Sülh adı altında işğal: Türkmənçayla bölünən Azərbaycan
Bu gün – 10 fevral Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmış hadisələrdən birinin ildönümüdür. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində çar Rusiyası ilə Qacarlar dövləti arasında imzalanan müqavilə təkcə iki imperiya arasındakı müharibəyə son qoymadı, eyni zamanda Azərbaycan torpaqlarının süni şəkildə parçalanmasının hüquqi əsasına çevrildi. Bu sənəd sonradan xalqın kollektiv yaddaşına “Türkmənçay faciəsi” kimi həkk olundu.
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda möhkəmlənmək planları Azərbaycan torpaqlarını əsas hədəfə çevirmişdi. 1804–1813-cü illər Rusiya–Qacar müharibəsindən sonra imzalanan Gülüstan müqaviləsi bölgədə müvəqqəti sakitlik yaratsa da, bu “sülh” uzunömürlü olmadı. Rusiyanın işğalçı siyasəti, artan hərbi-siyasi təzyiqlər iki dövlət arasında münasibətləri yenidən gərginləşdirdi və 1826-cı ildə ikinci Rusiya–Qacar müharibəsi başlandı.Müharibənin ilk mərhələsində Qacar ordusu Araz çayını keçərək Şuşanı mühasirəyə aldı, Salyan, Talış, Şirvan, Şəki və Qarabağ ərazilərində nəzarəti ələ keçirdi, Gəncə dairəsinə qədər irəlilədi. Lakin çar Rusiyası qısa müddətdə əks-hücuma keçərək Şəmkir, Gəncə və digər döyüşlərdə üstünlük qazandı və itirilmiş mövqeləri geri aldı. 1827-ci ilin əvvəlinə qədər hərbi əməliyyatlar əsasən mövqe xarakteri daşıdı.Bu dövrdə Rusiya gələcək sülh müqaviləsinin şərtlərini əvvəlcədən diktə etmək məqsədilə 1826-cı il 16 sentyabr tarixli “Bəyannamə” ilə siyasi mövqeyini açıq şəkildə ortaya qoydu. Qacarlar dövlətinin danışıqlarla vəziyyəti dəyişmək cəhdləri nəticə vermədi. Əksinə, rus qoşunları yeni hücuma keçdi: 1827-ci ilin iyununda Naxçıvan, az sonra Abbasabad qalası, payızda isə İrəvan və Təbriz işğal olundu. Qacarlar dövləti faktiki olaraq ağır hərbi-siyasi vəziyyətlə üz-üzə qaldı.Təzminat məsələsində yaranan fikir ayrılıqları danışıqları bir müddət dalana dirəsə də, rus ordusunun Urmiya və Ərdəbili tutması Qacarları geri addım atmağa məcbur etdi. Nəticədə 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Türkmənçay kəndində tarixə qara hərflərlə yazılan müqavilə imzalandı.
16 maddədən ibarət Türkmənçay müqaviləsi formal olaraq “əbədi sülh və dostluq” vəd etsə də, mahiyyət etibarilə birtərəfli və ədalətsiz şərtlər üzərində qurulmuşdu. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verildi, Araz çayı iki tərəf arasında sərhəd xətti kimi müəyyənləşdirildi. Bununla da Azərbaycan xalqı tarixində ilk dəfə olaraq siyasi-coğrafi baxımdan parçalandı. Qacarlar dövləti Rusiyaya 20 milyon gümüş manat təzminat ödəməyə məcbur edildi, Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya tanındı.
Müqavilənin ən ağır nəticələrindən biri isə demoqrafik siyasətlə bağlı idi. Xüsusilə 12–15-ci maddələr ermənilərin Cənubi Azərbaycandan və Osmanlı ərazilərindən kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsinə hüquqi zəmin yaratdı. 1828–1830-cu illərdə on minlərlə erməni ailəsi Qarabağ, İrəvan və Gəncə xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi, onlara geniş imtiyazlar və böyük torpaq sahələri verildi. Bu proses regionun etnik balansını süni şəkildə dəyişdirdi və gələcək münaqişələrin əsasını qoydu. Tarixçilərin qeyd etdiyi kimi, Türkmənçay müqaviləsi Azərbaycan üçün iki əsas faciəvi nəticə doğurdu:
birincisi, Azərbaycanın Şimali və Cənubi hissələrə bölünməsi,
ikincisi isə ermənilərin tarixi Azərbaycan torpaqlarına planlı şəkildə köçürülməsi.
Bu köçürmələr sonrakı onilliklərdə bölgədə etnik qarşıdurmaların, XX əsrdə isə açıq zorakılıq və soyqırımı siyasətinin əsasını təşkil etdi. 1905–1906, 1918–1920, 1948–1953 və 1988–1994-cü illərdə Azərbaycan türklərinin kütləvi deportasiyalara və qırğınlara məruz qalması məhz həmin tarixi proseslərin davamı idi.
Bununla belə, hüquqi baxımdan Türkmənçay müqaviləsi bu gün qüvvədə olmayan sənəddir. 1969-cu il Vyana Konvensiyasına əsasən, bu cür müqavilələr müasir beynəlxalq hüquq baxımından etibarsız sayılır.
Nə çar Rusiyası, nə Qacarlar dövləti mövcuddur və onların imzaladığı sənədlər bugünkü reallıqlara hüquqi öhdəlik yaratmır.Azərbaycan xalqı isə tarix boyu Arazın hər iki sahilində öz torpaqlarında yaşamış, dövlətçilik ənənələrini qorumuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Qarabağ və Şərqi Zəngəzurun azad olunması bir daha sübut etdi ki, tarixi ədalət gec də olsa bərpa olunur. Türkmənçay müqaviləsi ilə çəkilən süni sərhədlər xalqın yaddaşından silinməsə də, Azərbaycan bu gün öz suverenliyini və təhlükəsizliyini təmin edən əsas güc olaraq regionda söz sahibidir.
Fatimə Məmmədova
11:40 10.02.2026
Oxunuş sayı: 381