynəlxalq ictimaiyyətə isə məsuliyyət çağırışıdır. Cinayətkarların cəzasız qalması beynəlxalq hüququn nüfuzuna zərbə vurur. Xocalıda törədilənlərə hüquqi qiymətin verilməsi, günahkarların məsuliyyətə cəlb olunması insanlıq borcudur. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu yaddaş unudulmaq üçün deyil, ədalətin qorunması və bir daha belə faciələrin yaşanmaması üçün yaşadılır.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
09:20 25.02.2026
Oxunuş sayı: 369