İnsanların razılığı olmadan videosu çəkilib paylaşılırsa...
Son zamanlar şəxsi avtomobillərdə və mənzillərdə quraşdırılan videoqeydiyyat cihazlarının kadrlarının sosial şəbəkələrdə paylaşılması halları xeyli artıb. Bu, yalnız şəxsi həyatı təhlükəyə atmaqla qalmır, eyni zamanda ictimai etikanı da pozur.
Ekspertlər bildirir ki, belə paylaşımlar həm hüquqi, həm də etik problemlər yarada bilər. Cəmiyyət üçün önəmli olan, şəxsi və başqalarının məxfiliyinə hörmət göstərməkdir.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev bu barədə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, hazırda şəxsi avtomobillərdə (videoqeydiyyatçı, “registrator”) və ya mənzillərdə quraşdırılmış müşahidə kameralarının görüntülərinin sosial şəbəkələrdə paylaşılması Azərbaycan qanunvericiliyində birbaşa “qadağan” və ya “icazə” formasında ayrıca maddə ilə tənzimlənmir:

"Lakin bu məsələ bir neçə əsas hüquqi prinsip və norma əsasında qiymətləndirilir.
Əsas yanaşma şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması prinsipidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var.
Şəxsin görüntüsü, davranışı, harada və necə hərəkət etməsi onun şəxsi həyatına dair məlumat sayılır. Bu səbəbdən, videoda aydın şəkildə tanınan şəxsin görüntüsünün onun razılığı olmadan yayılması hüquq pozuntusu kimi qiymətləndirilə bilər.
Fərdi məlumatlar haqqında qanun baxımından da video görüntülər əhəmiyyətlidir. Əgər kadrlarda konkret şəxs tanınırsa (üzü, nömrə nişanı, yaşayış yeri və s.), bu artıq fərdi məlumat hesab olunur. Fərdi məlumatların yayılması isə, bir qayda olaraq, yalnız həmin şəxsin razılığı ilə və ya qanunda nəzərdə tutulmuş hallarda mümkündür.
Sosial şəbəkədə paylaşım isə “yayma” hesab olunur. Cinayət məsuliyyəti riski də mövcuddur. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatına dair məlumatların, foto və video materialların şəxsin razılığı olmadan yayılması cinayət tərkibi yarada bilər. Belə hallarda cərimə, ictimai işlər və ya islah işləri kimi cəzalar tətbiq oluna bilər".
Ekspert bildirib ki, əgər görüntülər açıq şəkildə şəxsi həyat sahəsini əhatə edirsə (mənzil daxili, ailə münasibətləri və s.), risk daha yüksəkdir:
"Bununla yanaşı, mülki məsuliyyət də mümkündür. Video paylaşımı nəticəsində şəxs öz şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatına müdaxilə edildiyini və ya mənəvi zərər gördüyünü əsaslandırarsa, məhkəməyə müraciət edərək, maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər.
Praktikada bəzi istisnalar da mövcuddur. İctimai yerdə baş verən hadisələrin çəkilməsi və paylaşılması bəzən ictimai maraqla əsaslandırıla bilər. Məsələn, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və ya təhlükəli davranış. Lakin bu halda da paylaşım zamanı şəxsin kimliyinin açıq şəkildə ifşa olunmaması, üz və nömrə nişanlarının gizlədilməsi hüquqi riskləri azaldır.
Tam identifikasiya olunan formada paylaşım yenə də problem yarada bilər. Şəxsi avtomobil və ya mənzil kameralarının kadrlarını sosial şəbəkədə paylaşmaq avtomatik olaraq qanuni sayılmır. Əgər görüntülərdə şəxslər tanınırsa və onların razılığı yoxdursa, bu paylaşım şəxsi həyatın toxunulmazlığına və fərdi məlumatların qorunmasına zidd hesab oluna bilər. Belə hallarda cinayət məsuliyyəti, mülki iddia və mənəvi zərərin ödənilməsi tələbi ilə üzləşmək mümkündür".
Fatimə Məmmədova
10:30 19.02.2026
Oxunuş sayı: 1314