Rəqəmsal fırıldaqçılıq: vətəndaşlar banklar adından necə aldadılır?
Son illər sosial şəbəkələr yalnız ünsiyyət və informasiya mübadiləsi platforması olmaqdan çıxaraq, eyni zamanda fırıldaqçılıq üçün əlverişli mühitə çevrilməkdədir.
Xüsusilə, maliyyə çətinliyi yaşayan vətəndaşların psixoloji həssaslığından sui-istifadə edən şəxslər, “aşağı faizli kredit”, “sürətli maliyyə dəstəyi” kimi cəlbedici vədlərlə insanları aldadaraq, onların şəxsi məlumatlarını və vəsaitlərini ələ keçirməyə çalışırlar.
Məhz bu təhlükəli tendensiyanın növbəti nümunəsi kimi, bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinin saxta versiyalarını yaradaraq, vətəndaşları aldadan gənc şəxsin ifşa olunması göstərir ki, rəqəmsal fırıldaqçılıq artıq cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilib və bu sahədə maarifləndirmə və nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu hal açıq şəkildə dələduzluq cinayətidir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət məsuliyyəti yaradan sanksiyalaşdırılmış bir əməldir. Həmin maddəyə əsasən, dələduzluq şəxsin etibarından sui-istifadə etməklə və ya onu aldatmaq yolu ilə onun əmlakını və ya əmlak üzərində hüququnu ələ keçirməsindən ibarətdir.
Əgər bu əməl nəticəsində vurulmuş zərər müəyyən məbləğlə ifadə olunursa, həmin hal Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq hissəsi ilə tövsif edilir.
Belə ki, zərərin məbləği 5 000 manata qədər olduqda, əməl 178.1-ci maddə ilə qiymətləndirilir və bu halda 1 000 manatdan 2 000 manata qədər cərimə, habelə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Zərərin məbləği 5 000 manatdan 50 000 manata qədər olduqda bu xeyli miqdar, 50 000 manatdan 500 000 manata qədər olduqda küllü miqdar, 500 000 manatdan yuxarı olduqda isə xüsusilə küllü miqdar hesab edilir. Əgər cinayət xeyli miqdarda zərər vurmaqla törədilmişdirsə, Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən 4 000 manatdan 7 000 manata qədər cərimə, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Cinayət küllü miqdarda törədildikdə, Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən şəxs barəsində 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əgər əməl xüsusilə küllü miqdarda törədilmişdirsə, Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə uyğun olaraq cinayət işi başlanır və şəxs 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
Elmir Heydərli
13:48 19.02.2026
Oxunuş sayı: 449