Simonyan: İrəvan və Bakı sülh gündəliyində xeyli irəliləyib
Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Sergey Lavrovla görüşdə bildirib ki, İrəvan Rusiyaya qarşı heç bir addım atmağı planlaşdırmır və ölkə Rusiyayla əlaqələrin qorunmasında maraqlıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Simonyanın sözlərinə görə, Ermənistanda bu məsələyə dair başqa anlayış yoxdur. O qeyd edib ki, müharibədən sonra ilk günlərdən etibarən İrəvan regionda vəziyyətin tənzimlənməsi üçün səylər göstərib və bu istiqamətdə müəyyən nəticələr əldə olunub.
Spiker vurğulayıb ki, İrəvan və Bakı sülh gündəliyində xeyli irəliləyib və yaxın vaxtlarda real sülh müqaviləsinin imzalanması gözlənilir ki, bu da hər iki ölkənin gələcəyi baxımından vacibdir.
“Rusiyada Ermənistanın Rusiya əleyhinə hansısa addım atmağa çalışdığı barədə təəssüratın yaranmasını istəmirəm. Rusiya bizim üçün dost və müttəfiq dövlətdir, baxmayaraq ki, müzakirə edilməli olan məsələlər mövcuddur”, – deyə Simonyan bildirib.
O əlavə edib ki, bu məsələlər Rusiya XİN rəhbəri Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında, eləcə də iki ölkənin liderləri səviyyəsində müzakirə olunur.
Simonyanın sözlərinə görə, Ermənistanda “ya bizimləsən, ya da bizə qarşısan” yanaşması mövcud deyil və bu cür baxış ölkənin maraqlarına uyğun sayılmır. O həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqenin məlum olduğunu, lakin Ermənistanın verdiyi suallara hələ də cavab almadığını qeyd edib.
Spiker Rusiyadan səslənən bəzi açıqlamaların Ermənistan cəmiyyətində narahatlıq doğurduğunu da vurğulayıb. Onun sözlərinə görə, Moskvanın mövqeyi Ermənistan üçün önəmlidir və Rusiyanın müttəfiq kimi qəbul edilməsi bu gün də qüvvədədir, buna görə də sərt bəyanatlar cəmiyyətdə ağrılı qarşılanır.
Qeyd edək ki, Alen Simonyan fevralın 7-dək davam edəcək rəsmi səfər çərçivəsində Moskvadadır.
15:57 05.02.2026
Oxunuş sayı: 442