Uşaq dilənçiliyi: sosial problem, məsuliyyətsizlik, yoxsa məqsədli istismar?
Şəhərin səs-küyündə çox vaxt gözümüzün öyrəşdiyi, amma vicdanımızın qəbul etmədiyi bir mənzərə var. Yol gedərkən, metro çıxışlarında, səkilərin kənarında tez-tez uşaq dilənçilərlə rastlaşırıq.
Bəzən balaca bir uşaq tək dayanır, bəzən anasının əlindən yapışıb susqun baxışlarla ətrafı izləyir, bəzən də “əlil”, “xəstə” kimi insanların mərhəmətinə buraxılır. Kimi uşağın əlinə salfet verib satmağa məcbur edir, kimi isə yaşına uyğun olmayan şəkildə dilənçiliyin mərkəzinə çevrilir.
Bu mənzərələr ilk baxışda sadə görünə bilər, amma arxasında ağır sosial problemlər, məsuliyyətsizlik və bəzən də məqsədli istismar dayanır. Ən ağrılı məqam isə odur ki, dilənən uşaq deyil, çox zaman uşaq diləndirilir. Valideyn tərəfindən, yaxınları tərəfindən, bəzən də müəyyən qruplar tərəfindən. Uşaqlıq oyun, təhsil və qorunmaq demək olduğu halda, bu uşaqlar üçün küçə dolanışıq vasitəsinə çevrilir.
Cəmiyyətin hər gün yanından keçib laqeyd qaldığı bu reallıq suallar doğurur: Uşaqlar niyə küçədədir? Onları bu vəziyyətə salan kimdir? Dövlət, valideyn və cəmiyyət bu məsələdə hansı məsuliyyəti daşıyır?
Mövzu ilə bağlı hüquqşünas Xəyalə Hənifəli Crossmedia.az-a öz fikirlərini bildirib. O qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir, onları qorumaq həm ailə, həm də cəmiyyət olaraq bizim borcumuzdur:

“Bəzən küçələrdə azyaşlı uşaqların diləndirildiyini görürük. Lakin unutmayaq ki, bu sadəcə sosial problem deyil — bu, eləcə də hüquq pozuntusudur.
Azərbaycan qanunvericiliyinə əsasən, uşağın dilənçiliyə cəlb edilməsi istismar formasıdır və cinayət məsuliyyəti yaradır. Bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağan edilir və təqsirkar şəxslər cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Əgər bu əməli valideyn və ya qanuni nümayəndə törədərsə, əlavə olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsi əsasında valideynlik hüquqlarından məhrumetmə məsələsi də qaldırıla bilər. Uşaq qazanc vasitəsi deyil. Uşaq hüquq subyektidir və dövlət tərəfindən qorunur”.
Hüquqşünasın sözlərinə görə, əgər hər hansı bir şəxs uşağı istismar məqsədilə dilənçiliyə cəlb edirsə, bu artıq cinayət əməli sayılır:
"Bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.Yetkinlik yaşına çatmayanın istismarı, uşağın dilənçiliyə məcbur edilməsi, maddi qazanc məqsədilə istifadə olunması azadlığın məhdudlaşdırılması, hətta azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər”.
X.Hənifəli qeyd edib ki, valideyn və ya qanuni nümayəndə uşağın hüquq və mənafelərini pozaraq, onu dilənçiliyə cəlb edirsə, bu valideynlik hüquqlarından məhrumetməyə də səbəb ola bilər:
“Bu hal uşağın ailədən alınması ilə nəticələnə bilər. Bəzi hallarda isə əməl cinayət tərkibi yaratmadıqda, inzibati məsuliyyət də yarana bilər. Hüquqi qiymətləndirməsində isə uşağın dilənçiliyə cəlb olunması ilk növbədə uşaq hüquqlarının kobud pozuntusudur”.
Fatimə Məmmədova
10:06 16.02.2026
Oxunuş sayı: 1058