Azərbaycan gəncləri ölkəmizdə keçirilən bütün dünya səviyyəli tədbirlərdə əsas aparıcı qüvvəyə çevriliblər - DEPUTAT
2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq sahəsi üçün əlamətdar bir il kimi diqqət çəkir. Bu il ölkəmizdə şəhərlərin planlaşdırılması və memarlığın təşkili ilə bağlı bir sıra mühüm qərarlar, strategiyalar və beynəlxalq tədbirlər həyata keçiriləcək. Bu, təkcə paytaxt Bakının deyil, bütün bölgələrin müasir urbanistik simasının formalaşması baxımından vacibdir. Ölkədə aparılan planlı infrastruktur layihələri, yeni memarlıq həlləri və şəhərsalma standartları həm cəmiyyətin gündəlik həyatına təsir göstərəcək, həm də Azərbaycan şəhərlərini beynəlxalq səviyyədə tanıdacaq.
Belə bir il həm də gənclər üçün unikal təcrübə imkanları yaradacaq. Universitetlərdə bu sahə üzrə təhsil alan tələbələr, beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunacaq seminar və master-klasslarda iştirak edəcək, real layihələrdə həm könüllü, həm də təşkilatçı kimi təcrübə qazanacaqlar. Bu, onların gələcəkdə peşəkar memar və şəhərsalma mütəxəssisi kimi formalaşmasına zəmin yaradacaq.
Eyni zamanda, ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi uğurlar daxili inkişafla yanaşı, beynəlxalq etimadın artmasına da səbəb olur. Ölkədə beynəlxalq forumlar, idman, mədəniyyət və humanitar tədbirlər yüksək standartlara uyğun keçirilir ki, bu da mövcud infrastrukturun keyfiyyətini və şəhərlərin hazırlıq səviyyəsini nümayiş etdirir. 2026-cı il şəhərsalma və memarlıq ilinin elan olunması, həm də bu uğurların davamlılığı və gələcək inkişaf üçün strateji addımların atılması üçün vacib zəmindir.
Bu baxımdan, 2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq sahəsində həm praktik, həm də təhsil yönümlü uğurların, beynəlxalq təcrübənin və strateji layihələrin ilinə çevriləcək.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Crossmedia.az-a açıqlama verib: "Cənab Prezidentin 2026-cı ili “Şəhərsalma və Memarlıq ili” elan etməsi ölkəmizdə bu sahə ilə bağlı bir çox məsələlərin müzakirə olunacağını, həllini tapacağını, eləcə də genişmiqyaslı beynəlxalq tədbirlərin keçiriləcəyini deməyə əsas verir. Xüsusilə bu il On üçüncü Dünya Şəhərsalma Forumunun Azərbaycanda təşkil olunması mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu forum Birləşmiş Millətlər Təşkilatının şəhərsalma sahəsində ən böyük və nüfuzlu tədbiri hesab olunur və onun Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir. Bu, eyni zamanda, müstəqil Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycan bütün sahələrdə stabil və dinamik inkişaf edən ölkə kimi tanınır. Xarici siyasətdə milli maraqlara əsaslanan balanslı və praqmatik xətt yürüdülür. Bunun nəticəsidir ki, artıq təkcə Bakı şəhərində deyil, bölgələrimizdə də dünya səviyyəli beynəlxalq tədbirlər keçirilir".
Deputat əlavə edib ki, bunlara iri idman yarışları, humanitar forumlar, mədəniyyət tədbirləri və digər mötəbər toplantılar daxildir: "Bütün bunlar Azərbaycanda yüksək standartlara cavab verən müasir infrastrukturun formalaşdığını sübut edir. Bakı şəhəri bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi ölkəmizə gələn qonaqları valeh edir. “Şəhərsalma və Memarlıq ili” çərçivəsində isə həm Bakıda, həm də regionlarda bu sahə üzrə mühüm layihələrin və işlərin həyata keçiriləcəyinin şahidi olacağıq. Ənənəvi olaraq, böyük beynəlxalq şəhərsalma forumlarında Azərbaycan gəncləri də fəal iştirak edəcəklər. Onlar bu tədbirlərdə həm könüllü kimi, həm də məsul vəzifələrdə yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan gəncləri ölkəmizdə keçirilən bütün dünya səviyyəli tədbirlərdə əsas aparıcı qüvvəyə çevriliblər. Onların göstərdikləri xidmətlər, təşkilatçılıq bacarıqları artıq beynəlxalq səviyyədə qəbul olunur və yüksək qiymətləndirilir".
O, söyləyib ki, bu il ərzində memarlıq və şəhərsalma sahəsində bir sıra vacib forumların, konfransların və tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Bu tədbirlər həm paytaxtda, həm də regionlarda təşkil olunacaq və gənclər bu proseslərdə aktiv iştirak edəcəklər. Xüsusilə bu sahə üzrə təhsil alan universitet tələbələri üçün geniş imkanlar yaranacaq. Onlar müxtəlif master-klasslarda iştirak edəcək, dünyanın tanınmış mütəxəssisləri ilə ünsiyyət quracaq, yeni bilik və təcrübələr əldə edəcəklər. Bütün bunlar gənclərimizin gələcəkdə memarlıq və şəhərsalma sahəsində yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcək. Azərbaycan gəncləri fəal, vətənpərvər və təşəbbüskardırlar. Onlar artıq beynəlxalq tədbirlərdə təkcə könüllü kimi deyil, eyni zamanda təşkilatçı qismində də vacib vəzifələr icra edərək zəngin təcrübə qazanıblar. Düşünürük ki, bu il keçiriləcək forumlarda və digər tədbirlərdə də onların təcrübəsindən geniş şəkildə istifadə olunacaq".
Ayhan
10:44 04.02.2026
Oxunuş sayı: 1442