"Qarabağ" futbolçu aldı - Elvin gedir?
"Qarabağ" heyətini yeni əcnəbi oyunçu ilə gücləndirəcək.
Crossmedia.az xəbər verir ki, "atlılar" Kiprin "AEK Larnaka" klubundan sol cinah müdafiəçisi Jeremi Nyalinin transferini başa vurub.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov fransız futbolçunun yaxın günlərdə Bakıya gələcəyini bildirib.
Qeyd edək ki, həmin cinahda Elvin Cəfərquliyevin oynaması azarkeşlərdə onun gedəcəyi ilə bağlı suallar yaradıb. Hələlik bu barədə rəsmi açıqlama olmasa da, ötən günlərdə Almaniya Bundesliqasının aparıcı klublarından olan "Bayer" Leverkuzenin Elvini transfer siyahısına daxil etdiyi deyilirdi.
Məlumata görə, klub rəhbərliyi yay transfer pəncərəsində azərbaycanlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Qeyd edilir ki, Leverkuzen təmsilçisi Elvini, yayda "Barselona"ya satılması gözlənilən Alixandro Qrimaldonun potensial əvəzləyicisi kimi görür.
Alman klubunun bu transfer üçün 10-15 milyon avro civarında büdcə ayırmağa hazır olduğu bildirilir. Hazırda "Qarabağ"ın formasını geyinən futbolçunun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir və bazar dəyəri 1,5 milyon avro olaraq göstərilir.
Bundan əlavə, "Gettesport" agentliyinin iddiasına əsasən, "Fənərbağça" futbol klubu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevi transfer etməyi planlaşdırır.
Məlumata görə, İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün təqribən 10 milyon avro ödəməyə hazırdır.
Həmçinin qeyd edilir ki, Elvin Cəfərquliyev Fransa və İtaliya klubları tərəfindən də diqqətlə izlənilir. (Ölkə.az)
14:08 02.02.2026
Oxunuş sayı: 533