Magistraturaya sənəd verənlər narazıdır: Ballar enəcək?
Son günlər magistratura imtahanında iştirak edən abituriyentlərin əsas müzakirə mövzusu imtahanın çətinlik səviyyəsidir. Bir çox namizəd sualların gözləniləndən daha mürəkkəb olduğunu, vaxtın isə kifayət etmədiyini bildirir. Bu cür narazılıqlar hər imtahan sessiyasından sonra səslənsə də, builki reaksiyalar xüsusilə diqqət çəkir. Bəs, həqiqətənmi, imtahan standartlardan kənara çıxaraq daha çətin tərtib olunmuşdu, yoxsa bu, imtahan psixologiyasının və hazırlıq səviyyələrinin təbii nəticəsidir? Əgər çətinlik səviyyəsində real artım müşahidə olunubsa, növbəti imtahanda müəyyən yumşaltmaların edilməsi mümkündürmü? Bu suallar hazırda həm namizədlər, həm də təhsil ictimaiyyəti üçün aktual olaraq qalır.
İxtisas seçimi üzrə mütəxəssis Rəvan Əliyev bu barədə Crossmedia.az-a açıqlama verib:

“İmtahanların təşkili və idarə olunması baxımından Dövlət İmtahan Mərkəzi uzun illər regionda ən sistemli və institusional qurumlardan biri kimi formalaşıb. Bütövlükdə mərkəzin institusional sabitliyi və standartlaşdırılmış qiymətləndirmə modeli təhsil mühitində rəqabətlilik və obyektivlik baxımından mühüm rol oynayır. Hər zaman olduğu kimi magistratura imtahanı ilə bağlı səslənən “imtahan çox çətin idi” fikirləri hər il demək olar ki, təkrar olunur. Bu, daha çox imtahan psixologiyası və gözlənti effekti ilə bağlıdır. İmtahanlar əvvəlcədən təsdiq olunmuş proqram və qiymətləndirmə çərçivəsinə uyğun hazırlanır. Suallar adətən üç kateqoriyaya bölünür: asan, orta və çətin. Yəni imtahan bütövlükdə “çətin” olmur, balans prinsipi qorunur”.
Ekspert qeyd edib ki, şikayətlərin artmasının iki əsas səbəbi ola bilər: “Nirinci meyar – hazırlıq səviyyəsidir. Əgər ümumi nəticələrdə zəifləmə müşahidə olunursa, bu, imtahanın çətinləşməsindən yox, imtahan verənlərin hazırlıq səviyyəsinin əvvəlki illərlə müqayisədə aşağı olmasından qaynaqlana bilər. Bəzən namizədlər proqramın bütün mövzularını sistemli şəkildə mənimsəmir, yalnız test yönümlü hazırlıqla kifayətlənirlər. İkinci meyar isə zaman bölgüsü və strategiyadır. İmtahanda yüksək nəticə təkcə biliklə yox, düzgün taktika ilə bağlıdır. Zamanın səhv bölünməsi, və ya həyəcan faktorunun idarə olunmaması nəticəyə ciddi təsir edir. Bu məntiqlə “sualların asanlaşdırılması” deyə bir məfhum yoxdur. İmtahanın strukturu və çətinlik bölgüsü adətən sabit saxlanılır. Dövlət İmtahan Mərkəzi təkcə imtahan keçirən qurum deyil, Azərbaycanda bilik, ədalət və sosial mobillik anlayışlarını institusional çərçivəyə salan strateji dövlət təsisatıdır. Ümumilikdə imtahanlarla bağlı fikirlər hər zaman fərqli olur. Ancaq bu gün ölkədə ədalətli və şəffaf imtahan modelindən danışırıqsa, bunun arxasında məhz sistemli, prinsipial və dövlətçilik mövqeyinə sadiq bir qurum olan DİM dayanır. Bu isə təsadüf deyil – bu, güclü idarəetmə və məsuliyyətli yanaşmanın nəticəsidir”.
Ayhan
09:20 19.02.2026
Oxunuş sayı: 556