Valdas Dambrauskas: "Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"
"Sabah"ın Misli Premyer Liqasının XIX turunda "Araz-Naxçıvan" üzərində qazandıqları böyükhesablı qələbə (4:1) möhtəşəm idi.
Crossmedia-az xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas oyundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
"Futbolçularımı təbrik edirəm, möhtəşəm qələbə idi. Oyunçularım bu gün necə istəkli və qələbəyə ac olduqlarını göstərdilər. Məğlub etdiyimiz "Zirə" və "Araz-Naxçıvan" turnir cədvəlinin yuxarı sıralarında qərarlaşan top-komandalardır, heyətlərində çox təcrübəli oyunçular var".
Baş məşqçi azarkeşlərin sayının az olmasından təəssüfləndiyini gizlətməyib:
"Azarkeşlərimizi də təbrik edirəm, lakin matçlarımıza daha çox tərəfdarın gəlməsini istəyərdim. Bu gün sayları az idi. Qollar vurulanda azarkeşlərin bunun canlı şahidi olmalarını arzulayırdım. Artıq ilk hissənin 16-cı dəqiqəsinə qədər üç qol vurmuşduq. Daha çox fərqlənə bilərdik. İkinci hissəni də yaxşı səviyyədə keçirdik, dördüncü qolumuz isə möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı toxunulmaz saxlayaq, amma ən vacibi nəticədir". (Report)
19:44 08.02.2026
Oxunuş sayı: 504