Naxçıvan Konstitusiya dəyişikliyinə gedir: Muxtar respublikanın statusu ləğv olunur?
Müasir dövrdə dövlət idarəetmə modelinin təkmilləşdirilməsi, hüquqi sistemin yenilənməsi və idarəçilik mexanizmlərinin dəyişən regional və qlobal reallıqlara uyğunlaşdırılması bir çox ölkələr üçün prioritet məsələlərdən birinə çevrilib. Azərbaycan Respublikasında da son illər həyata keçirilən siyasi, hüquqi və institusional islahatlar dövlət idarəçiliyinin daha çevik və effektiv model üzərində qurulmasına xidmət edir. Xüsusilə 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra regionda formalaşan yeni geosiyasi vəziyyət ölkənin daxili idarəetmə sistemində də müəyyən yenilənmələri zəruri edib.
Bu kontekstdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər yalnız hüquqi xarakter daşımır, eyni zamanda dövlət idarəçiliyinin mərkəzi və yerli institutlar arasında daha səmərəli əlaqələndirilməsi, hüquqi harmonizasiyanın gücləndirilməsi və yeni siyasi reallıqlar fonunda idarəetmə modelinin təkmilləşdirilməsi baxımından aktuallıq kəsb edir. Aparılan dəyişikliklər həm Naxçıvanın hüquqi statusu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib, həm də muxtar respublikanın gələcək idarəçilik istiqamətləri barədə siyasi və hüquqi baxımdan geniş təhlillərə səbəb olub.
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı Məzahir Əfəndiyev:

"Naxçıvan hər zaman Azərbaycanın ayrılmaz hissəsi olmuş, zəngin tarixi və mədəni irsə malik bir ərazi kimi formalaşmışdır. Zaman və dövr dəyişdikcə, regionda dövlətlərarası münasibətlər təkmilləşdikcə, Naxçıvan Muxtar Respublikasının idarəetmə tarixində də mühüm dəyişikliklər baş vermişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatlarının yekunu olaraq Azərbaycan Respublikası öz tam suverenliyini bərpa etmiş və regional siyasətdə yeni reallıqları formalaşdırmışdır. Bu proseslər regionda siyasi və təhlükəsizlik balansına mühüm təsir göstərmişdir. Bu gün Dördüncü Sənaye İnqilabının yeni çağırışları, dünya siyasi arxitekturasında baş verən dəyişikliklər, yeni ticarət-iqtisadi dəhlizlərin yaradılması, ikitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi Azərbaycan Respublikasının dövlət idarəetmə siyasətinə də təsir etmiş, qanunvericilik təşəbbüslərinin aktivləşdirilməsini zəruri etmişdir. Fevral ayının 2-də Milli Məclisin 2026-cı il üçün ilk yaz sessiyasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında qanun layihəsi ikinci səsvermə üçün müzakirəyə çıxarılmışdır.
Deputat əlavə edib ki, qəbul olunan sənəddə bir sıra mühüm düzəliş və əlavələr edilmişdir ki, bu da Azərbaycan Prezidentinin və dövlətin mərkəzi idarəetmə siyasətinə müsbət təsir göstərəcəkdir: "Həmin dəyişikliklər Azərbaycanın xarici siyasətində Naxçıvan əhalisinin və ərazisinin maraqlarının daha dolğun nəzərə alınmasına, transmilli və regional təşəbbüslərin milli maraqlara uyğun şəkildə formalaşdırılmasına imkan yaradacaqdır. Xüsusilə Konstitusiyanın 3-1-ci maddəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsbit edilməsi mərkəzi hakimiyyətlə daha düzgün və səmərəli əlaqələndirməni təmin etməyə xidmət edir. Türk dövlətləri ilə dərinləşən inteqrasiya, regionda davamlı sülhün təmin olunması, Qərb–Şərq istiqamətində dayanıqlı iqtisadi inkişafın təşviqi bundan sonra da davam etdiriləcək və region xalqlarının rifahının daha da yüksəlməsinə töhfə verəcəkdir".
Hüquqşünas Yalçın Hacızadə:

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş son dəyişikliklər ölkə ictimaiyyətində maraqla qarşılandı. Bildirim ki, dəyişikliklərinmahiyyətinə baxdıqda daha çox muxtar respublikanın idarəetmə sisteminin Azərbaycan Respublikasının ümumi konstitusion və inzibati-hüquqi modelinə daha sıx inteqrasiyasını hədəflədiyini görmək olur.
Edilən yeniliklər sırasında Konstitusiyanın preambula hissəsində mühüm dəyişiklik xüsusi diqqət çəkir. Belə ki, əvvəlki redaksiyada Naxçıvanın hüquqi statusunun 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələrinə söykənməsi açıq şəkildə qeyd olunduğu halda, yeni dəyişikliklə bu istinadlar preambuladan çıxarılıb. Bu addım hüquqi-texniki xarakter daşısa da, tarixi və siyasi əhəmiyyəti var".
Hüquqşünas bildirib ki, Naxçıvan tarixi Azərbaycan torpağıdır, bu tarixdən də bəllidir, lakin Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi tanınmasının beynəlxalq-hüquqi əsaslarını formalaşdırıb: "1924-cü ildə Naxçıvanın muxtar respublika statusu rəsmiləşdirilmiş, sonrakı dövrlərdə bu status həm SSRİ dövründə, həm də müstəqil Azərbaycan Respublikasında qorunub saxlanılıb.
Bununla belə, preambuladan həmin müqavilələrə istinadın çıxarılması Naxçıvanın muxtar statusunun avtomatik ləğvi demək deyil. Naxçıvan Muxtar Respublikasının statusu birbaşa Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunub. Bu statusun dəyişdirilməsi və ya ləğvi yalnız ümumrespublika səviyyəsində konstitusion dəyişikliklər yolu ilə mümkündür. Muxtar respublikanın öz Konstitusiyasında aparılan dəyişikliklər bu hüquqi reallığı aradan qaldıra bilməz.
Baş verən dəyişikliklər daha çox idarəetmənin mərkəzləşdirilməsi, hüquqi harmonizasiya və dövlət idarəçiliyində vahid mexanizmin formalaşdırılması məqsədi daşıyır. Tarixi sənədlərə istinadın preambuladan çıxarılması isə Naxçıvanın hüquqi statusundan çox, onun konstitusion əsaslarının formalaşdırılma üsuluna dair yanaşmanın dəyişməsi kimi qiymətləndirilir.
Nəticə etibarilə, hazırkı mərhələdə Naxçıvan Konstitusiyasına edilən dəyişikliklər muxtar respublikanın statusunun ləğvinə yönəlməyib. Bununla belə, preambula ilə bağlı dəyişikliklər gələcəkdə Naxçıvanın idarəçilik və statusunun hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı siyasi və hüquqi müzakirələri aktuallaşdırır".
Ayhan
12:00 07.02.2026
Oxunuş sayı: 489