Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm qoyur – Ekspert
Son illərdə turizm sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. Xüsusilə postpandemiya dövründə ölkədə turizmin bərpası və genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb, həm daxili, həm də xarici turizmdə əhəmiyyətli artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında xarici turistlərin xərcləri 3 milyard manatı, yerli turistlərin isə yanvar–sentyabr aylarında 4,5 milyard manatı ötüb. Dövlət Turizm Agentliyinin proqnozlarına görə, ilin sonuna qədər turizm gəlirlərinin 9 milyard manatı keçəcəyi gözlənilir ki, bu da sahənin ölkə iqtisadiyyatında strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Mövzu ilə bağlı İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, turizm üzrə ekspert Ceyhun Məmmədov Crossmedia.az-a bildirib ki, Azərbaycan turizmi hazırda keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur: "Azərbaycan turizminin “yeni inkişaf mərhələsi” dedikdə artıq təkcə turist sayının artması yox, sektorun keyfiyyətcə transformasiyası və strateji şəkildə bazarlara çıxışı nəzərdə tutulur. Bu mərhələ xidmət standartlarının yüksəldilməsi, turizm məhsullarının şaxələndirilməsi, regionların aktiv turizm dövriyyəsinə cəlb olunması ilə yanaşı, ölkənin beynəlxalq turizm bazarlarında peşəkar şəkildə marketinqinin qurulması və brend kimi mövqeləndirilməsi ilə xarakterizə olunur”.
Ekspertin sözlərinə görə, son göstəricilər turizmin artıq bərpa mərhələsini arxada qoyduğunu və davamlı inkişaf fazasına keçdiyini təsdiqləyir: "Kənan Quluzadənin vurğuladığı artan göstəricilər göstərir ki, turizm artıq bərpa mərhələsini geridə qoyaraq davamlı inkişaf fazasına keçib. Əsas məqsəd kütləvi axından çox, hədəfli marketinq vasitəsilə daha çox xərcləyən, məmnun qalan və ölkəyə təkrar qayıdan turist modelini formalaşdırmaqdır. Bu isə Azərbaycan turizminin struktur olaraq daha peşəkar və rəqabətqabiliyyətli mərhələyə daxil olduğunu göstərir”.
Mehriban Yariyeva
13:37 02.02.2026
Oxunuş sayı: 628