Cadular, rituallar və kollektiv psixoz: Burari faciəsi və kor-koranə inancın dəhşətli bədəli
Tarix boyu elə hadisələr baş verib ki, illər keçsə də onların üzərindəki sirr pərdəsi tam açılmayıb.
Bu cür olaylar cəmiyyətdə daima suallar doğurub: bu
insanlar doğrudanmı qətlə yetirilib, yoxsa öz həyatlarına özləri son qoyublar? Hadisə
təsadüf idimi, yoxsa planlı bir prosesin nəticəsiydi? Bir çox hallarda bu
suallar cavabsız qalıb və həmin hadisələr “müəmmalı” kimi yaddaşlara həkk
olunub.
Belə faciələr zamanla unudulsa da, əslində onlar cəmiyyət
üçün sadəcə bir xəbər yox, ciddi bir dərs və xəbərdarlıq mahiyyəti
daşıyır.
Xüsusilə, vurğulamaq lazımdır ki, ritual, fal, cadugərlik,
mistik ayinlər və bu kimi nəzarətsiz inanclarla məşğul olmaq bəzən sadəcə fərdi
maraq kimi başlasa da, zamanla insanı reallıqdan uzaqlaşdıran, sağlam düşüncəni
zəiflədən və təhlükəli nəticələrə aparan bir yola çevrilə bilər.
Tarixdə baş
vermiş bu cür hadisələr açıq şəkildə göstərir ki, ağıl və məntiqdən uzaqlaşıb
rituallara, xurafata və kor-koranə inanclara bağlanan insanların sonu çox vaxt
faciə ilə bitir və bu cür nümunələr cəmiyyət üçün açıq bir xəbərdarlıqdır.
2018-ci ilin 1 iyul tarixində Hindistanın paytaxtı
Dehlinin Burari rayonunda baş verən hadisə həm ölkədə, həm də dünyada böyük şok
effekti yaratdı.
Chundawat ailəsinə
mənsub 11 nəfər öz evlərində, tavana yaxın bir nöqtədən yan-yana asılmış vəziyyətdə
ölü tapıldı. Hadisənin ilk saatlarında ictimaiyyətdə cinayət və ya
planlaşdırılmış kütləvi intihar ehtimalları müzakirə olunsa da, istintaq dərinləşdikcə
olayın arxasında daha mürəkkəb və psixoloji baxımdan narahatedici bir mənzərənin
olduğu üzə çıxdı.
Rəsmi araşdırmanı
aparan Dehli polisi və məhkəmə-tibbi ekspertiza zor tətbiqi, boğuşma və ya məcburiyyət
izlərinə rast gəlmədi. Qapıların kilidli olmaması və qaçış əlamətlərinin qeydə
alınmaması isə ailə üzvlərinin son ana qədər baş verənlərin “uğurlu nəticələnəcəyinə”
inandıqlarını göstərdi.
Araşdırmalar zamanı məlum oldu ki, ailənin əsas qərarverici
fiquru olan Lalit Chundawat illər boyunca mərhum atasının ruhu ilə əlaqə
saxladığına inanıb və bu “mesajları” ailə daxilində mütləq həqiqət kimi təqdim
edib.
Evdə tapılan əlyazma
dəftərlər hadisənin təsadüfi olmadığını ortaya qoydu; həmin qeydlərdə “xilas
olma”, “ruhun saflaşması”, “ataların ruhu ilə birləşmə” kimi anlayışlar fonunda
yerinə yetirilməli ritual mərhələləri addım-addım təsvir edilmişdi, hətta bədən
mövqeləri, vaxt ardıcıllığı və fiziki şərtlər detallı şəkildə yazılmışdı.
Ən sarsıdıcı məqam isə ritualın ölümlə nəticələnməyəcəyinə,
bunun müvəqqəti və “sınaq xarakterli” proses olduğuna dair açıq qeydlərin
olması idi.
Mütəxəssislər
bu hadisəni “paylaşılan psixotik pozuntu” kimi qiymətləndirərək, bildiriblər
ki, qapalı ailə mühitində dominant bir şəxsin psixotik inancları zamanla digərləri
tərəfindən də reallıq kimi qəbul edilə bilər və bu, kollektiv davranışa çevrilə
bilər.
Evə baxış zamanı divardan çölə doğru uzanan və heç bir
kommunikasiya sisteminə bağlı olmayan 11 boru aşkarlandı.Onların düzülüşü ölən
ailə üzvlərinin yerləşmə forması ilə uyğunluq təşkil edirdi; polis bunu
ritualın simvolik elementi kimi dəyərləndirdi.
Bütün faktlar
bir araya gətirildikdə, Burari hadisəsi klassik mənada dini ayin və ya sırf
şüurlu kütləvi intihar kimi deyil, təhlükəli və yanlış inanc sisteminin qapalı
ailə strukturu daxilində zamanla “mütləq həqiqətə” çevrilməsi nəticəsində baş
vermiş faciə kimi qiymətləndirilir.
Qeyd edək ki, hadisə beynəlxalq mediada, o cümlədən "BBC" və "The Guardian" kimi nüfuzlu nəşrlərdə geniş işıqlandırılıb, daha sonra isə House of Secrets: The Burari Deaths adlı sənədli serialda araşdırılıb.
Bu faciə cəmiyyət
üçün ciddi xəbərdarlıq kimi qəbul olunur: rasional düşüncədən uzaqlaşma, mistik
və nəzarətsiz inancları həyatın mərkəzinə çevirmə və sorğusuz itaət bəzən geri
dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Burari hadisəsi bunun ən sarsıdıcı real nümunələrindən
biri kimi tarixdə qalır.
Fatimə Məmmədova
01:13 26.02.2026
Oxunuş sayı: 519