Sözlə əbədiləşən ömür: Əliağa Kürçaylının Anım günüdür
YADINA DÜŞÜRƏMMİ?
Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?
Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Bu gün Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının vəfatından 46 il ötür. Onun qısa, lakin məhsuldar ömür yolu poeziya ilə nəfəs alan, sözü həyatının mərkəzinə qoyan bir sənətkarın taleyini əks etdirir.
Əliağa Həsənağa oğlu Vəliyev 1928-ci il fevralın 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində dünyaya göz açıb. Sonralar ədəbiyyata Əliağa Kürçaylı imzası ilə gələn şairin uşaqlıq və gənclik illəri çətinliklər içində keçib.
Maddi səbəblər üzündən orta məktəbin 9-cu sinfindən sonra təhsilini yarımçıq qoyan Əliağa Kürçaylı erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib kimi çalışması onun ilk iş təcrübəsi olub.
Bakı Dəmir Yolu Texnikumunda mühasiblər üçün təşkil olunan birillik kursu bitirdikdən sonra baş mühasib vəzifəsinə yüksəlib. Daha sonra Salyan Dram Teatrında eyni vəzifədə işləyib.
Məhz bu illərdə onun daxilində poeziyaya güclü maraq formalaşmağa başlayıb. 1946-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunan “Sənin gözlərin” adlı ilk şeiri Əliağa Kürçaylının ədəbiyyata uğurlu gəlişinin başlanğıcı sayılır.
Gənc şair qısa müddətdə mərkəzi və respublika mətbuatında müntəzəm çıxış etməyə başlayır. Salyan radio qovşağında redaktor kimi çalışır, 1947-ci ildə gənc yazıçıların I Respublika müşavirəsində iştirak edir. Daha sonra Bakıya gələrək, fəhlə gənclər üçün nəzərdə tutulmuş orta məktəbi bitirir və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur.
Bir müddət M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almaq üçün Moskvaya göndərilsə də, mühitə uyğunlaşa bilmədiyi üçün geri qayıdır və ali təhsilini Bakıda davam etdirir. Bu illərdə o, təkcə oxummaqla kifayətlənmir, eyni zamanda mətbuat sahəsində də fəal çalışır. “Kommunist” qəzetində ədəbi işçi, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri kimi fəaliyyəti onun ədəbi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
1955–1957-ci illərdə Moskvada ali ədəbiyyat kurslarının dinləyicisi olan Əliağa Kürçaylı sonralar “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında, “Literaturnıy Azerbaydjan” nəşrində və Azərbaycan Dövlət Nəşriyyatında məsul vəzifələrdə çalışıb. O, eyni zamanda Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik edib, ömrünün son illərində isə “Yazıçı” nəşriyyatının baş redaktoru olub.
Əliağa Kürçaylı yalnız yaradıcılığı ilə deyil, şəxsi həyatı ilə də diqqət çəkib. O, Azərbaycan muğam sənətinin böyük nümayəndəsi Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla ailə qurub. Bu nigahdan bir qızı və bir oğlu dünyaya gəlib.
Şairin zəhməti və ədəbi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1979-cu ildə ona “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı verilib. 1980-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Təəssüf ki, bu mükafat ona ölümündən sonra təqdim olunub.
Əliağa Kürçaylı 1980-ci il fevralın 11-də, cəmi 51 yaşında dünyasını dəyişib. O, qısa ömründə Azərbaycan poeziyasına səmimi, duyğulu və düşündürücü misralar bəxş edərək sözlə yaşayan sənətkar kimi yadda qalıb. Bu gün onun adı çəkiləndə, təkcə bir şair deyil, ədəbiyyata ürəyini verən bir dövrün səsi xatırlanır.
Fatimə Məmmədova
13:16 11.02.2026
Oxunuş sayı: 613