Bu məsum körpənin günahı nə idi?.. - Zəlzələnin dəhşətli həqiqətləri
6 fevral 2023-cü il Türkiyə tarixinin, eyni zamanda insanlıq yaddaşının ən ağrılı səhifələrindən biri oldu. Həmin gün səhər saat 04:17-də Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ saniyələr içində minlərlə evi yerlə-yeksan etdi, ailələri bir-birindən ayırdı, həyatları yarımçıq qoydu. Cəmi bir neçə saat sonra – günorta saat 13:24-də Elbistan mərkəzli 7,6 bal gücündə ikinci güclü yeraltı təkan fəlakətin miqyasını daha da böyütdü. Kahramanmaraş başda olmaqla Hatay, Qaziantep, Adıyaman və digər vilayətlərdə bütöv yaşayış məntəqələri xəritədən silindi.Bu dəhşətli faciə nəticəsində on minlərlə insan həyatını itirdi, yüz minlərlə ailə evsiz-eşiksiz qaldı, minlərlə uşaq valideynsiz, minlərlə valideyn övladsız qaldı. Zəlzələdən sonra dağıntılar altından gələn səslər ümidlə qorxu arasında çırpınan insanların taleyinə çevrildi. Günlərlə, hətta həftələrlə ailə üzvlərinin çıxarılmasını gözləyənlər oldu; bəziləri yaxınlarını sağ tapmaq ümidi ilə gecə-gündüz dağıntılar başında göz yaşı tökdü, bəziləri isə sevdiklərinin cansız bədənlərinə yalnız günlər sonra qovuşa bildi. Tapılan hər bir meyit, hər bir xəbər bir ailənin həyatında dərin və sağalmaz bir yara açdı.
Bu zəlzələ təkcə binaları deyil, insanların zaman və məkan hissini, təhlükəsizlik duyğusunu, gələcəyə olan inamını da dağıtdı. Lakin bütün bu ağrıların içində insanlıq və həmrəylik nümunələri də özünü göstərdi. Xilasetmə qrupları, könüllülər, müxtəlif ölkələrdən gələn yardım dəstələri fəlakət bölgəsində həyatla ölüm arasında qalan insanlara ümid işığı oldular.
Azərbaycan bu ağır gündə də qardaş Türkiyənin yanında olduğunu bir daha sübut etdi. Azərbaycanın humanitar, mənəvi və siyasi dəstəyi ilk günlərdən etibarən ön sırada yer aldı, bu həmrəylik iki xalqın “bir millət, iki dövlət” fəlsəfəsinin təkcə söz deyil, əməl olduğunu göstərdi. Bu mənəvi dəstək təkcə maddi yardımlarla deyil, ədəbiyyat və söz vasitəsilə də ifadə olundu.Azərbaycan isə yardımını hər zamankı kimi qardaş ölkəyə əsirgəmədi. Dəstəklər, köməklər...
Həmçinin, bunu ədəbiyyatda da görə bilərik.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin “Nöqtə qədər həyat işığı” adlı hekayəsi məhz 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş vermiş 7,7 bal gücündə zəlzələni mərkəzə alaraq, gənc bir ananın və körpəsinin sağ qalmaq uğrunda apardığı mübarizəni təsvir edir.

Bu tədqiqat sözügedən hekayəni psixoanalitik tənqid, struktur (yapısal) təhlil və izlek (tematik) analiz metodları əsasında araşdıraraq, fərdi travmaların və insan ruhunun fəlakət qarşısındakı dözümünün ədəbiyyat vasitəsilə necə ifadə olunduğunu üzə çıxarmağı məqsəd qoyur. Hekayədə hadisələr xronoloji ardıcıllıqla inkişaf etsə də, zəlzələ anında təqdim olunan şüur axını, detallı təsvirlər və personajların psixoloji dərinliyi dramatik gərginliyi daha da artırır. Əsas mövzular sırasında ana–övlad bağı, həyatla ölüm arasındakı mübarizə, ümid, inam, ictimai həmrəylik və humanitar yardım xüsusi yer tutur. Hekayənin baş qəhrəmanı Ayşə həm fiziki, həm də mənəvi baxımdan sağ qalmaq mübarizəsi aparır; onun körpəsinə bəslədiyi sevgi və qoruma instinkti nəqlin mərkəzində dayanır. Fəlakətin xaotik mühiti itirilmiş zaman–məkan hissi və xilasetmə qruplarının nümayiş etdirdiyi həmrəylik vasitəsilə ümid müstəvisinə daşınır.Nəticə etibarilə “Nöqtə qədər həyat işığı” fərdi travma ilə ictimai fəlakətin güclü ədəbi ifadəsidir. Hekayə insan iradəsi, ana sevgisi və həmrəylik ideyalarını bir araya gətirərək, ədəbiyyatın həm estetik, həm də etik bir missiya daşıya bildiyini nümayiş etdirir. Bu hekayə Azərbaycan ədəbiyyatında qardaş Türkiyənin yaşadığı faciəyə mənəvi dəstəyin bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Hekayə barədə Crossmedia.az-a danışan Zemfira Məhərrəmli bir daha vurğulayıb ki, 6 fevral günündə baş verən və bütün Türk dünyasını titrədən güclü zəlzələ hamını sarsıtmış və hər birimizin içində ağır bir təəssüf, zərər çəkən insanlara qarşı böyük bir rəhm hissi, yardım əli uzatmaq istəyi yaranmışdı:
"Ölkələr və qurumlar imkan daxilində çalışırdı ki, Türkiyəyə kömək etsin, dəstək göstərsin. Həmin günlərdə mən də fikirləşirdim ki, Türkiyədə baş verən bu dəhşətli zəlzələnin qurbanlarının ağrısını bəlkə bir hekayə şəklində qələmə alım. Sosial şəbəkələri izləyirdim, televiziyada yayımlanan xəbər proqramlarında hadisələri diqqətlə izləyənlərdən biri idim.
O zaman mənə zəlzələdən zərər çəkmiş insanların acı həyat hekayələri haqqında qısa-qısa məlumatlar çatırdı. Məsələn, Türkiyədə həm atasını, həm də anasını itirmiş uşaqların olduğu, onların yetimxanalara yerləşdirildiyi bildirilirdi. Hətta müraciətlər edilirdi ki, hər iki valideynini itirmiş bu körpələrə kimsə sahib çıxsın, onları övladlığa götürsünlər. Mən o vaxt başqa bir hadisə ilə də qarşılaşdım. Çox qısa məlumat idi: bir qadın cəmi 14 günlük körpəsi ilə birlikdə uçulmuş binaların birində dağıntılar altında qalmışdı və bir neçə gün sonra ana ilə körpə sağ-salamat uçqunların altından çıxarılmışdı. Bu hadisə dəhşətli olduğu qədər, sonundakı xilasa görə həm də böyük sevinc doğuran bir xəbər idi.
Məlumat çox qısa olsa da, mən onu genişləndirmək, öz fantaziyamı və təxəyyülümü də qataraq, ananın övladını qorumaq üçün göstərdiyi səyləri, çəkdiyi iztirabları yazmaq istədim. Qeyd edim ki, hekayədə bəzi adları dəyişmiş, simvolik adlardan istifadə etmişəm, amma hadisənin özü real həyat faktlarına əsaslanır".
Həmsöhbətimiz hekayənin məzmununu danışıb:
"Malatyada yaşayan gənc bir ailə var idi. Ayşə Aykut adlı hamilə qadın doğuş üçün Malatyadan Kahramanmaraşa gəlməli olur. Onun qaynatası Kahramanmaraşda həkim idi, qaynanası isə klinikalardan birində tibb işçisi kimi çalışırdı.
Onlar məsləhət görürlər ki, Ayşə övladını dünyaya gətirmək üçün Kahramanmaraşa, onların evinə gəlsin. Gənc ər-arvad razılaşır və Ayşə həyat yoldaşı ilə birlikdə qayınatasının evinə köçür. Doğuş uğurla keçir və gözəl bir qız uşağı dünyaya gəlir. Gecə saatlarında uşaq oyanır, ana ona yemək vermək üçün qucağına alır. Saat 04:17-ni göstərirdi. Körpəsini əmizdirən ana onu yenidən yuxuya vermək istəyirdi ki, birdən döşəmənin ayağının altından qaçdığını hiss edir.
Bina güclü şəkildə silkələnir, hər şey alt-üst olur. Ana yalnız körpəsinin qucağında olduğunu düşünərək otağın bir küncünə sığınır. O anda bina çökməyə başlayır. Ana və cəmi 14 gün əvvəl dünyaya gəlmiş Ahu adlı körpə beton və daş yığınları arasında dar bir boşluqda qalırlar. Şükür ki, nəfəs ala bilirdilər. Bir neçə saniyə ərzində hər şey darmadağın olur. Ayşə özündən çox körpəsini düşünürdü. Bu məsum körpənin günahı nə idi ki, belə ağır bir sınaqla üzləşmişdi? Saatlar keçir, günlər ötür. Körpə üşüyür, ağlayır, ana isə şaxtalı soyuqda, uçqunlar arasında onu qorumağa çalışır. Daş qırıntıları Ayşənin qollarını, dizlərini yaralayırdı.
Ana tez-tez körpəni qucaqlayır, onu isitməyə çalışır, əlləri ilə başını örtürdü ki, yuxarıdan tökülən daşlar körpəyə zərər verməsin. Bir müddət sonra Ayşə hiss edir ki, artıq südü kəsilir. Nə su içmişdi, nə yemək yemişdi. Körpə ac qalır və ağlamağa başlayır. Ana çıxılmaz vəziyyətdə qalır. Körpənin aclıqdan tələf olacağından qorxur. Çarəsizlik içində ağzındakı tüpürcəyi toplayaraq, onu hissə-hissə körpəsinin ağzına verir. Körpə əvvəlcə bu dadı tanımır, amma başqa yol da yox idi. Ana göz yaşları içində bunu təkrar-təkrar etməyə çalışır. Bir an gəlir ki, Ayşə artıq hər şeyin bitdiyini düşünür. Elə bu anda səslər eşidilir – insanların danışığı, axtarış itlərinin səsi. Ana bütün gücü ilə dua edir. Birdən qaldıqları yerə balaca, nöqtə boyda bir işıq düşür. Ayşə anlayır ki, bu işıq onların həyat işığıdır.
Xilasetmə işləri başlayır. Uçqunlar ehtiyatla sökülür və ana ilə körpə sağ-salamat çıxarılır. Onları xərəkdə apararkən Ayşə gözlərini açıb ətrafa baxır və xilasetmə qrupunun üzvlərindən bəzilərinin sinəsində Azərbaycanın bayrağını görür. O anlayır ki, onları xilas edənlər arasında qardaş Azərbaycanın xilasetməçiləri də var.
Bu detal mənim üçün çox önəmli idi və hekayədə xüsusi vurğulamışam. Çünki Kahramanmaraş və digər bölgələrdə baş verən bu dəhşətli zəlzələ zamanı Azərbaycan xilasetməçiləri canlarını riskə ataraq yüzlərlə insanın həyatını xilas etmiş, həlak olanların cəsədlərini çıxarmışdılar. Bu, qardaş köməyi idi, Azərbaycan xalqının Türk xalqına olan ürəkdən dəstəyi idi. Sonra ana ilə körpəni təyyarə ilə xəstəxanaya aparırlar. Həkimlərin nəzarətindən keçirlər. Şükürlər olsun ki, həm ana, həm də körpə sağ qalır və həyata yenidən qayıdırlar".
Fatimə Məmmədova
09:30 06.02.2026
Oxunuş sayı: 791