Yas mərasimlərinə yeni QADAĞALAR gəlir
Azərbaycan cəmiyyətində mənəvi dəyərləri yaşadan ən vacib mərasimlərdən biri də yas məclisləridir. Bu mərasimlər yalnız bir ənənə deyil, həm də insanlar arasında həmrəylik, mərhəmət və paylaşma ruhunu gücləndirən mühüm sosial vasitədir. Lakin zaman keçdikcə bəzi hallarda bu məclislərin mahiyyəti arxa plana keçir, forması isə əsas məqsəddən üstün tutulur.
Bu səbəbdən yas mərasimlərinin əsl mənasının yenidən dərk edilməsi və onların sadə, mənəvi dəyərlərə söykənən şəkildə keçirilməsi cəmiyyət üçün olduqca vacibdir. Bunu təmin etmək üçün sosial şəbəkələrdə və cəmiyyətdə gedən müzakirələr yas mərasimlərində yeni qadağaların tətbiq olunacağı ehtimalını yaradıb.
Məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Düşünürəm ki, yas mərasimlərinə insanlar süfrə naminə deyil, mərhumun ailəsinə mənəvi dəstək olmaq, onların ağır gününə şərik çıxmaq üçün qatılmalıdırlar. Bu məclislər dəbdəbədən uzaq, sadə və dinimizin buyurduğu mənəvi dəyərlərə uyğun şəkildə keçirilməlidir. Məclisin əsas məqsədi yas sahibinə təsəlli vermək, onun kədərini bölüşmək və birlik nümayiş etdirmək olmalıdır.

Gələn insanlar bu məclislərdə maddi deyil, mənəvi rahatlıq tapmalı, hörmət və sükunət mühitində iştirak etməlidirlər. Eyni zamanda din xadimləri gəncləri düzgün yol göstərməli, bu kimi mərasimlərin mahiyyətini onlara aşılamalıdırlar.
Bir sözlə, yasa yemək üçün deyil, ağır gündə ölü sahibinə dayaq olmaq üçün getməliyik".
Elmir Heydərli
12:03 12.02.2026
Oxunuş sayı: 552