Azərbaycan məhkəməsinin ermənilərlə bağlı çıxardığı hökm ədalətin təntənəsidir - Açıqlama
Son illərdə bölgədə baş verən hadisələr, xüsusilə 44 günlük Vətən müharibəsi, Azərbaycanın hüquq və ədalət sistemi qarşısında tarixi bir çağırış yaratmışdır. Müharibə zamanı azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlər yalnız milli yaddaşımızda deyil, həm də hüquqi müstəvidə ciddi iz qoymuşdur. Dövlətimiz bu məsələni diqqətdən kənarda qoymayaraq, qanunverici və məhkəmə orqanları vasitəsilə hər bir cinayətkarın məsuliyyətə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. 2023-cü ilin 20 sentyabrında keçirilmiş lokal xarakterli anti-terror əməliyyatları nəticəsində Azərbaycan ərazisində azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş bir qrup şəxs – o cümlədən Arutunyan və digərləri – həbs edilmiş, Bakıya gətirilərək barələrində istintaq tədbirləri aparılmışdır. Aparılan istintaq və şahid ifadələri nəticəsində onların törətdikləri hərbi və mülki cinayətlər sübuta yetirilmişdir.
Məhkəmə prosesləri nəticəsində bu şəxslərə qarşı ədalətli hökmlər çıxarılmış, bəzi cinayətkarlara ömürlük, digərlərinə isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilmişdir. Bu qərarlar yalnız hüquqi baxımdan deyil, həm də milli vicdan və ədalət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu gün Azərbaycan məhkəməsində barələrində hökm çıxarılmış şəxslər azərbaycanlılara qarşı hərbi və insanlıq əleyhinə cinayətlər törətmiş, mülki əhalinin qanına əli bulaşmış cinayətkarlardır. 44 günlük Vətən müharibəsindən sonra dövlətimiz tərəfindən həmin şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Nəhayət, 2023-cü il 20 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində bu cinayətkarların bir qismi saxlanılaraq Bakıya gətirilmiş və barələrində geniş istintaq aparılmışdır. İstintaq materialları, eləcə də şahid ifadələri onların Azərbaycan xalqına qarşı ağır cinayətlər törətdiyini hüquqi müstəvidə tam şəkildə sübuta yetirmişdir".
O bildirib ki, bu baxımdan məhkəmənin çıxardığı qərarlar tam ədalətlidir: "Cinayətlərin ağırlıq dərəcəsinə uyğun olaraq bəzi təqsirləndirilən şəxslər ömürlük azadlıqdan məhrum edilmiş, digərlərinə isə 20 ilə qədər həbs cəzası verilmişdir. Bununla belə, məhkəmə prosesindən sonra erməni lobbisinin təsiri altında olan bəzi xarici dairələr tərəfindən Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirilmişdir. Bu qüvvələr dünya miqyasında yenidən qarayaxma kampaniyalarına başlayaraq, cinayət törətmiş şəxsləri “hərbi əsir” kimi təqdim etməyə və onların azadlığa buraxılmasına nail olmağa çalışacaqlar. Lakin beynəlxalq hüquq normalarına əsasən, soyqırımı, terror aktları, işğal və mülki əhaliyə qarşı zorakılıq törətmiş şəxslər hərbi əsir hesab edilə bilməz. Azərbaycan məhkəməsinin çıxardığı hökm hüquqa, ədalətə və beynəlxalq prinsiplərə tam uyğundur".
Deputat, həmçinin bu baxımdan kimin hansı fikri səsləndirməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz mövqeyində qəti olduğunu qeyd edib: "Xalqımıza qarşı ağır cinayətlər törətmiş şəxslər layiqli cəzalarını almış və alacaqlar. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi mövcuddur və gələcəkdə sülh müqaviləsinin imzalanması gözlənilir. Artıq iki ölkə arasında iqtisadi əlaqələrin formalaşması istiqamətində addımlar atılır və bu münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına xidmət edir. Ermənistan dövləti və hakimiyyəti də anlayır ki, Azərbaycanda həbsdə olan bu şəxslər cinayətkardır və onların azad olunması ilə bağlı rəsmi mövqe sərgiləmirlər. Bu səbəbdən, erməni lobbisinin təsiri altında olan dairələrin və ya Ermənistanda radikal müxalifətin səsləndirdiyi fikirlər bizim üçün həlledici deyil. Azərbaycan müstəqil dövlətdir, beynəlxalq hüquqa hörmət edir və qəbul etdiyi qərarlar ədalətə əsaslanır".
Elmir Heydərli
17:04 05.02.2026
Oxunuş sayı: 1515