“Başqaları üçün yaradılanlarla fəxr edin”- Mendeleyevin doğum günü
Bu gün, 8 fevral –dünyanın istənilən ölkəsində məktəbə gedən hər bir şagirdin kimya dərsliyində qarşısına çıxan, elementləri nizama salan möcüzəvi cədvəlin müəllifinin doğum günüdür. Kimya elmini sistemə salan, xaosu qaydaya çevirən Dmitri İvanoviç Mendeleyev məhz bu tarixdə dünyaya göz açıb. Təsadüfi deyil ki, 8 fevral elm tarixində müasir kimyanın başlanğıc nöqtələrindən biri kimi qəbul olunur.
Elementlərə düzən gətirən zəka
Müasir kimya elmini Mendeleyevsiz təsəvvür etmək mümkün deyil. O, kimyəvi elementlərin dövri sistemini yaratmaqla yalnız öz dövrünün deyil, gələcək əsrlərin də elmi düşüncə tərzini müəyyənləşdirdi. XIX əsrdə yaşayan bu böyük alim elementlərin təkcə mövcud xüsusiyyətlərini deyil, hələ kəşf olunmamış maddələrin belə xassələrini əvvəlcədən hesablaya bildi. Bu, sadəcə bilik yox, elmi uzaqgörənliyin zirvəsi idi. Lakin etiraf edək ki, bəzən şagirdlər Mendeleyevin yaratdığı cədvələ baxar və çətinlik çəkdiklərinə görə üzülərlər...
Dmitri Mendeleyev 1834-cü il fevralın 8-də Rusiyanın Tobolsk vilayətində, 17 uşaqlı bir ailənin ən kiçik övladı kimi dünyaya gəldi. Onun uşaqlıq illəri asan keçmədi. Atasının erkən vəfatı, ailənin maddi çətinlikləri və Sibirin sərt şəraiti gələcək alimin xarakterini formalaşdırdı. Anası Mariya Dmitriyevna isə Mendeleyevin həyatında həlledici rol oynadı. O, bütün gücünü və imkanlarını oğlunun təhsilinə sərf etdi. Mendeleyev sonralar yazırdı ki, elmə olan sevgisinin təməlində məhz anasının əməyi və fədakarlığı dayanır.
Elmi cəsarət və tarixi kəşf
Mendeleyev elementləri sadəcə sıralamadı, o, onların arasında daxili qanunauyğunluq tapdı. 1869-cu ildə təqdim etdiyi dövri cədvəl elmdə inqilab yaratdı. Bu cədvəldə boş xanaların saxlanılması onun nə qədər cəsarətli alim olduğunu göstərirdi. Çünki o, hələ tapılmamış elementlərin mütləq mövcud olacağına inanırdı. Zaman Mendeleyevi haqlı çıxardı: skandium, qallium, germanium kimi elementlər sonradan tapıldı və onların xüsusiyyətləri alim tərəfindən demək olar ki, dəqiqliklə əvvəlcədən təsvir edilmişdi.
“Atom sisteminin Koperniki”
Mendeleyev təkcə kimyaçı deyildi. O, fizika, meteorologiya, geofizika, neft sənayesi, kənd təsərrüfatı, metrologiya və hətta iqtisadiyyat sahələrində də fundamental işlər görmüşdü. Məhz buna görə məşhur alim Con Bernal onu “Atom sisteminin Koperniki” adlandırmışdı. Onun üçün elm laboratoriya divarları ilə məhdudlaşmırdı – Mendeleyev elmi həyatın özündə axtarırdı.
Müəllimlik və şəxsiyyət nümunəsi
Mendeleyev üçün elmdən sonra ən müqəddəs missiya müəllimlik idi. Onun mühazirələri tələbələr üçün sadəcə dərs yox, düşüncə məktəbi idi. Akademik Vernadski sonralar yazırdı ki, Mendeleyevin mühazirələri gənc beyinlərdə yeni ideyaların doğulmasına səbəb olurdu. Alim eqoist fərdiyyətçiliyi rədd edir, “Başqaları üçün yaradılanlarla fəxr edin” deyərək elmin kollektiv dəyərini önə çəkirdi
Mendeleyev 1907-ci ildə vəfat etsə də, onun yaratdığı dövri sistem yaşayır, inkişaf edir və hər gün milyonlarla şagirdin, tələbənin, alimin yolunu işıqlandırır. 1955-ci ildə 101-ci elementə onun şərəfinə “mendelevium” adı verilməsi də bu ölümsüzlüyün rəsmi təsdiqi oldu. YUNESKO isə onu bütün dövrlərin ən böyük alimlərindən biri kimi tanıdı.
Fatimə Məmmədova
18:57 08.02.2026
Oxunuş sayı: 397