Xocalı - tarixi yaddaşımız
Keçən əsrin sonlarından Sovet İttifaqının dağılma prosesinin başlanması bir tərəfdən ittifaqın tərkibinə daxil olan xalqlar üçün yeni ümid pəncərəsi yaratsa da, digər tərəfdən də, meydana çıxan yeni radikal və millətçi ideologiyalar hesabına bir çox xalqlar həm də ciddi sınaqlar və təhdidlər ilə üz-üzə qaldı. Proses bir tərəfdən ölkələrə azadlıq vəd etsə də, digər tərəfdən də müstəqilliyə can atan respublikalarda etnik münaqişələrin, separatizmin də baş qaldırmasına geniş imkanlar açdı. Tarixən qorxulu ideyalarını sovet qardaşlığı pərdəsi altında gizlədən millətçi erməni ideologiyası da tezliklə bu imkandan istifadə edərək Azərbaycana qarşı geniş şəkildə torpaq iddiaları ilə hücuma keçdi. Fakt budur ki, 1988-ci ildən etibarən Qarabağ bölgəsində separatçı meyllərin güclənməsi, Ermənistanın açıq və gizli dəstəyi ilə Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının irəli sürülməsi, silahlı toqquşmaların tədricən artması işi erməni ideoloqları və terrorçularının həyat amalına çevrildi. Təbii ki, sonradan məlum olacaqdı ki, bu işdə Ermənistana beynəlxalq təşkilatlar yardım pərdəsi altında, məhz erməni diaspor təşkilatları başda olmaqla çox ciddi maliyyə yardımları həyata keçirtmiş və bütövlükdə Qarabağın Azərbaycandan zorla qopardılaraq Ermənistana birləşdirməsini başlıca hədəf kimi qarşılarına qoymuşlar. Ermənistan rəhbərliyi və Qarabağda yerləşən ermənilər Kilsə və digər erməni təşkilatlarının köməyi ilə həmin illərdə ən müxtəlif qətliamlar, soyqırımı aktları törətmiş və nəticədə yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından köçürülməsinə, on minlərlə insanın isə məhv edilməsinıə nail olmuşlar. Bu qətliamlardan biri də Xocalı soyqırımıdır, təəssüf ki, həmin illərdə Azərbaycanın harayına, Xocalıda qətl edilən günahsız uşaqların, qocaların, silahsız insanların məhvinə sadəcə, dünyada adekvat yanaşmalar olmadı.
Təbii ki, işğal uzun müddət davam etsə də, əbədi
olaraq, sona kimi davam edə bilməzdi. Mütəmadi olaraq – otuz ilə yaxın böyük strategiya ilə Azərbaycan həm Xocalıya ədalət
prosesini, həm də bütövlükdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi
işğal faktını ən müxtəlif tribunalarda fakt kimi tanıtdırırdı. Beləliklə, bütövlükdə işğalın aradan
qaldırılmasını nəticə olaraq Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı məhz beynəlxalq hüququn, ədalətin bərpasını öz üzərinə
götürərək Ordumuzun qəhrəmanlığı sayəsində Qarabağımızı işğaldan azad etdi. Bu da bir danılmaz həqiqətdir ki, hazırda həmin
qətliamın ideoloqlarının, iştirakçılarının bir çoxu ədalət məhkəməsi qarşısında
cavab verməkdədir.
“Böyük
Ermənistan” yaratmaq xülyası ilə ermənilərin 1992-ci il fevralın 25-dən 26-sına
keçən gecə Xocalıda törətdikləri insanlığa sığışmayan, misli görünməmiş qəddarlıq
və vəhşilik, bütövlükdə, bəşəriyyətə qarşı bir cinayətdir. Bu mənfur, qanlı
cinaət nəticəsində minlərlə azərbaycanlı kütləvi şəkildə məhv edildi və ya əsir
götürüldü, Xocalı şəhəri isə tamamilə yerlə-yeksan edildi. Rəsmi məlumatlara
görə, həmin gecə 613-dən artıq insan qoca, uşaq, qadın amansızcasına qətlə yetirilmiş, yüzlərlə sakin isə
yaralanmış, 1000-dən çox şəxs erməni terrorçuları tərəfdən girov götürülmüş,
sonradan bir çoxları işgəncələr nəticəsində məhv edilmişdir. Bütün bu
faktlar isə hadisənin sırf hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı
yönəlmiş zorakılıq aktı olduğunu göstərdi və əslində bir çox təşkilatlar da
sonradan bunu etiraf etmək məcburiyyətində qaldı. Prosesin dinamikasına nəzər saldıqda görürük
ki, 1991-ci ilin sonlarından etibarən
Xocalı şəhəri faktiki olaraq mühasirəyə alınmış, əhali blokada şəraitində
yaşamaqda idi. Bu blokadanın nəticəsi
olaraq şəhərin və ətraf kəndlərin
elektrik enerjisi kəsilmiş, əhalinin isə
ərzaq və tibbi təminatı ciddi şəkildə məhdudlaşdırılmışdı. Azərbaycanın zəif durumu və hakimiyyət
böhranından istifadə edərək fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı
birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə
Xocalıya hücum etdi və nəticədə minlərlə insan öz ata-baba mülkündən məhrum
oldu, məhv edildi. Lakin Azərbaycan dövləti, onun siyasi rəhbərliyi Ulu Öndər
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə güclənərək baş verən
prosesin qarşısını almaqda israrlı idi və bunu təbii ki, etdi də.
2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümündə xalqa
müraciətində Ulu Öndərimiz Heydər Əliyev Xocalı qətliamının əsl qiymətini belə vermişdir: “Xocalı faciəsi
200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara
qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin
davamı və ən qanlı səhifəsidir”.
Faktların statistikası göstərir
ki, həmin zaman doğma torpağının müdafiəsinə qalxmış xalqımızın mübarizə əzmini
sarsıtmaq məqsədi ilə planlı şəkildə törədilmiş bu kütləvi, amansız qırğın aktı
burada yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etməyə
yönəlmişdir. Erməni-sovet hərbi birləşmələri qarşısında mərdliklə dayanan Xocalı
uğrunda vuruşanlar bu qeyri-bərabər döyüşdə
son nəfəslərinədək qəhrəmancasına əliyalın mübarizə apararaq şəhid oldular. Həmin zaman, bəla ondadır ki, erməni cəlladları
şəhərdən qaçıb xilas olmaq istəyən insanlara da aman verməmiş, dinc sakinləri,
qadın, uşaq, qoca, xəstə olmasından asılı olmayaraq, kütləvi olaraq yollarda,
meşələrdə pusquya salaraq xüsusi qəddarlıqla qətlə yetirmişlər.
Ulu Öndər Heydər Əliyev
hakimiyyətə qayıtdıqdan sonra ədalətin bərpası yolunda ciddi işlər həyata
keçirilməyə başladı. Dünya ictimaiyyətinin
nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaratmağa müvəffəq olmuş erməni
şovinizminə qarşı mütəşəkkil mübarizə cəbhəsi yaradıldı. Ermənilərin iç üzü
açılaraq tarixi həqiqətlər bir-bir üzə çıxmağa başladı və dünya ictimaiyyətinə
çatdırılmaq üçün ardıcıl və məqsədyönlü tədbirlərə təkan verildi.
Hazırda Ulu Öndərin adını
daşıyan Heydər Əliyev fondunun təşkilatçılığı
ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən
çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor
qurumları hakimiyyət orqanları ilə birgə səmərəli fəaliyyət göstərirlər. 44
günlük Vətən müharibəsində beynəlxalq miqyasda tanınmış tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalına
son qoymuş, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş şanlı Zəfərimiz
erməni şovinizminə sarsıdıcı zərbə endirdi. Xocalı soqırımı qurbanlarına qarşı
cinayət törədənlərin cavabı döyüş meydanında “Dəmir yumruq”la verildi. Düşmən
işğal etdiyi torpaqlardan qovuldu, soyqırımı qurbanlarının qisası alındı. Bu
tarixi bir qələbə və ədalətin bərpası idi. Hazırda Ulu öndərin siyasətini
uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Xocalı həqiqətlərini
beynəlxalq kürsülərdən dünyaya çatdırılması, bu soyqırıma obyektiv qiymət
verilməsi istiqamətində davamlı addımlar ataraq, bir çox beynəlxalq təşkilatların
qəbul etdiyi bir sıra sənədlərdə Ermənistanın işğalçı dövlət kimi tanınmasına
nail olmuşdur. Bu da ədalətli bir hadisədir ki, bu siyasət nəticəsində
Xocalı faciəsi dünyanın bir sıra dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən
qətliam və ya insanlığa qarşı cinayət kimi tanınmışdır. Bu işdə ən geniş formada Azərbaycan dövləti
hadisələrin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl diplomatik fəaliyyət
həyata keçirmişdir.
Ermənistan törətdiyi cinayət faktlarını saxtalaşdırmaqla və uydurma
versiyalar irəli sürməklə, reallıqdan tamamilə uzaq olan, həm də sadə məntiqə
sığmayan şərhlər verməklə öz iştiraklarını inkar etsələr də, real vəziyyəti əks
etdirən faktlar, fotosənədlər, video çəkilişləri, şahidlərin verdiyi dəhşətli
ifadələr qarşısında aciz qaldı.
İllər ötdükcə, dünya birliyinin gözü qarşısında baş vermiş bu qanlı
hadisə yaddaşımızda daha dərin izlər buraxır. Dünya tarixində dinc əhalinin
kütləvi qətliamı kimi iz qoyan Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar,
Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir cərgədə dayanır bizim
Xocalımız. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi
yaşayacaq. Biz faciənin acı nəticələrindən dərs alaraq onu gələcək nəsillərə
ötürməliyik. Artıq dünya da Azərbaycan dövlətinin atdığı bütün zəruri addımlar
nəticəsində erməni yalanlarından, erməni qəddarlığından xəbərdardır. Xocalı
faciəsinin xalqımıza qarşı soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin
və beynəlxalq təşkilatlarının qərar və qətnamələrində öz əksini tapıb. Fakt budur ki, Beynəlxalq humanitar hüququn –
xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının – normalarına əsasən, mülki şəxslərə
qarşı zor tətbiqi, girov götürmə və qeyri-insani rəftar müharibə cinayəti hesab
olunur. Torpaqlarımız işğaldan azad olunsa da, indi xalqlar arasında sülhün bərpa
işinə start verilmə prosesi getsə də, tarixdə bir daha faciələrin baş verməməsi
üçün Xocalı hadisələri bu baxımdan ciddi
hüquqi və siyasi qiymətləndirmə predmetidir.
İndi regionda sülhdən danışıldığı zamanda
da, təəssüflə qeyd etmək
lazımdır ki, Xocalı soyqırımı kimi faciəyə gətirib çıxarmış Azərbaycan xalqına
qarşı nifrət və düşmənçilik ideologiyası erməni cəmiyyətinin bəzi təbəqələrində
hələ də qalmaqdadır. Bununla belə, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidentinin apardığı uzaqgörən, uğurlu siyasət Ermənistanı,
nəhayət, böyük sülh masasına əyləşdirəcək,
dövlətimizin ərazi bütövlüyünü tanımağa, beynəlxalq hüquq prinsip və
normalarına uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin
toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında Azərbaycan
Respublikası ilə normal qonşuluq münasibətləri qurmaqla torpaq iddiasından əl çəkməyə
məcbur edəcəkdir. Bütün bunlar isə tezliklə
Cənubi Qafqazda yaşayan bütün xalqların firavanlıq şəraitində yaşayacağını vəd
etməklə yanaşı regionu sülh, sabitlik, inkişaf məkanına çevirəcəkdir.
“Xocalıya ədalət!” çağırışı beynəlxalq kürsülərdən dünyanı
haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa, işğala qarşı mübarizəyə səsləyir.
Bundan məqsəd belə hadisələrin bir daha təkrarlanmasına yol verməmək, Xocalı
faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını tanıtmaq,
ikili standart mövqe tutan dövlətləri, bir sıra beynəlxalq təşkilatları ədalətli
olmağa, haqqın səsinə cavab verməyə dəvət etməkdir.
Bu gün bir qrup erməni cəlladı Azərbaycanın ədalət məhkəməsi qarşısında törətdikləri vəhşi əməllərinə görə cavab verir. Ümidvarıq ki. digər cinayətkarlar da tezliklə ələ keçirilərək məsuliyyətə cəlb olunacaq, heç bir cinayət cəzasız qalmayacaq!

Nuray Əliəskərova
YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
13:32 24.02.2026
Oxunuş sayı: 502