“Marsol Minifutbol Turniri 2025” başa çatdı – Çempion bəlli oldu
32 komandanın iştirakı ilə 23 noyabr 2025-ci il tarixində start götürən ənənəvi “Marsol Minifutbol Turniri 2025” uğurla yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, turnirin final mərhələsi 6 fevral 2026-cı il tarixində Bakı Tennis Akademiyasında keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində baş tutan final oyununda penaltilər seriyasında “KOBİA” komandası “Global Logistics” üzərində 4:1 hesablı qələbə qazanaraq turnirin qalibi olub. “Global Logistics” komandası ikinci yerə layiq görülüb.
Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə “SOCAR GİPRO” komandası “Birbank” üzərində 3:2 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Turnirin yekununda qalib və mükafatçılara kubok, medal və müxtəlif hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində Marsol Group-un təsisçisi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Minifutbol Federasiyasının (AMF) İcraçı vitse-prezidenti Taleh Nəsibov, həmçinin turnirin tərəfdaş və sponsorlarının nümayəndələri iştirak ediblər.
Turnirin tərəfdaşları KOBİA, Marsol Group, İCMA və AMF, təşkilatçısı QOLAT Sport Services, baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru Modern Hospital, promo tərəfdaşı isə Moon Group olub.
Təşkilatçılar turnirdə iştirak edən bütün komandalara və tərəfdaşlara təşəkkür edir, idman və fəaliyyətlərində davamlı uğurlar arzulayıblar.
18:54 07.02.2026
Oxunuş sayı: 485